Xalq “hə” deyir, referendumda dəyişikliklərin detalları - təfsilat

 
Referenduma sayılı günlər qalır...
 
Politika.Az 26 sentyabrda Kontitusiyaya ediləcək əlavə və düzəlişlərlə bağlı maarifləndirici silsilə yazıları davam etdirir.
 
Bu faktları ictimaiyyətə və oxuculara təqdim etməkdə məqsəd referendumda vətəndaşlar üçün nələrin nəzərdə tutulduğunu məlumatlandırmaqdır.
 
Bu dəfəki yazıda Referendum Aktı layihəsinin 36-cı maddəsindən bəhs edirik. Bu təklif olunan dəyişiklik əmək hüququ əsasında işləyənlərin hüquqlarının müdafiəsini özündə ehtiva edir və elə bu səbəbdən də kifayət qədər böyük ictimai maraq doğurur.
 
Bu məqsədlə müvafiq maddəyə edilən dəyişikliyə lokaut anlayışı əlavə edilib. Məlum olduğu kimi, Əmək Məcəlləsində işçilərin tətil, işəgötürənin isə lokaut hüququ təsbit olunub.
 
Dəyişikliyə əsasən isə əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular və mülki şəxslər isə tətil etmək hüququna malik deyil.
 
Dəyişikliklərə əsasən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, konstitusion səviyyədə lokautun tətbiqi qadağan edilib.
 
Referendum Aktı layihəsində böyük ictimai maraq və rezonansa səbəb olan dəyişikliklər sırasında 85-ci maddənin I hissəsi üzərində xüsusi dayanmaq lazımdır.
Söhbət müvafiq olaraq parlament və prezident seçkilərində tətbiq olunan yaş məhdudiyyətinin optimal tənzimlənməsindən gedir.
 
Məlum olduğu kimi, mövcud qanunvericiliyin tələbinə əsasən, Azərbaycan vətəndaşı 35 yaşına qədər prezident, 25 yaşına qədər Milli Məclisin deputatı, 30 yaşına qədər baş nazir yaxud hakim, 21 yaşına qədər isə bələdiyyə üzvü seçilə bilməz.
 
Təqdim olunan dəyişikliklərə əsasən, 18 yaşlı gəncin Milli Məclisin üzvü seçilməsinə hüquqi əsas yaranmış olacaq. Bundan savayı, prezident seçkilərində tətbiq olunan yaş senzi (35 yaş) ilə bağlı məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur.
 
Müqayisə üçün qeyd edək ki, Fransada da prezident seçilmək üçün heç bir yaş senzi mövcud deyil. Bu dəyişikliklər ölkəmizdə gənclərin özünütəsdiqi və inkişafı baxımından gənclər siyasətinin təntənəsi hesab oluna bilər.
 
Konstitusiyanın 101-ci maddəsinin I hissəsində edilən dəyişiklik nəticəsində isə Azərbaycanda prezidentlik müddətinin 5 ildən 7 ilə yüksəldilməsi nəzərdə tutulub.
Obyektivlik naminə qeyd edək ki, anoloji praktika bir çox ölkələrdə - İtaliya, İrlandiya, İsrail, Qazaxıstan, Tacikistan, Özbəkistan və s. uğurla tətbiq olunmaqdadır. İctimai-siyasi sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın qorunub saxlanılması mənafeyinə xidmət göstərir.
 
Xatırladaq ki, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Azərbaycan Konstitusiyasında dəyişiklər edilməsi üçün ümumxalq səsverməsi – referendumun keçirilməsinə əhalinin münasibətini öyrənmək məqsədilə sorğu keçirib.
 
Sorğu avqustun 5-dən 14-dək Bakının Binəqədi, Səbail və Sabunçu rayonları, Siyəzən, Şabran və Qubada səsvermə hüququna malik olan ümumilikdə 475 respondent arasında şifahi və yazılı şəkildə aparılıb.
 
Sorğunun ümumi nəticələrinə görə, respondentlərin 92 faizi referendumun keçirilməsinin və nəzərdə tutulan dəyişiklərin vacibliyini vurğulayaraq, lehinə səs verəcəklərini bildiriblər. Rəyi soruşulanların 3 faizi prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasının, 4 faizi vitse-prezidentlik postunun yaradılması, 1 faizi isə dəyişikliklərin əleyhinə olduğunu söyləyiblər.