Vaşinqton ştatının səsini Tramp və Klinton aldılar

ABŞ-da prezidentliyə iddiaçıların növbəti ilkin seçkisi mayın 24-ü Vaşinqton ştatında keçirilib.
Prezident seçkisi 2016-cı il noyabrın 8-də olacaq. Həm respublikaçılar, həm də demokratlar prezidentliyə vahid namizədi iyul ayında keçiriləcək qurultaylarında seçməlidir. İlkin seçki yarışı qurultaya nümayəndə toplamaq üçündür.
Novator.az-ın məlumatına görə, Respublikaçılar Partiyasından rəqibsiz qalmış Donald Tramp Vaşinqton ştatında səslərin 76%-ni toplayıb. Respublikaçılardan namizəd olmaq üçün qurultaya azı 1237 nümayəndə toplamaq lazımdır. Hazırda Donald Trampın 1229 nümayəndəsi var.
Demokratların yarışına gəlincə, Hillari Klinton Vaşinqton ştatında üstün olub. Bu partiyadan namizəd olmaq üçün 2383 səs gərəkdir. İndiyədək Hillari Klinton 2305, Berni Sanders 1539 nümayəndə qazanıb.