​Vəzifəli şəxsin evində baş vermiş dəhşətli hadisə barədə YENİ FAKTLAR

 
 
 
Bu gecə Abşeron rayon Hökməli qəsəbəsi Koroğlu küçəsində yerləşən yaşayış evində baş vermiş partlayışla bağlı araşdırma aparılır.
Lent.az-ın hadisə yerində olmuş əməkdaşı xəbər verir ki, prokurorluq əməkdaşlarının apardığı ilkin araşdırmadan sonra əraziyə qaz-qəza xidmətinin əməkdaşları gəliblər. Hazırda evin yaxınlığındakı qaz xəttinin torpaqdan çıxarılması istiqamətində iş aparılır.
 
Bədbəxt hadisə ilə üzləşmiş ailənin qonşuları bildirirlər ki, təxminən səhər saat 5 radələrində partlayış səsinə oyanıblar. Partlayış o qədər güclü olub ki, evin damı küçənin əks tərəfindəki həyətə düşüb. Yataq otağının altına-zirzəmiyə yığılmış qazın partlaması nəticəsində evin döşəməsi tamamilə yerindən çıxıb, mənzildəki əşyalar küçəyə, həyətə dağılıb. Hadisə vaxtı yataq otağında yatmış 3 yaşlı Banıçiçək isə yerindən çıxmış döşəmədən evin zirzəmisinə düşüb və oradaca keçinib.
 
Qonşuların və əraziyə gəlmiş şəxslərin köməkliyi ilə ailə başçısı Müşfiq Qurbanlı, həyat yoldaşı Şəbruz Novruzova və onların 12 yaşlı qızı Leyla xəstəxanaya çatdırılıb və onların vəziyyətlərinin hələ də ağır olduğu bildirilir.
 
Hadisənin başvermə səbəbinə gəlincə, ilkin ehtimala görə, partlayış evin yaxınlığından keçən qaz boru xəttindən baş vermiş sızma nəticəsində olub. Yəni borudan sızan qaz mənzilin zirzəmisinə toplanıb. Mənzilin bir neçə metrliyində kanalizasiya quyusunun olması isə qazın burada toplanması və kanalizasiya xətti ilə hamama və digər otaqlara dolması variantını da gündəmə gətirib.
 
Qeyd edək ki, Respublika Yanıq Mərkəzindən Lent.az-a bildirilib ki, 44 yaşlı Şəbruz Novruzova, həyat yoldaşı Müşfiq Qurbanlı və 12 yaşlı qızı Leyla Qurbanlı hazırda reanimasiyadadır. Həkimlər ana və qızının vəziyyətinin daha ağır olduğunu bildirirlər.
 
Onu da qeyd edək ki, Ş.Novruzova tanınmış cərrah, M.Qurbanlı isə “Azəravtoyol” ASC-nin aparat rəhbəridir.