Vəkil Akif Çovdarovu gözünün bir işarəsi ilə susdurdu

 
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib
 
Akif Çovdarov üçün “Piri babanın nağılı”
 
Təyin olunduğu vaxtdan 1 saat gec başlayan iclas dövlət ittihamçıları tərəfindən ittiham aktının oxunması ilə davam etdirildi. Təxminən saat 15:00-a qədər davam edən darıxdırıcı “qiraət”dən sonra təqsirləndirilənlərin heç biri səsləndirilmiş ittihamlar üzrə özlərini günahkar hesab etmədiklərini bildirdilər.
 
Təkcə Akif Çovdarov çıxış edərək ittiham aktı barədə fikir bildirdi: “Bu ittiham aktı deyil ki, “Piri babanın nağılı”dır”.
 
Məhkəmə necə davam etdiriləcək?
 
Məhkəməyə sədrlik edən hakim Həsən Həbibov tərəflərin məhkəmənin necə davam etdirilməsi ilə bağlı fikiklərini soruşdu və ilk dəfə idi ki, vəkillərlə dövlət ittihamçılarının mövqeyi üst-üstə düşdü.
 
Qərara alındı ki, cinayət işi üzrə hər bir epizod ayrılıqda baxılsın və yalnız iş üzrə əlavə şahidlər bütün epizodlar baxıldıqdan sonra dindirilsin.

Şahmar Qurbanovun dağılan biznesi və ailəsi
 
Proses zərərçəkənlərdən biri Şahmar Sərdar oğlu Qurbanovun ifadəsi ilə davam etdi.
 
Bakıda ən böyük özəl zərgərlik sexlərindən birinin sahibinin biznesinin Akif Çovdarovun özbaşınalığının nəticəsində dağılması barədə virtualaz.org yazıb. Bu barədə daha ətraflı burada oxuya bilərsiniz.
 
Yalnız onu əlavə edək ki, qurbanlarının qanına susamış general Şahmar Qurbanovun təkcə biznesini deyil, ailəsini də dağıdıb. Belə ki, müflisləşmiş milyonçu həyat yoldaşından və övladından ayrılaraq, 2011-ci ildə Çovdarovdan canını qurtarmaq üçün Türkiyəyə köçüb və yalnız 2015-ci ilin sonunda, general dəmir barmaqlıqlar arxasına düşəndən sonra vətəninə qayıdıb.
 
Yeri gəlmişkən, ifadəsinin sonunda Şahmar Qurbanov dedi: “Mən Allahıma və Prezidentə çox minnətdaram ki, bu günü görə bildim”.
 
27 gündür aclıq keçirən Akif Çovdarovun tox yaddaşı
 
Xatırladaq ki. özünün bildirdiyinə görə, Akif Çovdarov oktyabrın 24-dən aclıq aksiyası keçirir. Amma general 1 aya yaxın ac qalan adama heç oxşamır.

Belə ki, Şahmar Qurbanovun çıxışından sonra Akif Çovdarov ayağa qalxaraq dedi: “Mənim dəqiq də olmasa, o məsələ yadımdadır. Bu adamın Hindistan vətəndaşına 120 min yox, daha çox borcu var idi, 350-400 min, dəqiq xatırlamıram. O vaxt nazir Eldar Mahmudov tez-tez səfirlərlə görüşürdü. Birləşmiş Ərəb Əmirliklərinin səfiri ilə görüşəndən sonra mənə bir bağlama sənəd verdi ki, bu işlərlə məşğul ol. Həmin borca görə ərizə də bu sənədlərin arasında idi”.
 
Bu yerdə vəkil Kamandar Nəsibovla generalın baxışları tuş gəldi və gözlənilmədən nitq bitdi. Akif Çovdarov çıxışını sonrakı iclasda davam edəcəyini bildirib yerinə oturdu.
 
“Vid-fasonundan pullu adama oxşamırsan”
 
Vəkillər Şahmar Qurbanova ifadəsi ilə bağlı suallar verdilər. Xüsusilə Akif Çovdarovun yeni vəkili Şahin Rəfiyev canfəşanlıq edirdi.
 
Təqsirləndirilən generalın bu epizodla bağlı hərəkətlərinə dair zərərçəkənə bir neçə sual verildi. Amma bu sual-cavab daha çox vəkil Kamandar Nəsibovun zərərçəkmiş Şahmar Qurbanova ünvanlanmış replikası ilə yadda qaldı: “Sən heç vid-fasonundan pullu adama oxşamırsan”.
 
Həmin bu replika məhkəmə zalında olan zərərçəkmişlər və onların nümayəndələri arasında ciddi narazılığa səbəb oldu. Müdafiə etdiyi şəxsin soyub-taladığı adama vəkilin belə bir müraciəti, doğrudan da, qeyri-etik səslənmişdi.
 
Qısa fasilədən sonra hakim Həbib Həsənov prosesin çərşənbə günü, noyabrın 23-də davam etdiriləcəyini bildirdi.