​Vergilər naziri şokda: NAZİRLİK LƏĞV OLUNUR - ÖZƏL

 
Fazil Məmmədovun dirənişləri fayda verməyib, bina yanğını məsələsi naziri departament müdiri edəcək
 
Azərbaycan hakimiyyətinin son dövrlər başlatdığı islahatlar bir sıra büdcə təşkilatlarının ləğv olunması ilə nəticələnib. Qısa müddətdə bir neçə komitə və dövlət qurumunun ləğvi artıq baş verib. Yaxın gələcək üçün isə yeni qaydaların tətbiq olunacağı və birləşdirmələrin davam edəcəyi istisna deyil.
 
Politika.Az xəbər verir ki, sırada Vergilər Nazirliyi də var. Məlumatlı mənbənin sözlərinə görə, Fazil Məmmədovun rəhbərlik etdiyi qurumun ləğv olunması nəzərdə tutulub. Nazirliyin başqa bir nazirliyə birləşdiriləcəyi və departament səviyyəsində fəaliyyət göstərəcəyi gözlənilir. Məlumatda deyilir ki, Vergilər Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibinə birləşdiriləcək və orada qurum olaraq fəaliyyət göstərəcək. Belə bir təcrübənin isə xarici ölkələrdən götürüldüyü deyilir.
 
Mənbələr bildirir ki, Fazil Məmmədov nazirliyi qorumaq üçün bir xeyli dirəniş göstərməsinin də faydası olmayıb. Politika.Az-a verilən məlumatlarda vurğulanır ki, nazir hətta daha optimal variantlar təklif etsə də, sözü keçməyib. Buna səbəb isə ötən ilin mayında baş vermiş yanğın olayı və Fazil Məmmədovun bacısının əri olan Xaləddin İsgəndərovun da günahlarının üzə çıxmasıdır.
 
Məlumatda deyilir ki, Binəqədi rayonunda insan ölümü ilə müşahidə olunan bina yanğınından sonra bütün nəzərlər rayonun icra başçısı Xaləddin İsgəndərovun üzərinə yönəlib. Mənbələr bildirir ki, hətta icra başçısı ifadə vermək üçün istintaqa da cəlb olunub. Və orada İsgəndərov məsələdən xəbərsiz olduğunu deyib. Üstəlik, iki ad çəkib. Onlardan biri Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədov, digəri isə vergilər naziri Fazil Məmmədov olub.
 
Politika.Az-a verilən məlumata görə, Məmmədovun bacısının əri olan Xaləddin İsgəndərov hətta 150 milyon manatlıq bir qalmaqalın da üzərini açıb. Deyilənlərə görə, icra başçısı bu qədər pulun Fazil Məmmədova verildiyini dilə gətirib. Nəticədə, hakimiyyət dairələrində ona qarşı ciddi bir güvənsizlik meydana çıxıb. Mənbə bildirir ki, həmin müddətdən bəri etibardan düşən vergilər nazirinə bir sıra qadağalar da qoyulub. Bu qadağaların biri də sahibkarları iki ildən tex yoxlanılmamasıdır.
 
Bundan başqa, vergi müfəttişləri istədikləri vaxt heç bir qurumun işinə müdaxilə edə bilməyəcəklər. Bunun üçün onlar lazımi qurumların icazəsini almalıdırlar.