Vidadi Zeynalov mətbuat xidmətinə də "paket" veribmi? - Müşfiq Əmirovun sükutu

 

 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq rəsmilərinin istintaqa verdikləri ifadə mətbuatın gündəmindən düşmür.
 
Missiya.az xəbər verir ki, diqqətçəkən məqamlardan biri sabiq aparat rəhbəri Vidadi Zeynalovun nazir də daxil olmaqla qurumun bütün vəzifəli şəxslərinə hər ay "paket"də pul verdiyini açıqlamasıdır. Bu ifadələrin mətbuatda yayılmasının ardınca nazir müavini  İltimas Məmmədov hər ay qeyri-rəsmi ödəniş aldığını etiraf etdi.
 
Onun sözlərinə görə, özü hər ay Vidadi Zeynalovdan 15 min manat alıb, sonradan bu məbləğ 30 min manata qədər yüksəlib: “Mən dəqiq bilmirdim ki, bu pullar haradan gəlir. Bu barədə nazir Əli Abbasovla da söhbətim oldu. Ondan pulların haradan daxil olduğunu soruşdum. Nazir mənə bildirdi ki, paketlərin paylanması razılaşdırılmış prosedurdur və buna görə narahat olmağa dəyməz".
 
Vidadi Zeynalov - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri
 
Əldə etdiyimiz məlumatlara görə qeyri-rəsmi nazir vəzifəsini üzərinə götürən sabiq aparat rəhbəri V.Zeynalov nazirlikdə ona yaxınlığı ilə seçilən şəxslərə xüsusi münasibət bəsləyib.
 
Etibarlı mənbə bu sırada nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun da adını çəkib. Məlumata görə, V.Zeynalov hər ay ona da kifayət qədər yüksək məbləğdə "maaş" verib.
 
 
Bu iddiaları dəqiqləşdirmək məqsədilə M.Əmirovun özü ilə əlaqə saxlamağa çalışdıq. Lakin təəssüf ki, o, "Siz V.Zeynalovdan hər ay "paket" alımısız" sualına cavab vermək istəməyib. Bir neçə dəfə cəhd etməyimizə baxmayaraq M.Əmirov "rabitə qanqsteri"ndən hər ay pul alıb almaması barədə sualı cavabsız qoyub.