Vaşinqton və Riyad arasında gərginlik- şok gizlinlər üzə çıxır

Amerikanın Yaxın Şərqdəki ən yaxın müttəfiqi ilə arası açıla bilər, aprelin 20-də Obama Ərəbistana gedir, Kral Salmandan 750 milyardlıq təhdid
ABŞ-ın Yaxın Şərqdə ən böyük müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə arası dəyə bilər. Amerika mediasının məlumatına görə, ötən ay krallığın xarici işlər naziri Adil əl-Cubeyr ABŞ prezidenti Barak Obamaya məktub təqdim edib. Məlum olub ki, məktub ABŞ hökumətinə açıq şəkildə təhdiddən ibarətdir. Belə ki, Səudiyyə hökuməti bildirib ki, əgər Vaşinqton 11 sentyabr terroruna görə Səudiyyə Ərəbistanı hakimiyyətini ittiham edən qətnamənin Konqresdə qəbuluna mane olmasa, Riyad 750 milyard dollar dəyərində olan Amerika xəzinə hissələrini və digər əmlakını satışa çıxaracaq.
Amerikanın “The New York Times” qəzetinin məlumatına görə, təhdid öz təsirini göstərib və Ağ Ev sözügedən qanun layihəsinin Konqresdə qəbul olunmasının qarşısını almaq üçün lobbi fəaliyyətləri başladıb. O da məlum olub ki, Ağ Ev bu qanunun qəbul olunacağı təqdirdə xaricdə yaşayan amerikalıların həyatına təhlükənin artacağını bildirir. O da məlum olub ki, aprelin 20-da Səudiyyə Ərəbistanına səfər edəcək ABŞ prezidenti Barak Obamanın əsas gündəmini məhz bu mövzu təşkil edəcək.
ABŞ-ın ən yaxın müttəfiqi ilə münasibətlərini bu qədər zədələyəcək hadisənin səbəbi isə çox ciddidir. Məsələ burasındadır ki, ABŞ-da 11 sentyabr terror aktının araşdırma komissiyası terror hücumunda iştirak edən terrorçuların Səudiyyə Ərəbistanı krallıq ailəsinin bəzi üzvləri ilə əlaqələrinin olması faktlarını əldə edib. 2002-ci ildə bununla bağlı 28 səhifəlik məruzə hazırlansa da, bu sənəd təxminən 15 ilə yaxın Amerika ictimaiyyətindən gizlədilib.
Məruzə sənədində Krallıq ailəsi üzvlərinin terrorda əlinin olmasına dair ehtimallar və şübhələr yer alır. Mediada dəfələrlə bu cür iddialar yer alsa da, Ağ Ev bu iddiaları qəbul etməyib. Son olaraq 11 sentyabr olayları ilə bağlı həbs olunmuş Zəkəriyya Musa adlı şəxsin “Səudiyyə Ərəbistanı səfirliyi ərazisindən Amerika prezidentinin təyyarəsini vuracaqdıq” deməsi ciddi səs-küyə səbəb olsa da, Ağ Ev bu iddianı “axmaqlıq” adlandırıb. Məhz bu açıqlamadan sonra Konqres 28 səhifəlik məruzəni müzakirəyə çıxarmağa qərar verib.
Doğrudur, iqtisadçı ekspertlər Səudiyyə Ərəbistanının təhdidinin reallaşmasına inanmırlar. Çünki bunu etmək Riyad üçün də ciddi itkilərə səbəb ola bilər. Söhbət həm iqtisadi – maliyyə - və eyni zamanda siyasi zərbədən gedir. Ancaq görünən odur ki, Vaşinqton bu təhdidi ciddi qəbul edir və Konqresə təzyiq göstərməklə məruzənin qəbuluna qarşı lobbi fəaliyyəti başladıb. Amerika ictimai rəyi isə həm hesabatın gizlədilməsi. həm də Amerikanın ən yaxın müttəfiqinin terror olayında adının hallanmasına görə mərkəzi hökumətə qəzəblidir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı İkinci Dünya müharibəsindən sonra ABŞ-ın ən yaxın müttəfiqinə çevrilib. Xüsusən də Yaxın Şərqdə Amerikanın yaxın müttəfiqi kimi çıxış edən Krallıq zəngin neft ehtiyatları səbəbindən ABŞ-da maliyyə bazarında böyük ölçüdə paya sahib olub.
2008-ci il dünya böhranı zamanı ekspertlər Krallığın Amerika ərazisində 2 trilyon dollarlıq sərvətinin olduğunu bildirirdilər. Hazırda neft qiymətlərinin düşməsi səbəbindən Ərəbistanın neft gəlirləri də azalır. Eyni zamanda son illərdə hərbi xərclərini sürətlə artıran və bir sıra regional münaqişələrdə iştirak edən Riyad ciddi maliyyə itkisi yaşayır. Ancaq bununla belə siyasi fəallığını artırması Krallığın bölgədə siyasi gücünü də artırıb.
Ancaq bütün bunların yanında Səudiyyə Ərəbistanı hər zamanı ABŞ-ın ən yaxın müttəfiqi olaraq tanınıb. İndi isə Vaşinqton köhnə sənədləri açıb kralıq ailəsi üzvlərinin terrorla əlaqələrini üzə çıxarmağa hazırlaşır. Əgər sənədlər yayılsa bu, Riyad üçün ciddi zərbə olacaq. Xüsusən də son illərdə Riyada qarşı terroru dəstəkləmək ittihamlarının artması fonunda bu sənədlərin Vaşinqtonda üzə çıxması Krallıq üçün ağır zərbə ola bilər.

Загрузка...
Загрузка...