​"Xaləddin İsgəndərov dövlətin sakinlərə ayırdığı pulu mənimsəyir" - ETİRAZ

 
Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Motodrom yeni yaşayış massivinin sakinləri etiraz aksiyası keçiriblər. Belə ki, "Avtovağzal" metrostansiyasının depo ərazisinə düşən 65 evin sökülməsi nəzərdə tutulub.
 
Missiya.Az musavat.com-a istinadən xəbər verir ki, 100-ə yaxın sakin qəsəbənin mərkəzində toplaşıb, narazılıqlarını ifadə ediblər. Onlar mənzillərinə veriləcək olan kompensasiyanın azlığından şikayətçidirlər: "Metronun "Avtovağzal" stansiyasının ərazisinə düşən 65 evin sökülməsi nəzərdə tutulub. Biz bunun əleyhinə deyilik. Ancaq mənzillərimizin hər kvadratmetri üçün verilən kompensasiya çox azdır. 10 gün əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun qəbuluna getdik, bizi qəbul etmədi. İcra nümayəndəsi ilə xəbər yolladı ki, mənzillərinin kvadratmetri 600 manatdan hesablanacaq. Kompensasiyanın az verilməsinin səbəbkarı icra başçısıdır”.
 
Sakinlər onu da bildirdilər ki, məsələ ilə bağlı iki gün əvvəl Prezident Adminstrasiyasına ərizə ilə müraciət ediblər. Müraciət kompensasiyanın azlığı ilə bağlı olub. Məktuba cavab olaraq bildirilib ki, kompensasiyanın 500 manatdan hesablanması mümkün deyil və bu problemə baxılacaq.