Vüqar Muradov: “...Məni soyundurub, döyməyiblər” - FOTOLAR

Turaninfo.az saytı xəbər verir ki, müğənni Vüqar “Yeni Müsavat”ın qonağı olub.
- Artıq yayın ikinci ayını yaşayırıq. İstirahətə üstünlük verən, yoxsa yaradıcılıqla məşğul olan sənətçilərdənsiniz? 
 
- Hələ ki, dincəlməmişəm, qohumların Nabranda bağ evi var, arada ora gedirəm. Yaradıcılıq işlərimlə məşğulam. Mövsümə uyğun dinamik mahnılar yazdırıram. Keçən dəfə “Ben yanıldım, hayat” mahnısını evdə oxuyub, “İnstagram” səhifəmə yüklədim, bəyənildi. Ona görə studiyaya girib gecə ilə mahnını yazdırdım, mahnıya klip çəkdirəcəyəm. Türkiyədə də ifamı bəyəniblər, “Kanal A”-ya qonaq olaraq dəvət ediblər. Üzeyir Mehdizadə ilə çalışıram, mənə yeni mahnı da hazırlayıb. O, savadlı musiqiçi və aranjemançıdır, ifaçının səsindən gözəl anlayır. Onunla işbirliyim uğurlu alınır. Bundan əlavə, Qax rayonunda hesabat konserti vermək istəyirəm. Çünki vaxtı ilə qaxlılar bir olub mənə “Yeni ulduz”da dəstək olublar. Düşünürəm ki, doğulduğum torpaqda təmənnasız konsert vermək boynumun borcudur.
 
- Türkiyə telekanalından təklif gəldiyini dediniz, bir çox sənətçimiz böyük məbləğdə pul xərcləyib qardaş ölkə şou-biznesinə qatılır, efirlərə çıxır. Sizin belə bir fikriniz var?
 
- Mən heç kimə heç nə deməmişəm. Onlar mənim ifamı bəyənib proqrama dəvət etdilər. Çünki ürəyimi studiyada qoyub “Ben yanıldım, hayat” mahnısını oxudum, heç kimi təkrarlamadım, özüm kimi oxudum. Heç vaxt Türkiyə şou-biznesinə qoşulmaq istəməmişəm. Oraya gedib pul tökmək niyyətim yoxdur. Təklif gələrsə, dəyərləndirərəm. Amma öz təşəbbüsümlə orada fəaliyyət göstərməyə maddi gücüm və həvəsim yoxdur.
 
- “Yeni ulduz-6” mahnı müsabiqəsində qalib olduqdan sonra tanınmağa başladınız. Etiraf edək ki, müsabiqənin qalibləri və iştirakçılarının çoxu unuduldu. Bunun səbəbi nədir? İştirakçılarla münasibətləriniz necədir?
 
- Bəziləri ilə gözəl münasibətim var. Mən tanınan iştirakçılardan oldum. Səs tembrim, xarici görünüşüm, boyum Allahın mənə verdiyi mükafatdır ki, məni digərlərindən fərqləndirdi, insanların yaddaşında daha yaxşı qaldım. Qaliblər çox olsa da, unuduldu. Qaliblərdən biri, dostum Rəcəb rəhmətə getdi, ruhu şad olsun. Digərləri isə gündəmdən uzaqlaşıb.
 
- Hazırda müğənnilərin sayı-hesabı olmasa da, Azərbaycanda ailələr o dövrdə övladının müğənnilik etməsini istəmirdi, bu sənətə qeyri-ciddi yanaşırdılar. Müğənnilik fəaliyyətiniz “Yeni ulduz” ilə başladı, yoxsa öncələr də oxuyurdunuz? Ailəniz müsabiqəyə qatılma istəyinizi necə qarşıladı?
 
- Mən müğənniliyə 2006-cı ildə başlamamışam, 1994-cü ildə, 11 yaşım olanda başlamışam. Bütün rayon tədbirlərində, toy və el şənliklərində çıxış etmişəm, müsabiqələrdə qalib olmuşam. 16 yaşımda anam məni Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə düzəltdi, rayonlarda konsertlərimi təşkil etdi. Anam mənim prodüserim, day-dayım, sponsorum və menecerim idi. O rəhmətə gedəndən sonra qol-qanadım sındı, sağ olsaydı, mənə dəstək olardı. Bəlkə də, indi daha yüksək yerlərdə idim. Anam mənim gücümü aparıb getdi, anamın vəfatından sonra “Yeni ulduz”a qatıldım. Müsabiqə mənim üçün pillə idi, adladım. Mən sadəcə oxudum, xalq məni birinci seçdi. İndi xalqımın sayəsində dolanıram.
 
- Son dövrdə müğənnilər özləri mahnı yazıb, özləri də oxuyur. Bəstəkarlar isə bildirirlər ki, müğənnilər onlara müraciət etmədiyi üçün yeni mahnılar yüksək səviyyədə deyil. Onların iradlarına münasibətiniz necədir?
 
- Mən də özüm yazıb, özüm oxuyuram. Qaxa aid ləhcə ilə “Mən Qaxımı seviyəm”, “Şəmkirim” mahnılarını yazmışam. Müğənni öz səsini daha yaxşı tanıyır, mahnı yazması da normaldır. Burada qəbahət yoxdur. Böyük bəstəkarlar mənə mahnı təqdim ediblər, səsimə düşməyib. Mən Cahangir Cahangirovdan, Qara Qarayevdən unudulmaz əsərlər oxumuşam. Onların əsərləri unudulmazdır. Amma bizim indi ifa etdiklərimizin aqibəti bilinmir.
 

- Müğənnilər də hazırda şou-biznesdə durğunluq olduğunu etiraf edir. Yaranmış vəziyyət sizi narahat edirmi? 
 
- Bütün dünyada olduğu kimi bizdə də şou-biznes var. Bəzən Azərbaycanda şou-biznesi toy biznesi adlandırırlar. Mən bu fikirlə razı deyiləm, toyda da şou göstərib qazanc əldə edirsən. Şou-biznesimiz toydan ibarət olduğu üçün çətinlik çəkirik. Xaricdə müğənni bilir ki, studiyaya girib 2-3 ay ancaq albom üzərində işləyəcək və sonra albomdan milyonlar qazanacaq. Ona görə də rahat-rahat sənətilə məşğul olur, başı maddi və məişət problemlərinə qarışmır. Müğənni yüklənməməlidir, sakit yaşamalıdır. İşlədiyim prodüser və menecerlər məni qane etmir. Ona görə mənə gələn zənglərə özüm cavab verirəm, bu hal da psixologiyamı pozur.
 
- Öz sözünü demiş, təcrübəli prodüserlər də var. Onlara niyə müraciət etmirsiniz?
 
- Heç vaxt heç birinə işbirliyi təklif etməmişəm. Biz - Qax bölgəsinin nümayəndələri quru bəylərik, qürurluyuq. Mən deyə bilmərəm ki, məni efirlərə çıxar, məşhur et. Bir az da kompleksli adamam, çəkinmişəm ki, işbirliyi təklif edərəm, razı olmazlar. Özləri təklif etsə, bu haqda düşünərəm, təkliflərə açığam. Mənim hər işimi görəcək prodüser olsa, qazancmı yarı-yarıya bölərəm. Elə rahat olaram. İndi öz şəxsi məsələlərimi, məişət problemlərini də tək həll edirəm. Mənim sadə adamlar kimi yaşamağım yaradıcılığıma mənfi təsir göstərir. Bilmirəm ki, mahnı oxuyum, meyvə-tərəvəz alım, yoxsa ayaqqabı tikdirim. Problemlərim çoxdur. Yaradıcılığıma vaxt qalmır. 10 ildir ki, şou-biznesdəyəm, amma hələ istədiyim pillədə deyiləm.
 
- Bəlkə də, tənbəlsiniz, adi məsələləri gözünüzdə çox böyüdürsünüz...
 
- Tənbəl olduğumu qəbul edirəm. Bundan əlavə səs tonum qəlizdir, bariton səs elədir ki, ya opera oxumalısan, ya da pop, toyxana mahnısı oxuyursansa, səsinə uyğun mahnı seçməlisən. Bariton səs dünyada ən çox axtarılan, tələb olunan səs tembridir. Əfsuslar olsun ki, Azərbaycanda vokal, operanı az insan dinləyir. Mən də toydan qazanc əldə etdiyim üçün 6/8 oxuyuram. O da səs tellərimə ziyan edir.
 
- Son zamanlar xalq artistləri, sənətkarlarla gənc ifaçılar arasında tez-tez qalmaqal yaşanır, bir-birlərini təhqir edirlər. Sizcə, bu münasibətlər necə tənzimlənməlidir?
 
- Mənim başıma belə hadisə gəlməyib. Hər iki tərəfdə səhv ola bilər. Amma bəziləri həmişə səhvi gəncdə axtarır, böyük olmaq səhvsiz olmaq demək deyil. Böyük böyüklüyünü saxlamalıdır, o zaman gənc də ona hörmət edər. Mən də qocalıb o zəvzək qocalardan olacağam, danışıb insanları bezdirəcəyəm, nəvəm yaşında ifaçıları əzməyə çalışacağamsa, Allah məni o yaşa çatdırmasın. Mən problemi gəncdə görmürəm, çünki hörmət saxlayıb-saxlayıb axırda partlayır. Elə sənətkarlarımız var ki, onları görəndə “çes” veririk, əlindən öpürük, sayğı ilə qarşılayırıq. Onlar bəy əfəndi, xanım əfəndilərdir.
 
- Kənan M.M. ilə problem yaşamışdınız, etdiyiniz dava polisə qədər gedib çıxmışdı. Hazırda münasibətləriniz necədir? Küsülü olduğunuz sənətçi var?
 
- Düşmənçiliyi sevmirəm, bir millətin nümayəndələriyiksə, düşmən olmağa dəyməz. Kənanla dost, qardaş deyilik, qarşılaşanda salamlaşırıq. Allah balalarını saxlasın, ona uzun ömür versin.
 
- İlin əvvəlində nişanlandınız, avqustda evlənəcəyiniz deyilirdi. Toy hazırlıqları necə gedir?
 
- Hələ toy tarixi bilinmir. Ümumiyyətə, şəxsi həyatla bağlı danışmaq istəmirəm.
 
- Tədbirlərin birində nişanlınızla fotolarınızı çəkmişdik, sonra jurnalistlərə o fotoların silinməsini xahiş etdiniz. Bildirdiniz ki, qızın ailəsi narazılıq edib. Hazırda danışmaq istəməməyinizin səbəbi budur?
 
- Belə bir hadisə olub, bu haqda danışmaq istəmirəm. Şəxsi həyat mənə məxsusdur. Nişanlımla medianın qarşısına çıxmağım səhv idi. Bəzi insanlar artıq sözlər yazır, danışır əsəbləşirəm. Şəxsi həyatımı gizlətmək istəyim mentalitetlə bağlı deyil, o sözü sevmirəm. İnsan həyatını istədiyi kimi yaşamalıdır. Mentalitet sözündə böyük bir pafos var, mən Avropa düşüncəli insanam. Hər kəs elə düşünsə, Avropa kimi inkişaf etmiş olarıq.
 
- Sizin üçün mentalitet nə deməkdir?
 
- Mentalitet bir ölkəni pafosdan çıxmağa qoymayan, insanı çərçivədə, türmədə saxlayan şeydir. Qəti dindarlıq və şəriət də belədir. Biz tolerant insanlarıq, bunu da axıra kimi saxlamalıyıq. Ölkəmdə qatı və radikal dindarlığın əleyhinəyəm, ölkəmi Suriyanın günündə görmək istəmirəm. Mən ölkəmi azad, mədəni görmək istəyirəm. Mənim dindarlara hörmətim var, amma mənim üçün din yox, insan anlayışı var. Mənim üçün insanlıq dini öndə gəlir. İnsan dünyaya hansısa dinə mənsub olaraq gəlmir, din ailə tərəfindən insana yeridilir. Bəzən deyirlər ki, dünyaya bir müsəlman gəldi, bu, yanlış fikirdir. Uşaq anadan olan kimi “Fatihə” sürəsi oxuyur? Bu, nə məntiqdir? Din seçimini insanın özü etməlidir.
 
- Əvvəllər daha çox qalmaqallarla gündəmə gəlirdiniz, sanki artıq sakitləşmisiniz. Bu dəyişikliyinizin səbəbi nişanlınızdır?
 
- İnsan problemi birinci özündə axtarmalıdır, artıq hər gün özümlə söhbət edirəm, nəfsimlə mübarizə aparıram. Mənə görə subay insanla, münasibətdə olan insanın düşüncəsi fərqli olur. İnsan özündə məsuliyyət hiss etməlidir. İndi məsuliyyətim 10 qat artıb, aqressiyamı, çılğınlığımı  saxlayıram. Çılğınlıq etməyimin əziyyətini sevdiyim xanım çəkə bilər, ona görə sakitləşmişəm. Əvvəllər tez-tez dava edirdim, çox zaman günah məndə olmurdu. İndi düşünürəm ki, kaş səbirli olardım. Nişanlanandan sonra ətrafa fərqli baxıram.
 
- Qalmaqallardan söz düşmüşkən, gənc aktrisa Türkan Əliyeva ötən il mətbuatda açıqlama vermişdi ki, siz onun övladının atasısınız. Siz də bildirmişdiniz ki, DNT testi etdirəcəksiniz, uşağın atası olsanız, onu övladınız olaraq qəbul edəcəksiniz. Atalıq testi etdirdiniz?
 
- Onlar boş söhbətlərdir, tanınmış insanlar haqda belə şayiələr yayılır. Mənim övladım olsaydı, ona sahib çıxardım. İndiyə kimi 100 qadın mənə deyib ki, övladının atasıyam, amma hələ o uşaqları görməmişəm. O qadınlara gəl atalıq testi etdirək, deyəndə yoxa çıxırlar. Elə olsa, bağça açmalı idim. Türkan aktrisa kimi özünü piar və ya anti-piar etdirmək istəyirdi. Allah canını sağ eləsin, pis insan deyil. Gözəl balası var, xoşbəxt anadır.
 
- Dediklərinizdən belə başa düşdüm ki, münasibətiniz var, ondan xəbərdarsınız?
 
- Övladını sosial şəbəkədə görmüşəm, eyni sahədəyik, haqqında eşidirəm. Əlaqəm yoxdur.
 

- Bir az da Rusiyada döyülməyinizdən danışaq. Bu hadisə uzun müddət medianın gündəmini zəbt etdi. Sonuncu dəfə söhbətimiz zamanı bildirmişdiniz ki, iş polisdədir. Sizi döyənlərin aqibəti necə oldu?
 
- O hadisədə iştirak edənlər öz layiqli cəzalarını tapıblar.
 
Bəs sizi döymələrinin səbəbi nə idi?
 
- Yaşadığım ərazidə bir oğlan mənə sataşırdı, həyatıma mane olurdu. Bir gün çəkib kənara məsələni aydınlaşdırdım. Mənə dedi ki, məndən xoşu gəlmir, o məhəllədə qalmağımı istəmir. Söhbət uzandı, söyüş söydüyü üçün o insanı möhkəm döydüm. Kişi arasında dava da, yumruq-təpik də olar. Biz kişilər kobud məxluqlarıq. Əzizlərimə söydüyü üçün onu döydüm, peşman deyiləm. Həm də bir il idi ki, o insanın əlindən yığmışdım, maşınımı cızırdı, həyatımı burnumdan gətirirdi. Həmin hadisədən sonra axşam dostlarım, oğlanın qohumları, məhəllənin ağsaqqalları bir araya yığışıb yenidən məsələni həll etdik, söhbət bitdi. O oğlan məndən acıqlı qaldı, Bakı şəhərində məni döydürməkdən qorxdu. Ona görə də Moskvada küçə adamlarına məni döydürdü, qisas aldı. O işi görənlərin çoxu tutulub. Sifarişçi Bakıda yaşadığı üçün o tam cəzasını almayıb, amma nə zamansa qisas günü var. O, 9 milyonun içərisində məni aşağıladı. Düzdür, döyülmək alçalmaq deyil. Amma 1 nəfərin üzərinə 8-9 nəfərin gəlməyi və bəzi savadsız jurnalistlərin yanlış informasiya yayması mənə böyük zərbə oldu. Yalan yazan jurnalistlərə haqqımı halal eləmirəm. İnsanlar onu bilsin ki, məni heç kim soyundurub döyməyib. Məni döyüb pulumu, telefonumu aparmışdılar. Azərbaycanın yaxşı oğlanları mənə Moskvada kömək etdilər. Heç kim yiyəsiz deyil.
 
- Sizinlə müsahibə üçün danışanda dediniz ki, etiraflar edəcəksiniz. İstəyirəm ki, elə söhbətimizi də etiraflarınızla bitirək…
 
- Həyatda əzizlərimə qarşı çox haqsızlıq etmişəm. Elə insan var ki, ömrünün sonuna kimi səhvini başa düşmür, amma mən anlamışam. Səhv etməyə davam etsəydim, indi danışmağa üzüm olmazdı. Əzizlərimi incitmişəm, haqlarına girmişəm. Sonra halallıq istəmişəm. İndi peşman olmuşam, Yaradan günahlarımı bağışlasın. Sizin vasitənizlə doğmalarımdan üzrxahlıq etmək ürəyimdən gəldi.
 
Könül ibrahim,