“Vətənin borcunu verməyən insanların xatirəsini bu qədər əbədiləşdirmək olmaz”

Şəmsəddin Əliyev: “Bu, yeniyetmələrin kriminal dünyaya maraq göstərməsi ilə nəticələnə bilər”
 
 
Son illər Azərbaycanda kiminal aləmin dünyasını dəyişən nüfuzlu şəxslərinin dəbdəbəli qəbirüstü abidələrinin ucaldılması, heykəl və büstlərinin qoyulması halları artmaqdadır. Bu şəxslər haqqında məqalələr, kitablar yazılır, onlar bəzi hallarda cəmiyyətə əsl qəhrəman kimi təqdim edilir.
Maraqlıdır, sağlığında qanunlara meydan oxuyan kriminal nüfuz sahibləri ilə bağlı bu cür addımların atılması hüquqi və mənəvi baxımdan nə dərəcədə doğru addımdır? Bu, gənc nəslin müəyyən bir qismində kriminal dünyaya maraq oyada, onları bu yola sövq edə bilərmi?
Moderator.az-a açıqlama verən tanınmış hüquqşnas, sabiq polis rəisi Şəmsəddin Əliyev bunun təhlükəli bir hal olduğunu təsdiqləməklə yanaşı, mövzu ilə bağlı digər maraqlı mətləblərə də aydınlıq gətirib:
“Mən birmənalı şəkildə bunun əleyhinəyəm. Sadəcə ona görə əleyhinə deyiləm ki, uzun müddət cinayətkarlığa qarşı mübarizə sistemində çalışmışam. Bu gün də sevinirəm və qürur duyuram ki, 30 ilə yaxın daxili işlər orqanlarında xidmət etmişəm. Mənim övladım da indi bu yolun davamçısıdır. Ona görə əleyhinəyəm ki, bunun həm hüquqi, həm məntiqi baxımdan doğru olmadığının, ciddi fəsadlara aparıb çıxaracağının fərqindəyəm.
Mən hər zaman belə hallara qarşı barışmaz olmuşam. Ictimai münasibətlərə zidd davranan, dövlətçilik əleyhinə fəaliyyətdə yer alan, cinayətkarlığa meyli olan, ağır və xüsusilə ağır cinayətlər törədən ictimai təhlükəli əməllərin subyektlərinin bu şəkildə təbliğatı daha çox cinayətkar aləmi təbliğ etməkdən başqa bir şey deyil. Bu, çox zərərli bir addımdır. Bu, eyni zamanda cinayətkarlığa qarşı mübarizə aparan orqana qarşı müəyyən qisim insanları döndərmək deməkdir.
Bu insanların əksəriyyəti ailə həyatının nə olduğunu bilmir. Onların əksəriyyətinin vətən savaşında, vətən müdafiəsində iştirakları yoxdur. Ictimai həyatda fəallıqları mövcud olmayıb. Belə olan halda onların fəaliyyətini əks etdirən araşdırmalara bu qədər yer vermək konstitusiyaya, qanunvericiliyə, vicdana zidd olan haldır. Ölkə konstitusiyası belə halı qəbul etmir. Azərbaycan xalqının iradəsini ifadə edən konstitusiyada bununla bağlı bir müddəa belə yoxdur.
Onların ölkə vətəndaşı olması heç nəyi dəyişmir. Separatçı mövqedə olan insanlar ölkə vətəndaşının hüquq və vəzifələrinə uyğun davranmırlar. Çünki onların dövlətlə nə hüquqi, nə də siyasi bağlılığı yoxdur. Belə insanları bu şəkildə təbliğ etmək yolverilməzdir.
Cinayətkarlıqla qarşı mübarizənin bir növü də xəbərdarlıq, maarifləndirici addımlar və s-dir. Bu isə həmin addımlara əks olan bir addımdır. Bunu heç cür qəbul etmək olmaz. Bu, heç vaxt cəmiyyət üçün xeyir gətirən fakt ola bilməz.
Bəzən dünyasını dəyişən bu şəxslər haqqında əsərlər yazılır. Onlara dəbdəbəli başdaşları qoyulur. Onların xatirəsi bu şəkildə əbədiləşdirilir. Hansı ki, dinimiz də bir insanın xatirəsinin bu şəkildə əbədiləşdirilməsinə qarşıdır.
Xalqın, vətənin borcunu verməyən insanın xatirəsini bu qədər əbədiləşdirmək olmaz. Mən bunun əleyhinəyəm. Onların sırasında qohumlarımız da, dostlarımız da var. Amma biz bu hallara nə qədər çox imkan yaratsaq, bizim yeniyetmələri, gəncləri bu yola sövq edəcəyik. Bundan sonra bu prosesin qarşısını almaq çox çətin olacaq.
Il ərzində ölkəmizdə daxili işlər orqanları tərəfindən təxminən 27 minə yaxın cinayət qeydə alınır. Bu cinayətlərin açılmasında vətəndaşların rolu kifayət qədərdir. Polisə dəstək var. Cinayətlərin təxminən 90%-ə qədərinin açılması təmin olunur. Bu o deməkdir ki, zərərçəkmişlərin, cinayətin qurbanlarının hüquqları qorunur. Bəlli olur ki, onlara kim ziyan vurub, kim onları qarət edib, kim soyğunçuluğa məruz qalıb və s. Polisin apardığı profilaktiki və sərt mübarizə tədbirləri nəticəsində bu cinayətlərin sayı azalmağa doğru gedir. Quldurluq, soyğunçuluq, qəsd və qətllər, insanların sağlamlığına qarşı təhlükəli əməllərin sayı azalıb. Statistika bunu təsdiq edir. Şəxsi əmlak oğlurluqları ilə bağlı isə artım müşahidə olunur. Bu cinayətlərin hamısı qəsdən törədilir. Bu insanlar nə etdiklərini çox gözəl anlayırlar. Bunun nəticəsini görürlər. Bu cinayəti həyata keçirmək üçün müəyyən hazırlıq işləri həyata keçirirlər. Biz niyə belə insanlara qarşı barışmaz mövqedə olmamalıyıq?
Onların bəzisi müəyyən cəza çəkdikdən sonra bəlli bir nüfuza malik olur. Onların bir qismi “qanuni oğru” adını alır. “X” adlı bir lotu cəzaçəkmə müəssisəsindən çölə “ksiva”lar göndərir. Mesaj göndərir. Kimin evinin qarət edilməsi gərəkdiyi ilə bağlı məlumat verir. Ordan verilən sifariş azadlıqda cinayətkarlar tərəfindən həyata keçirilir. Sonra isə müəyyən nüfuza malik olan bu şəxslər haqqında əsərlər yazılmağa başlayır. Filmlər çəkilir. Saytlarda onlarla bağlı hədsiz yazılar yer alır. Hətta bəzi millət vəkilləri çəkinmədən onlarla qohum olduqlarını dilə gətirir. Lakin sovet dönəmində hətta qohumlar sırasında əvvəllər məhkum edilmiş bir şəxs olurdusa, onun vəzifədə irəli çəkilməsinə yasaq qoyulurdu. Təbii, bu bir qədər deformasiyaya uğrayan təfəkkürün məhsulu idi. Amma sovet sistemi dönəmində cinayətkarlığa qarşı mübarizə poliqonunda sərt dayanmışdı. Heç kimə güzəşt yox idi.
Bu baxımdan hesab edirəm ki, cinayətkarlığa qarşı sərt mübarizə tədbirləri bir az da güclənməli,  kriminal dünyada müəyyən nüfuz sahibi olan şəxslərin bu şəkildə təbliğatının nə dərəcədə zərərli olduğu dərk edilməlidir. Proseslərin bu şəkildə inkişafı arzuedilməz nəticələrə səbəb ola bilər. Bu da xalqımızın və dövlətimizin maraqlarına, eyni zamanda dövlətin və hüquq-mühafizə orqanlarının cinayətkarlıqla bağlı siyasətinə cavab vermir”.

Загрузка...
Загрузка...