Vüqar Bayramov Astanada spiker olacaq

Bu gün Qazaxıstan paytaxtında məşhur Astana İqtisadi Forumu öz işinə başlayıb. Qazaxıstan prezidentinin də iştirak etdiyi tədbirə dünyanın aparıcı maliyyə qurumlarının, şirkətlərinin və beyin mərkəzlərinin rəhbərləri eləcə də müxtəlif ölkələrin hökumət nümayəndələri qatılıblar. Tanınmış iqtisadçı alim Vüqar Bayramov forum çərçivəsində təşkil edilən iqtisadi diversifikasiya və iqtisadi islahatlarda beyin mərkəzlərinin rolu mövzusundakı sammitə spikerlik edəcək. Vüqar Bayramov musavat.com əməkdaşı ilə söhbətində bildirib ki, sammitdə neftin dünya bazar qiyməti aşağı düşdükdən sonra MDB-nin enerji ölkələrindəki iqtisadi vəziyyət və eləcə də beyin mərkəzlərinin iqtisadi diversifikasiya islahatlarındakı mövcud və arzu olunan rolu barədə çıxış edəcək. Azərbaycanlı alim iqtisadi nümunələr əsasında islahatların səmərəliyinin artırılması ilə bağlı təkliflər paketini təqdim edəcək.
Qeyd edək ki, Astana İqtisadi Forumu Qazaxıstan Prezidentinin təşəbbüsü ilə hər il mayın sonunda təşkil edilir.