“Vergilər Nazirliyi də keçmiş MTN kimi vətəndaşlar arasında qorxulu qurum kimi tanınır” - ÖZƏL

Səxavət Əlisoy: “Bu nazirlik ciddi islahatlara məruz qalmalıdır”
 
Məlum olduğu kimi, Vergilər Nazirliyi bir müddət bundan ğncə vergidən yayınan müğənnilərin siyahısını təqdim edib. Əksər müğənnilərin adının yer aldığı siyahı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi vətəndaşlar hesab edir ki, Vergilər Nazirliyinin iri məmur-oliqarxların yaxasını buraxıb büdcəni sənət adamlarının hesabına doldurmaq cəhdi əsla ədalətli hesab edilə bilməz və bu, mövcud Azərbaycan reallığındakı eybəcərliklərdən xəbər verir.
“Vergilər Nazirliyi də  keçmiş MTN kimi vətəndaşlar arasında qorxulu qurum kimi tanınır”
Məsələ ilə bağlı Politika.Az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy Vergilər Nazirliyinin cəmiyyətdə yaratdığı xofu MTN-lə müqayisə etdi:
“Vergilər Nazirliyinin vergiyığma siyasətinin mahiyyəti ağlı başında olanların hamısına bəllidir. Bu nazirlik də eynən keçmiş MTN kimi Azərbaycan vətəndaşları üçün qorxulu bir qurum kimi tanınır. Prezident İlham Əliyevin islahatlarla bağlı qətiyyətli addımları Vergilər Nazirliyini bir-iki ay dürüst olmağa vadar etdi. Artıq yenə "köhnə hamam-köhnə tas"dır. Obyektiv bir sorğu aparılsa, sahibkarlara qarşı ən aqressiv davranan qurumun Vergilər Nazirliyi olacağına kimsənin şübhəsi olmaz, yəqin. Bu nazirlik eynən güc strukturları kimi səlahiyyətlərə malikdir və bu səlahiyyətlər adətən cəmiyyətin zəif kəsiminin, yəni orta sahibkarların qəniminə çevrilir. Vergilər Nazirliyinin vergidən yayınanlara, indiki halda müğənnilərə qarşı apardığı "əməliyyat" o zaman təqdir oluna bilər ki, bu prosedur dövlətə külli miqdarda ziyan vurmuş oliqarx-məmurlara da şamil olunsun. Vergilər Nazirliyi deyək ki, AZAL-da, nazirlərə məxsus iri holdinqlərdə də yoxlamalar aparıb faktlar ortaya qoysaydı, cəmiyyətdən dəstək görərdi. Ancaq az qala uşaq da bilir ki, Vergilər Nazirliyi bəzi holdinqlərə və hökumət strukturlarına yaxın dura bilmir.
Prezident İlham Əliyev sahibkarları Azərbaycana dəvət edir, lüzumsuz yoxlamaların dayandırılmasını tələb edir.
Vergilər Nazirliyi isə yenə öz işindədir. Fikrimcə bu nazirlik ciddi islahatlara məruz qalmalıdır.
Cəmiyyəti Vergilər Nazirliyinin qorxusundan xilas etmək lazımdır”.