Vidadi Zeynalov və dəstəsi müqavimətə başladı - təfsilat

Keçmiş aparat rəhbəri müdafiə taktikası qurur, indiyə qədər vurduğu zərəri isə ödəməkdən imtina edib
Ötən ilin sonlarında həbs olunan bir qrup rabitə işçiləri ilə bağlı istintaq orqanları yeni faktlar əldə etmək üçün hərəkətə keçiblər. Bu barədə Politika.Az-a hüquq mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Vidadi Zeynalov və Rabitə Nazirliyinin bir neçə əməkdaşı ilə bağlı istintaqı dərinləşdirib. Qeyd edilir ki, bütün Telekommunikasiya Qovşaqları və ATS-ləri də əhatə edən istintaq zamanı Vidadi Zeynalov və onun dəstəsinin üzvlərinin törətdiyi əməllər, verdikləri tapşırıqlar, onların qanuni və ya qeyri-qanuniliyi yoxlanılır. İndiyə qədər xeyli sayda faktlar toplayan istintaq orqanları «rabitə çetesi» ilə bağlı tutarlı arqumentləri ortaya qoyaraq, bununla məsələni qısa müddətdə bağlamaq istəyir.
Bəs, istintaq niyə birdən biri hərəkətə keçib? Politika.Az-a verilən məlumata görə, Vidadi Zeynalov və başının dəstəsi hal hazırda ciddi şəkildə müdafiəyə hazırlaşırlar. Onlar həmçinin dövlətə vurduqları zərəri ödəməkdən də boyun qaçırırlar. Elə bu səbəbdəndir ki, milyonlarla manat vəsaitin geri qaytarılmasında problemlər yaranmağa başlayıb. Həmçinin problemli məsələ odur ki, Vidadi Zeynalov və başının dəstəsi uzun illər Rabitə Nazirliyində həyata keçirdikləri yeyintilərdən əldə etdiyi pullarla öz adlarına əmlak almayıblar. Əks təqdirdə, həmin əmlakların müsadirə olunaraq, zərərin qarşılanması üçün yönəldilməsini həyata keçirmək mümkün olardı.
Qeyd edək ki, Vidadi Zeynalovun milyonlarla manat vəsaitinin xaricə saxladığına dair də iddialar var. Məlumatlara görə, keçmiş apparat rəhbəri rabitə sahəsində yığdığı pulların bir qismini xaricdəki bank hesablarına yatırıb. Bir qisminə isə Türkiyə də daxil olmaqla, Şərqi Avropa ölkələrində əmlak alıb. Politika.Az-a verilən məlumata görə, bu işlərə sərf olunmuş vəsaitin ümumi həcmi toplam 100 milyon dollara yaxın ola bilər.