​V.Bayramov ölkədə yaranmış dollar qıtlığının səbəbini açıqladı

 
 
Ölkədə dollar qıtlığının olması heç kimə sirr deyil.
 
Kommersiya bankları dollar satışını tamamilə dayandırıb. Vətəndaşlar dollara olan tələbatını qara bazar vasitəsi ilə ödəyirlər. Qara bazarda isə qiymətlər çox bahadır.
 
Ölkədə valyutadəyişmə məntəqələrinin bağlanması qara bazarın inkişafına təkan verdi. İddia edilir ki, bankların bir çoxu dollar satışını qara bazar vasitsi ilə həyata keçirir. Buna səbəb isə qara bazarda qiymətlərin baha olmasıdır.
 
Ölkədəki dollar qıtlığı, qara bazarın inkişafı barədə iqtisadçı ekspert Vüqar Bayramov Ölkə.Az-a danışıb:
 
"May ayında Ölkə.Az-a müsahibəmdə bildirmişdim ki, dolların manata nisbətən məzənnəsi yüksələcək. Baxmayaraq ki, həmin zaman dolların məzənnəsi aşağı düşürdü, manat möhkəmlənirdi. Mayın sonunda aydın oldu ki, dolların möhkəmlənməsi üçün iqtisadi zəmin var. İyunun əvvəlindən başlayaraq dolların manata nisbətən möhkəmlənməsi müşahidə olundu.
 
Son 3 ayda rəsmi olaraq dollar manata nisbətən 14% möhkəmlənib. Bu kiafyət qədər ciddi möhkəmlənmədir. Qeyri-rəsmi isə dolların manata nisbətən möhkəmlənməsi daha yüksəkdir.
 
Ölkədə dollar qıtlığı var. Bunun əsas səbəbi odur ki, kommersiya bankları hərraca 700 milyon dollarlıq tələblə çıxırlar, ancaq Dövlət Neft Fondu cəmi 50 milyon təklif edir. Nəticədə tələb təklifi 14 dəfə üstələyir. Orta hesabla 27 banka 50 milyon dolların satıldığını nəzərə aldıqda auksionda orta hesabla hər bank 1.850.000 (bir milyon səkkizyüz əlli min) dollar almış olur. Tələb yüksəkdir. Tələbin yüksək olduğu üçün kursu müəyyənləşdirmək çox çətindir. Nəticədə bu ona gətirib çıxarır ki, kommersiya bankları dollar satmır. Buna görə də "qara bazar" canlanır.
 
Valyutadəyişmə məntəqələri Mərkəzi Bank tərəfindən ləğv edilən zaman bunun doğru addım olmadığını və bunun "qara bazar" yaradacağını bildirmişdik. Satışın banklarda cəmləşməsi, praktiki olaraq rəqabətin olmaması "qara bazar"ın formalaşmasına gətirib çıxardı. Banklar "qara bazar"la işlməkdə maraqlıdırlar, "qara bazar"da qiymətlər daha bahadır. Nəticə etibarı ilə dolların alışı və satışı "qara bazar" vasitəsi ilə həyata keçirilir. Tələb ödənilməyənə qədər bu davam edəcək.
 
Mərkəzi Bank və Dövlət Neft Fondu hərracda kommersiya banklarının tələbini ödəməlidir. Kommersiya banklarının tələb etdiyi 700 milyonun ödənilməsinə ehtiyac var. Əgər bu tələb ödənilərsə, növbəti dəfə kommersiya banklarının tələbi daha az olacaq. Bu imkan verəcək ki, tələbi mərhələli şəkildə stabilləşdirmək mümkün olsun. Kommerisya banklarının tələbinin ödənilməsində "qara bazar" aktiv olacaq.
 
Tələbin ödənilməsi ilə yanaşı yenidən valyutadəyişmə məntqələrinin işə başlamasına ehtiyac var. Valyutadəyişmə məntəqələrinin ləğv edilməsi nəticə etibarı ilə "qara bazar"ın yaranmasına gətirib çıxardı. Mərəzi Banka təklif etmişik ki, hər rayonda orta hesabla 5 valyutadəyişmə məntqəsinin fəaliyyətinə icazə verilsin. Mərkəzi rayonlarda daha çox valyutadəyişmə məntəqələri açılmalıdır. Turistlər Bakının mərkəzində daha çox olurlar. Bu həm qara bazarın mərhələli şəkildə ardan qaldırlmasına, həm də əcnəbilərin dollara olan tələbinin ödənilməsinə gətirib çıxardar.
 
Mövcud vəziyyət onu göstərir ki, kommersiya banklarının dollara olan tələbi ödənməyincə "qara bazar" inkişaf edəcək. Mərkəzi Bank və Dövlət Neft Fondu kommersiya banklarının bu tələbini qarşılamalıdır. Dolların satışı "qara bazar" deyil, banklar vasitəsi ilə həyata keçirilməlidir.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının da gücləndirilməsinə ehtiyac var. Orta hesabla kommersiya bankı hərracdan 2 milyon dollar pul alır, ancaq satış həyata keçirmir. Sual yaranır ki, 2 milyon dollar hara gedib, nə üçün kommersiya bankı 2 milyon dolların satışında maraqlı deyil. Cari xərclər üçün vətəndaşların bir qismi dolları dəyişmək məcburiyyətindədir. Bu da o deməkdir ki, kommersiya banklarına dollar daxil olmaları var. Maliyyə Bazarlarına Nəzarət Palatası işinə ciddi yanaşmalı, nəzarəti gücləndirməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası monitorinq keçirməlidir ki, hərracdan dollar alan kommersiya bankları nə üçün dollar satışı həyata keçirmir. Kommersiya bankı az da olsa hərracdan dollar ala bilirsə və vətəndaş gəlib bankda dollar tapmırsa, demək monitorinqə ehtiyac var".