​Vəzifəsinə son verilən nazirdən şikayət: “60.000 manat pulun…” – FOTOLAR

Qarabağ müharibəsi əlili Əmək və Sosial Müdafiə Nazirliyinin bəzi işçilərindən şikayət edir.
Minval.info-ya müraciət edən Qarabağ müharibəsi əlili Ucar rayon sakini Abdullayev Rahib nazirliyin bəzi işçilərinin onun üçün ayrılmış vəsaiti mənimsədiyini deyib. Müharibə iştirakçısının sözlərinə görə, o müharibədə yaralandığından onun üçün yaşadığı Ucar rayonu Qazqumlaq kəndində yeni mənzil tikilib.
Bu mənzil üçün 60 min AZN ayrılıb və tikilib qurtardıqdan sonra Qarabağ əlilinə təhvil verilib. Ancaq 2-ci qrup əlil Rahib Abdullayev bu evə heç köçə də bilməyib, çünki ev yararsız haldadır: “Ucar rayonu Qazqumlaq kəndində dövlət vəsaiti hesabına mənzil inşa edilib. Həmin mənzilin tikintisinə 2017-ci ilin mart ayında başlanıldı və həmin ilin dekabr ayında mənim istifadəmə verilib. Buna dair mənə sənəd də təqdim edilib. Ancaq hələ yaşamağa başlamadığımız ev sökülüb dağılır. Evin qapıları, pəncərələri əyilib, tikinti işləri tamamlanmayıb. Qaz-işıq çəkilməyib. Bütün bunlara baxmayaraq həmin evi mənim istifadəmə verib çıxıb gediblər. Bu evdə isə yaşamaq qeyri mümkündür. Buna görə hazırda ailəmlə birlikdə kirayədə yaşamağa məcburam”.
Qarabağ əlili düşünür ki, Nazirliyin əməkdaşları 60 minin böyük bir hissəsini talan edib və ona görə də, evi yarımçıq qalıb: “Həmin evin inşası üçün 60.000 manat pulun ayrıldığı bildirilsə də gözlə görünən budur ki, burada külli miqdarda talançılığa yol verilib. Dövlət bu qədər vəsait ayırır ancaq  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin məsul şəxsləri bu pulun böyük hissəsini özlərinə götürür və geri qalanı ilə yarımçıq işlər görür. Qarabağ müharibəsi əlilinə bu qədər əziyyət verən şəxs barədə ciddi tədbirlərin görülməsini istəyərdim”.
Artıq Əmək və Sosial Müdafiə Nazirliyi ilə bağlı şikayətlərin sayı onlarla, bəlkə də yüzlərlədir. Qeyd edək ki,  şikayətçinin bəhs etdiyi dövrlərdə vəzifə başında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən azad edilib. Hazırda bu vəzifəni Sahil Babayev icra edir.
Minval.İnfo

Загрузка...
Загрузка...