Vilayət Eyvazov səfirlərlə görüşüb

Baxış sayı: 
62

Aprelin 28-də Daxili İşlər Nazirliyinin "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin və diplomatik korpusun digər nümayəndələrinin xahişi ilə onlarla görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov müstəqillik illərində ölkəmizin keçdiyi tarixi yol, cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması sahələrində əldə edilmiş uğurlu nəticələr, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təmini, mövcud kriminogen durum, qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
 V. Eyvazov qeyd edib ki, son 3 ildə xarici dövlətlərin diplomatik missiyalarının, habelə beynəlxalq təşkilatların rəhbərləri ilə Daxili İşlər Nazirliyində 268 görüş keçirilib. Görüşlər zamanı ikitərəfli münasibətlərlə yanaşı, diplomatik korpusun mühafizəsi ilə əlaqədar məsələlər də müzakirə olunub. Hazırda DİN-in Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taboru və Baş Mühafizə İdarəsi respublika ərazisində yerləşən 50-dən çox diplomatik nümayəndəliyin mühafizəsini həyata keçirir və müvafiq işə cəlb olunmuş polis əməkdaşlarının xidməti ciddi nəzarətdə saxlanılır. Onlar tərəfindən son 3 ildə 61 şəxsin qanunsuz hərəkətlərinin qarşısı alınıb. 
 Qeyd olunub ki, diplomatik nümayəndəliklərin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi də böyük önəm verilən məsələlərdən olmaqla, bu sahədə fəaliyyət xüsusi əməliyyat planı ilə tənzimlənir.
 V. Eyvazov onu da vurğulayıb ki, Azərbaycan da terrorçuluqdan əziyyət çəkən dövlətlər sırasındadır. Ötən əsrin 80-ci illərindən etibarən ölkəmiz və onun vətəndaşları erməni terrorçuluğunun hədəfinə çevrilib. Təkcə 1989-1994-cü illərdə erməni terrorçu qrupları tərəfindən Azərbaycana qarşı törədilmiş 32 terror aktı nəticəsində iki min insan həlak olub, yüzlərlə vətəndaşımız yaralanıb: “Azərbaycanın torpaqlarının 20 faizindən çoxunun, o cümlədən Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində İran İslam Respublikası ilə 132 kilometrlik sərhəd zolağına nəzarət imkanlarımızın itirilməsi də ciddi problemlərdəndir. Nəticə etibarı ilə narkotiklərin, odlu silahların qanunsuz dövriyyəsinə, həmin ərazilərdə beynəlxalq terrorçu təşkilatların gizli təlim bazalarının maneəsiz fəaliyyətinə əlverişli şərait yaranıb. Bu faktın özü nəinki Azərbaycanın, bütövlükdə regionun təhlükəsizliyi üçün  əsas təhdidlərdən biri olaraq qalır”.
 Çıxışının sonunda məruzəçi diplomatik korpus nümayəndələrini əmin edib ki, Daxili İşlər Nazirliyi digər hüquq-mühafizə orqanları ilə birlikdə bundan sonra da cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizənin yüksək peşəkarlıqla həyata keçirilməsi, ictimai asayişin, təhlükəsizliyin və sabitliyin lazımi səviyyədə təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcək.
 Xarici İşlər Nazirliyinin idarə rəisi Pərvin Mirzəzadə ölkəmizdə akkreditə olunmuş səfirliklərin və diplomatik korpus nümayəndələrinin təhlükəsizliklərinin təmini istiqamətində təmsil etdiyi qurumla Daxili İşlər Nazirliyinin sıx, işgüzar və səmərəli əməkdaşlığından,  eyni zamanda, respublikamızı təmsil edən diplomatların bəzi xarici dövlətlərdə qarşılaşdıqları problemlərdən söz açıb.

Загрузка...
Загрузка...