Vətənpərvərlik şovinizm deyil

Axır vaxtlar, hələ son günlərin hadisələrindən xeyli əvvəl "vətənpərvərlik" sözü nədənsə humanizmin antonimi kimi qəbul edilməyə başlanıb. Belə çıxır ki, millət sevgisi mütləq başqa xalqlara nifrətin üzərində qurulmalıdı və ya bütün insanları sevən öz ölkəsinin insanını sevməməlidi.
Təbii ki, bu fikrin formalaşmasında riyakar vətənpərvərliyin və ya aşırı millətçiliyin rolu var. Əsl vətənpərvərlik isə nüvəsində ədalət tərəzisi dayanan çox böyük hissdi və elə humanizmin özüdü.
Baxmayaraq ki mən özüm dəfələrlə heç bir torpaq itirilmiş insan xoşbəxtliyinə, insan həyatına, insan əzasına dəyməz yazmışam, amma nəzərə alsaq ki bu təkcə torpaq (maddiyyat) məsələsi deyil, həm də azadlıq (mənəviyyat) məsələsidir, onda tərəddüdlər başlayır. Azadlıq bütün qurbanlara dəyəcək qədər qiymətlidir. Təəssüf ki, torpaqları işğal altında olan bir ölkənin vətəndaşları özlərini azad, bütöv, məğrur hiss edə bilməz. Elə ləkələr var ki, qandan başqa heç nəylə yuyulmur.
Mən sizə Atatürkün "Mövzu Vətəndirsə, gerisi təfərrüatdı" fikrini misal gətirməyəcəm. Heç C.Cabbarlının "Mən adına insan qanı töküləcək bir ideal tanımıram" sözlərini də.
Mən sizə "Bir gün azad yaşamaq qırx il rəzil qul kimi sürünməkdən yaxşıdı" fikrini xatırladıram. Siz ki bu sözləri əzbər bilirsiniz. Əlavə şərhə nə ehtiyac.