’Əvvəlcə 3 saata yaxın xüsusi işgəncə otağında qaldım’’

 ‘
 
Jurnalist Pərviz Həşimli yeni adlar və faktlar açıqladı; sabiq vicdan məhbusu həbsindən 3 il sonra “MTN işi”ndə zərərçəkən kimi tanınmasını tələb edir
Sentyabrın 17-də sabiq vicdan məhbusu Pərviz Həşimlinin MTN tərəfindən şərlənərək həbs olunmasından 3 il ötdü. Bu ilin martında əfv sərəncamı ilə azadlığa çıxan P.Həşimli bu gün barədə sosial şəbəkədəki statusunda xatırlatma edib və ilginc açıqlama verib
 
Musavat.com xəbər verir ki, sabiq vicdan məhbusu facebookdakı səhifəsində 17 sentyabr 2013-cü ildə həbsindən sonra mənzilinə silahlı hücuma rəhbərlik edən və 5 yaşlı uşağının oyuncaqları arasında silah qoyan MTN zabitinin fotolarını təqdim edib. P.Həşimli statusunda yazıb: “17 sentyabr 2013-cü il. Bu tarixdə Azərbaycanin Milli Təhlükəsizlik Nazirliyində kök salmış Eldar Mahmudov və onun mütəşəkkil cinayətkar dəstəsi mənə və ailəmə qarşı ağır cinayətə imza atdı.
 
 
 
Bu fotoda gördüyünüz adam həm mənim, həm də MTN tərəfindən saxta ittihamlara şərlənən insanların mənzilinə silah qoyan adamdır. Çingiz Hacıyev adlı bu adam Anti-Terror Mərkəzində bölmə rəisi işləyib. Eldar Mahmudovun “vurulmasından” sonra MTN-dən qovulub. MTN rəhbərliyinin cinayətinin qurbanlarından biri kimi yaxın günlərdə Baş Prokurorluğa mənə qarşı ittihamın qurama olduğunu, sifarişlə həyata keçirildiyini isbata yetirən faktlar təqdim edəcəm. Bəraət üçün ciddi əsaslarım var”.
 
Musavat.com-a açıqlamasında isə P.Həşimli 3 il öncə baş vermiş hadisənin detallarını açıqladı. Dedi ki, onu həbs edəndən sonra MTN-nə aparıblar: “Əvvəlcə 3 saata yaxın xüsusi işgəncə otağında qaldım. Orada xüsusi işgəncə avadanıqları vardı. Adamı ayağından asmaq üçün zəncirdən tutmuş, barmaqları arasına qoyub sixmaq üçün alətə qədər vardı. 3 saat o otaqda işgəncə anını gözlədim. Mən orada olanda evimə basqın eləmişdilər. Pəncərələri sındırıb, evə dolmuşdular. Həmin vaxt hamilə həyat yoldaşım və 5 yaşlı qızım evdə olub. Olaydan 3 gün sonra yoldaşım bətnindəki uşağı itirdi. Zeynəbin dərin travması oldu və bir neçə ay həkim nəzarətində qalıb. Həbsdən sonra mənə və ailəmə qarşı cinayəti həyata keçirilənləri, bu işdə saxta şahid rolunu oynayanları araşdırdım. Çingiz Hacıyev adlı bu adamı da tapdım. Qarşılaşdıq və telefonun kamerasını işə salıb, ondan bu alçaq əməlinin səbəbini soruşdum. O isə qaçdı. Yaşına, başına baxmadan qaçdı. Hazırda Baş Prokurorluğa müraciətim var, istintaqın və məhkəmənin qanunsuzluqlarını faktlarla, hüquqi əsaslarla sübut edəcəm. Hesab edirəm ki, "MTN işi"ndən zərərçəkənlərdən biri kimi prokurorluq məni də tanımalıdır”.