”Vasmoy” bazarının yük sürücülərindən etiraz - təfsilat

 
 
“Bizi çörək qazanmağa qoymurlar”
 
Bakının Nizami rayonunda, 8-ci kilometr bazarında çalışan yük avtomobili sürücüləri rəhbərliyin tətbiq etdiyi yeni qayda-qanundan narazıdır. Bu barədə Politika.Az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, artıq xeyli vaxtdır ki, bazar ərazisinə yük avtomobillərinin daxil olması yasaqlandığı üçün onlar normal fəaliyyət göstərə, ailələrinə çörək qazana bilmirlər. Məhz bu səbəbdən də məlum qadağanın ləğvini tələb edən sürücülər onlarla ailənin bu qadağadan əziyyət çəkdiyini, ciddi problemlərlə üz-üzə qaldığını iddia edir.
 
Məlumat üçün qeyd edək ki, bundan öncə yük avtomobili sürücüləri mağazaların yaxınlığında hazır vəziyyətdə gözləyir və mağazadan alış-veriş edən müştərilərin yükünü mənzil başına çatdırmaqla zəhmət haqqı alırdı. Lakin sözügedən qadağadan sonra bazara yük avtomobillərinin buraxılması yasaqlandığı üçün, yük avtomobilləri bazar ətrafında, xidmət üçün o qədər də əlverişli olmayan ərazilərdə dayanmağa başlayıb ki, bu da onların günlük qazancını əhəmiyyətli dərəcədə azaldıb. Bu səbəbdən də sürücülər bazar rəhbərliyinin geri addım atmasını, yük avtomobillərinin bazar ərazisinə girişini yasaqlayan qaydanın aradan qalxmasını tələb edir. Bazar rəhbərliyinin bu tələbə münasibəti isə hələlik bəlli deyil.