Vətəndaşları təhqir edən gömrük işçisi işdən qovuldu — VİDEO

 
 
Gömrük postlarından birində ölkəyə gələn Azərbaycan vətəndaşlarına qarşı kobudluq edən, qadın-kişi demədən onları söyən və bağlamalarını alıb yerə tullayan gömrük zabiti işdən qovulub.
 
Ölkə.Az xəbər verir ki, bu barədə virtualaz.org-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycanın Gürcüstanla sərhədindəki "Sınıq Körpü" gömrük məntəqəsinin əməkdaşı Kamal Hüseyn oğlu Nəzərov tutduğu vəzifədən azad edilib və gömrük orqanlarından xaric olunub.
 
Qeyd edək ki, gömrükdə baş verən bu insidentlə bağlı videonu Meydan TV yayımlamışdı. Kadrlara əsasən, həmin zabit qonşu ölkədən qayıdan vətəndaşlarla heç bir əsas olmadan kobud davranır, onların bağlamalarını alıb yerə atır, özlərini söyür. O, əl çantasını gömrük baxışı üçün təqdim etməyə çalışan qadını əliylə hədələyib deyir: "”Kor sənsən. Mənim beynimdə 24 milyon şey var... rüşeym, hüceyrə var, sən həmişə də gedibsən...”
 
Videogörüntü sosial şəbəkələrdə rezonans yaradıb, tənqidə səbəb olub. Bundan sonra Gömrük Komitəsi zabitlə bağlı ölçü götürüldüyünü bəyan edib.