Vəhhabilərə qarşı yeni dalğa: Şeyxin müavini son əməliyyatların kodunu açdı - ÖZƏL

 
Ölkədə vəhhabilərə qarşı mübarizənin yeni mərhələsi başlanıb
 
Politika.Az-ın məlumatına görə, Gəncə və Xaçmazın ardınca Zaqatalada əməliyyat keçirilib.
 
Eyni zamanda isə Şeyxin müavini ekstremizmdən danışıb və məscidlərdə beyinyuma təbliğatının getdiyini vurğulayıb.
 
Bu hadisələrin üst-üstə düşməsində bir zəncirvari bağlılıq olması istisna edilmir. Dövlət qurumları ilə güc strukturları birgə dini radikallığa qarşı savaş aparmaqdadır.
 
Azərbaycanda 2100 məscid var və onlardan 600-ə yaxınına Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən axund və imam təyin ounub.
 
Bu barədə QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli məlumat verib.
 
Onun sözlərinə görə, digər 1500 məscid isə imam və axundsuz fəaliyyət göstərir: "Bu da digər təriqətlərin nümayəndələrinin boş qalan məscidlərdən istifadə etmələrinə və dağıdıcı təbliğatla məşğul olmalarına gətirib çıxarır. Onlar insanların beynini cihad fikirləri ilə doldururlar".
 
S.Həsənli bildirib ki, BİU-nun tələbələrinin 46-47 faizi qızlar olduğundan onları imam və axund göndərə bilmirlər. Paralel olaraq Zaqatala rayonunda dini yığıncaq aşkarlanıb.
 
Politika.Az-ın məlumatına görə, Azərbaycanda iki radikal təriqət - FƏTÖ və İŞİD təhlükəsinin mövcud olduğu sirr deyil. Ölkəmizdə inkişafı və sabitliyi, əmin-amanlığı gözü götürməyən qüvvələr dövləti zaman-zaman təhdid etməyə cəhd göstəriblər.
 
Lakin bu cəhdlər hər dəfə iflasa uğrayıb və hüquq-mühafizə orqanlarının peşəkarlığı, operativliyi nəticəsində həmin məkrli qüvvələr ifşa olunub. Bu da Azərbaycanın güc strukturlarının yüksək səviyyədə göstərdiyi fəaliyyətin və ayıq-sayıqlığının nəticəsidir.
 
Xatırladaq ki, Zaqatala RPŞ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində noyabrın 26-da Zaqatala rayonunun Əliabad qəsəbəsində qəsəbə sakini Həmid Şabanovun həyətində olan tikilidə həmyerlisi Mehman Ağammədovun Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikdə qanunla qadağan olunmuş dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirakı ilə qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib.
 
Onlar saxlanılıb, izahatları alınaraq buraxılıblar. Baxış zamanı oradan 16 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb, ekspertiza edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.