Vaqif Mustafayev məni “Mikayıl Şou”ya dəyişdi - Mehriban Ələkbərzadə - MÜSAHİBƏ

Publika.az teatr və kino rejissoru Mehriban Ələkbərzadə ilə müsahibəni təqdim edir.
– Mehriban xanım, bayaq məndən niyə soruşdunuz ki, siz də teatrdan yazırsınız? Sualınızda bir az ironiya da hiss elədim.
– İroniya yoxdur. Son zamanlar müşahidəm deməyə əsas verir ki, iki şeydən daha çox yazırlar: teatrdan və siyasətdən. Hamı yazır ki, siyasət elə yox, belə olmalıdır. Həmçinin teatr elə yox, məhz belə olmalıdır... Halbuki teatr xüsusi sahədir və ona yanaşmaq üçün teatrı bilmək lazımdır. Teatrı bilmək üçünsə teatrşünas olmaq şərtdi. İndi hətta ədəbiyyatşünaslar da teatrdan danışır. Siz deyəndə ki, teatrdan danışacağıq, elə bildim teatrdan yazırsınız.
– Mən teatrşünas deyiləm, heç teatrdan da yazmamışam... Sadəcə, bu mövzuda ümumi bilgilərim var. Məsələn, Aydın Talıbzadənin yazılarını oxumuşam...
– Aydın Talıbzadə mənim müəllimim olub. Onu dərk etmək və teatr görüşlərini bölüşmək üçün yəqin ki, ikinci Aydın Talıbzadə olmaq lazımdır. Amma onun yazılarını oxumaq hələ o demək deyil ki, teatr haqqında nəsə yaza, danışa bilərsən. İnanın ki, illərlə teatrda çalışan adamların əksəriyyəti heç teatrı, yəni tamaşa təhlilini bilmir. Teatrdan yazmaq hər adamın işi deyil. Heç mən də bu mövzuda yazmağa cəsarət etmirəm. Amma məsələ bunda da deyil.
– Bəs bəyəndiyiniz teatr yazarlarından kimlərin adını çəkə bilərsiniz?
– Ad çəkmək sadəcə, etik deyil. Çünki unuda biləcəklərim də olacaq. Amma teatrşünas yazarlar çox azdır. Buna görə ədəbiyyatşünasların teatrdan yazmalarına qıcıqlanıram. Onlar teatrda tamaşaya yox, ədəbiyyat nümunəsinə baxmağa gəlirlər. Tamaşaları şərh, ya da vəsf edirlər, analiz etmirlər. Teatr haqqında bu və ya digər yazıların altında qeyd olunan şərhlərə baxsanız, görərsiniz ki, hamısı siyasətdə olduğu kimi teatrı da yıxıb-sökməyə, özlərini isə yeganə və tam bitkin mütəxəssis kimi təqdim etməyə cəhd edirlər. Təbii, neçə ki, teatrşünaslar geri çəkilib və ortada ciddi teatr təhlilləri yoxdur, bu tendensiya davam edəcək.
– Sevda Sultanovanın da yazıları xoşunuza gəlmir?
– O, təkcə teatrdan yazmır. Kinodan da yazır. Hərçənd ki, Sevda xanım yazılarında çox zaman haqlı olaraq bir tamaşaçı rakursundan çıxış edir. Yəni iddialı deyil. Sevindiricidir ki, o, nəyisə bəyənib-bəyənmədiyini anlamlı şəkildə yazır. İnanıram ki, Sevda xanım tamaşaçıya ötürülən mesaj və alınan təəssüratın peşəkar səviyyədə olmasını əsas götürür. Amma teatrşünas kimi tamaşanı təhlil etmək başqa məsələdir .
– Siz hansı universiteti bitirmisiniz?
– İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirmişəm.
– Ustad hesab etdiyiniz müəllimləriniz olubmu?
– Mehdi Məmmədov ustad hesab etdiyim müəllim olub. Amma mən rejissorluq fəaliyyətimdə kumir olaraq Tofiq Kazımovu görürəm. Çünki o, Azərbaycan teatrına yeni nəfəs, yeni üslub gətirdi. O, Azərbaycan teatrına dünya ilə ayaqlaşa biləcək düşüncə tərzi və ifadə vasitələri gətirdi.
 
 
– Vaqif İbrahimoğlu necə? Bəs o nə gətirdi?
– Vaqif İbrahimoğlu heç vaxt ənənəvi teatrı inkar etmədən çağdaş, fəlsəfi və dinamik, öz poetikası olan bir teatr yaratdı. Bilirsinizmi, dünyada barmaq sayında rejissorlar var ki, onlar öz metodikalarına, öz poetikalarına uyğun teatrlar yarada biliblər. Bəhs etdiyimiz bu iki rejissor Qərb teatr üslublarından bəhrələnərək Azərbaycan teatrına yeni metodika gətirmiş rejissorlardır.
Vaqif İbrahimoğlu özü Tofiq Kazımovu müəllimi hesab edirdi. Bizim teatr tarixində başqa görkəmli rejissorlar da var. Kök olaraq onların hamısı Stanslavskidən, Meyerxolddan bəhrələniblər. Amma Tofiq müəllim zamanını qabaqlayan konsepsiya ilə teatra fərqli nəfəs gətiridi.
– Maraqlıdır, necə oldu ki, YUĞ teatrına gəldiniz?
– Siz bu sualı Mədəniyyət və Turizm Nazirliyinə versəniz, daha yaxşı olar. Çünki “gəlmək” “təyin edilmək” sözü ilə əvəzlənməlidir. Mən bu təklifi qətiyyən gözləmirdim. Belə bir qərar verilibsə, çalışacam ki, etimadı doğruldum. Teatrın əvvəlki şöhrətini geri qaytarmaqda yardımçı olum. Bəzilərinin düşündüyü, bəlkə də gözlədiyi “dağıtmaq” fikrinə tam əks mövqe nümayişi ilə teatrda tənəzzülə doğru gedən proseslərin qarşısını kəsmək, onu ayaqda saxlamaq əsas vəzifədir.
– Tənəzzül deyəndə, Vaqif İbrahimoğlunun vəfatından sonrakı mərhələni nəzərdə tutursunuz?
– Bəli... Bizim əsas vəzifəmiz də odur ki, YUĞ işlək teatra çevrilsin və enişə getməsin. Ən azı müəyyən sabitlikdə qorunsun. Bu teatrın yetərincə potensialı var. Güclü aktyor truppası var. Daha böyük inkişaf xəttini haqq edir. Bu təyinat isə ancaq konflikt, intriqa axtaran və dağıntı arzusunda olanların məqsədlərinə rəğmən, teatr naminə, YUĞ naminə çalışmağa xidmət edəcək.
– Konkret hansı planlarınız var?
– Çoxdan oynanılmayan, repertuardan qərəzli şəkildə və ya digər formada çıxarılan tamaşalar bərpa olunacaq. Yeni planlar və yeni iş tələbləri, məşqlərin təyini, daha yeni tamaşalar üzərində işləniləcək. Sırf yaradıcı atmosfer... Yaradıcılıq!
– Məsələn, hansı tamaşaların bərpasından söhbət gedir?
– Tamaşa hazırlanana qədər teatrda daxili siyasətlə repertuar qurulur. Müvafiq əsərlərin qəbulu, rejissor konsepsiyası və aktyor heyəti. Bu isə teatrın mətbəxidir, onu açıqlamağımın mənası da yoxdur. Bu gün YUG teatrında yenə də 3-4 tamaşanın məşqi gedir və tamaşalar əvvəliklərdən fərqli olaraq, həftədə 3 dəfə nümayiş etdirilir. Yeni və fərqli quruluşlar da olacaq. YUĞ teatrı yaşamağa haqqı olan teatrdır və təbii ki, yaşamalıdır.
– YUĞ ənənəvi bir teatr deyil. Ənənəvi teatr sərhədləri YUĞ-da yoxdur. Və sual vermək istəyirəm ki...
– Siz hansı sərhədləri nəzərdə tutursunuz? Söhbət nəyin sərhədlərindən gedir?
– YUĞ teatrını tamaşaçılara maraqlı edən əsas hansı xüsusiyyətidir?
– Bunu siz deyin...
– Bilmirəm və sizdən soruşuram.
– Axı siz dediniz ki, YUĞ-da sərhədlər yoxdur. Mən də deyirəm ki, bu teatr hansı sərhədləri keçir? Teatrı bilmək, teatrdan danışmaq budur...
– Sizdən müsahibə almaq üçün teatr təhsilimi almalıyam? Soruşdunuz, mən də dedim ki, bilmirəm.
– Siz axı mənimlə teatrdan danışırsız! Yaxşı, söhbət hansı azadlıqdan gedir? Məsələn, siz düşünürsünüz ki, Akademik Milli Dram Teatrındakı aktyorlar azad deyillər?
– Əlbəttə, azad deyillər...
– Axı siz nədən bəhs edirsiniz?
– “Həftə səkkiz, mən doqquz” İlyas və Elçin Əfəndiyevlərin əsərlərinin tamaşaya qoyulduğu bir teatr necə azad ola bilər?
– Bu, çox qüsurlu yanaşmadır. Onlar teatrı işğal etməyiblər. Hamımızın böyuk rejissor dediyimiz Tofiq Kazımov həmin İlyas Əfəndiyev dramaturgiyası ilə teatra yeni nəfəs gətirmişdi. Siz Elçinin “Qatil” tamaşasına baxmısınızmı?
 
 
– Əlbəttə, baxmışam.
– Orada azadlıq, yəni yeni, daha çağdaş yanaşma görmürsünüz?
– Məmur bir yazıçı hansı sərhədləri aşa bilər və hansı azadlıqdan danışa bilər? İstər-istəməz çərçivə olacaq...
– Siz qarışdırırsınız. Şəxsi konteks başqa şeydir, ictimai mövzu tamam başqa şeydir. Niyə düşünürsünüz ki, hansısa sosial statusda olan yazıçı səmimi olaraq bir insan faciəsindən yaza bilməz? Niyə siz birbaşa müxalif düşüncə, ya da üsyankar yazar düşünürsünüz? “Azdrama” dediyiniz o teatr hansı düşüncə və üsluba qapı bağlayır ki? Sadəcə, bu teatrın öz poetikası var. O bir başqa məsələ ki, Vaqif İbrahimoğlunun metodikasında özək "psixosof teatr poetikası"dır. Bu yanaşma ilə dövrün obyektiv gerçəkliyini öz duyumuna müvafiq olaraq, psixoloji aspektdən açmağa çalışır. Avanqard cərəyan kimi. Bu tamam başqa yanaşmadır. “Azdrama”nı Gənc Tamaşaçılar və ya Rus Dram Teatrı ilə müqayisə etmək doğru deyil. Sadaladığımız teatrların, orda çalışan rejissorların metod və yanaşma, üslub, yaxud məktəb fərqləri var. Əsas bu götürülməlidir.
Biz sizinlə psixosof teatrdan danışırıqsa, əlbəttə, bu akademik teatr ənənəsi deyil. YUĞ teatrının tamaşalarında real təzahür özünəməxsusluğu fərqlidir. Fransız teatr avanqardının bir qütbündə duran Qaston Bati hesab edirdi ki, teatrın məqsədi "hiss və fikrin jestlər, dekorasiyalar, sözlər dilinə dəqiq tərcüməsidir". Bu mənada “azadlıq” dedikdə, biz köhnə ənənələrdən uzaqlaşmaqdan, hətta yeni tapıntıların eyni olmayan istiqamətindən bəhs edə bilərik.
Tofiq Kazımovun ümumilikdə Azərbaycan teatrına gətirdiyi yenilik, sözsüz ki, çox əhəmiyyətli idi. Meyerxoldun seçmədiyi, Stanislavskinin geniş miqyasda tətbiq etdiyi psixologizm, əslində, Azərbaycan səhnəsində tələb kimi məhz Tofiq Kazımov tərəfindən lirik psixologizm kimi qoyuldu. Sonralar tamam başqa, fərqli yanaşmalar, məsələn, Vaqif İbrahimoğlunun konseptual rejissurası meydana gəldi. Zaman və zövqlər təbii ki, fərqlidir. Və indi tam materialist təlimdən, bütün dünyada “Stanislavski sistemi” kimi tanınan ənənəvi teatr məktəbindən danışırıqsa, başqa məsələ. Antuan Artonun “qəddar” teatrı haqqında da danışırıqsa, bir başqa məsələ. Biomexanikadan danışırıqsa da, yenə ayrı mövzu.
– Mehriban xanım, biz teatrla doğulmamışıq. Düzdürmü? Bəlkə buna görə bizdə teatr tələbi mənəvi ehtiyaca çevrilmir?
– Bəli, biz teatrla doğulmamışıq. Biz kinoyla da doğulmamışıq. Biz Rusiyadan, tam olaraq Qərbdən maarifçiliyin bu mədəni qoluna qoşularaq teatrı bir sənət kimi qəbul etmişik. Mən Qaragöz və Kilimarası ənənəsini və folklor yaradıcılığını, epos mədəniyyətini inkar etmirəm ha. Amma biz teatrı bir sənət olaraq həyatımızın ayrılmaz hissəsinə qata bilmədik. Evimizə daşımadıq. Bir əyləncə vasitəsi kimi mənimsədik. Halbuki bu bizim geniş mədəni dünyaya özünüifadəmiz də ola bilərdi. Bu gün teatr bizim gündəlik mənəvi tələbatımıza çevrilmir. Teatr o ölkələrdə yüksək inkişaf səviyyəsinə çatır ki, orda insanların mənəvi ehtiyacı mədəniyyətin ən qarışıq, ən konseptual və yenilkçi formatı kimi teatrla ödənilir. Bizdə teatr tələbi mənəviyyata çevrilibmi? Biz bu canlı sənətlə dialoqa girməyə belə hazır deyilik. Əslində, çağdaş teatr və tamaşaçı zamanca yaşıddırlar. Amma bu gün hər şey çox başqadır. Səbəbini deməyə mən də çətinlik çəkirəm.
– “Biz teatrla doğulmamışıq. Heç kino ilə də doğulmamışıq”. Bəs necə düşünürsünüz, muğam bizimdirmi?
– Muğam bizimdir. Amma onu anlamaq üçün müəyyən bir intellekt lazımdır. Ruhi qidanı tutmaq lazımdır. Muğam anlayışı kortəbii də ola bilər, ağılla da ola bilər. Amma ona sevgi həmişə olacaq. Çünki bizimdir. Havamız, suyumuz qədər doğmadır. Bu gün Azərbaycanda muğamın səsi gələndə kanalı dəyişən adam varmı? Ümumi götürəndə yoxdur. Bilirsiniz niyə? Çünki genetik baxımdan muğam bizə doğma gəlir. Yaxud da, nə oxuduğunu intellektimizlə anlayırıq.
– Azan səsinə də qulaq asırıq, amma başa düşmürük. Deyirsiniz ki, onu da genetik olaraq anlayırıq?
– Məncə, hə. Azan səsini qan yaddaşımız bizə pıçıldayır. Bir də səmavi din atributları məsələsi var. Azanın içində bizim genetik kodlarımız var. İçində genetik kodların olan hər hansı bir şeyi sən ağılla dərk eləməsən də, intellektin ona cavab verməsə də, sövq-təbii olaraq meylin yaranır, doğma gəlir. Çünki səni ona genetik kodların aparır. Məsələn, cazın bizə nə yaxınlığı ola bilər? Amma Vaqif Mustafazadə muğamla cazı birləşdirdi. Ona görə də caz mənə doğma gəlir. Daha doğrusu, Vaqifin cazı mənə yaxındır. Çünki genetik muğam kodlarım özünü göstərir.
– Bizim pis-yaxşı hekayə, roman yazanlarımız var. Amma gənc dramaturqlarımız demək olar ki, yoxdur. Sizcə, bu da dramın doğma janr olmamasından irəli gəlir?
– Bayaq adını ironiya ilə çəkdiyiniz İlyas Əfəndiyev teatrı gözəl bilirdi. Ondan sonra gələn adamların heç biri teatrı onun qədər bilmədi. Teatrı Cəfər Cabbarlı qədər bilib, sonra pyes yazmaq lazımdır. Çünki pyes müəkəmməl olmalıdır. Pyes yazmaq çətin şeydir. Teatr üçün yazmaq isə təkcə pyes yazmaq deyil. Dramaturq teatrı bilməlidir. Mənim oxuduğum bir sürü şeylər var ki, onları sadəcə, səsləndirmək olar. Amma səhnə həyatı vermək, oynamaq mümkün deyil. Çünki bu pyeslər həyatın bir parçasına çevrilə bilmirlər. Və bizdə özünü yalnız və yalnız dram sənətinə həsr etmək istəyən spesifik dramaturq imzası yox dərəcəsindədir. Amma bizə yeni dövrün gətirdiyi mənəvi-əxlaqi yeniləşmələrin ifadəçisi kimi yeni dramaturq imzası mütləq gərəkdir. Təəssüf ki, yoxdur. Nə qədər bəyənməsiniz də, deyim ki, köhnə nəslin teatrı bilmək bacarığı var idi.
 
 
– Tarixən müəyyən azadlıqların olmaması ədəbiyyatın inkişafına mane olan əsas səbəblərdən hesab olunub. Yazıçı bunu hər zaman hiss edib. Belə şeylər teatrada da rejissora mane ola bilirmi?
– Sartrın fikri var: insan azad olmağa məhkumdur. O mənada ki, insan azad olmasa, özünü ifadə edə bilmir. Və insan azad olmağı seçməsə, insan ola bilməyəcək. Özünü şəkilləndirə bilməyəcək. Azadlıq özbaşınalıq kimi qəbul olunanda isə ikinci alternativ fikri meydana çıxır: azad olmaq üçün – özbaşına anlamında – Allahı, yəni vicdan və ədaləti inkar etməlisən.
Teatrda azad olmağın isə bəlli çərçivələri var. Tofiq Kazımov nə edirdi? Müəllif çərçivəsini saxlayırdı və müəyyən əlavələr edirdi. Vaqif İbrahimoğlu isə müəllif çərçivəsini dağıdırdı. İstədiyi anda hadisələrin axarını dəyişə bilirdi. Bəlli kompozisiyanı dağıtmaq, çərçivəni sındırmaq deməkdir. Baxır ki, sən o çərçivəyə nəyi yerləşdirirsən. Əgər müəllifin mətninə sədaqətli qalırsansa, azadlıq dediyimiz o sərbəst gəzintini edə bilməyəcəksən. Əgər ən azı paradiqmanı bilərəkdən dəyişirsənsə, istədiyin versiyalarda gəzintiyə çıxa bilirsənsə, deməli, sən artıq şəxsiyyətin azadlığına önəm verirsən. Və istədiyin improvizələri edirsən. Bir şərtlə ki, sonda tamaşaçıya fikrini çatdıra biləsən. Deyim ki, rejissor azad olmasa, o heç nəyi arzuolunan kimi, yəni maraqlı və yeni şəkilləndirə bilməz.
Mənim ruhum azaddır. Amma əminəm ki, hər şey edə bilmərəm. Bəlli çərçivəm var. Bu məsələlər o qədər kəskin ülgüc kənarı ilə gəzintidir ki, olumla ölüm, yaxud tənqidlə təhqirin qarışması kimi bir şeydir. Ona görə Dostoyevski deyib ki, əgər Allah yoxdursa, demək hər şey etmək olar. Bir də ki, azadlıq özü də nisbi məsələdir.
– Mehriban xanım, siz Mircəfər Bağırov haqqında arxiv materialları əsasında film çəkmisiniz...
– Bəli, Mircəfər Bağırov haqqında dörd seriya filmim nümayiş ediləndən sonra bəzi şəxslər məni yandırmaq istəyirdilər.
– Hədələmişdilər?
– Qəzetlərdə yazıldı ki, Repressiya Qurbanları Cəmiyyəti filmin müəllifini, yəni məni yandırmaq istəyir. Hansısa tarixi şəxsiyyətə şəxsi simpatiyam mənim özümə aid məsələdir. Amma mən Mircəfər Bağırovun istimai-siyasi arxivini başdan ayağa araşdırmışdım və buna əsasən, onu müsbət obrazda yadda saxlamışdım. Yenə də düşünürəm ki, bir siyasi fiqur kimi Azərbaycanı uzun müddət idarə etmiş bu şəxsiyyəti hansısa subyektiv düşüncəyə görə inkar etmək doğru deyil. Çünki bu rəhbərlərin hər birinin Azərbaycan dövlətçiliyində mühüm rolu olub, bütün arzuolunmaz tarixi faklarla bərabər. İndi onları bəyənməmək olar, amma inkar etmək olmaz.
Yaxın tariximizdəki şəxsiyyətlərə gəldikdə isə... Heydər Əliyev haqqında “Tarixin bir günü” sənədli filmlər silsiləsi çərçivəsində beş film çəkmişəm. “Heydər Əliyev və Azərbaycanın milli hərbi srategiyası”, “Əliyev və Azərbaycanın Milli Təhlükəsizliyi”, “Dağlıq Qarabağ və Heydər Əliyev”, “Cənubi Azərbaycan və Heydər Əliyev” və s.
Elə sadəcə, bir mövzunu götürək. Heydər Əliyev 1973-cü ilə qədər Cəmşid Naxçıvanski adına Həbri Liseyin yaradılmasında böyük səylər göstərdi. Sovetlər dönəmində, Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı dövrdə belə Azərbaycanda milli hərbçi kadrların yetişməsi üçün bu qədər səy göstərilməsinin alt qatında mən milli-etnik kimliyə aparan yolu görürdüm. Bunun adını kim nə qoyur qoysun. Moskvanın çoxsaylı hədələri qarşısında bu məktəbin var olmasını sağlamaq asan məsələ deyildi. Sonra nə vaxtsa Heydər Əliyevin özü xatirələrində yazacaqdı ki, mən istəyirdim bu hərbçi kadrların adı Əli, Vəli, Məmməd olsun. İvan, Petrov olmasın. Çünki milli-hərbçi kadrlar varsa, demək, ərazini qoruyan bəlli etnik kimlik, yəni yiyəlik hissinin tərbiyəsi var.
Mən bu mövzunu işləyəndə arxiv materialları ilə tanış oldum və çox heyrətləndim. Çar Rusiyasından üzü bəri Qafqaz müsəlmanlarının (türklərin) hərbə, hərbi təhsilə gedən yolu tamam qapanmışdı və bu qaydanı bir ənənə kimi, sanki varisliklə Sovetlərə keçirənlərin qarşısında duruş gətirmək, israrla milli hərbçi kadrlar yetişdirən bir məktəb açmaq nə demək idi? Siz əgər arxiv materiallarından Moskvanın hədələrini oxusaydınız və Heydər Əliyevin onlara verdiyi cavabları görsəydiniz... Təbii ki, bunarın hamısını filmdə ehtiva elədim.
– Maraqlıdır, başqa hansı tarixi şəxsiyyətlər haqqında film çəkmək istərdiniz?
– Mənim Nəriman Nərimanova televiziya ömrüm çatmadı. Nəriman Nərimanov haqqında, Topçubaşov haqqında da film çəkmək istəyirdim. Zamanım çatmadı. Amma illər sonra, 2010-11 ci illərdə Azərbaycanfilm Kinostudiyasında “1918-ci ilin mart hadisələri və yaxud qara oyunlar” adlı üç seriyadan ibarət tarixi sənədli araşdırma mahiyyətli bədii-sənədli film çəkdik. Orda ilk dəfə Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Şaumyan obraz kimi canlandırıldı. Bu da təbii, arxiv materialları əsasında idi. Çünki mart hadisələrindəki son günlərə qədər Nərimanovun evində bu hadisələrin qızğın müzakirəsi gedirdi. Şaumyanın “bacarığı” sayəsində sinfi savaş adlanan kiçik bir qığılcımı milli savaşa çevirdilər. Təbii, bu məsələ Leninlə razılaşdırılmışdı. Rəsulzadə və Nərimanov isə bu qırığının tərəfində deyildilər. Amma iş elə gətirdi ki, qarayaxmalarda Nərimaovun adı başqa cür hallandırıldı. Bunun isə heç bir tarixi sübutu yoxdur. Bu filmdə biz sübut elədik ki, Azərbaycanda baş vermiş bu qırğınlar mərkəzin və təbii ki, ermənilərin qara oyunu idi.
 
 
– Niyə elə hesab edirlər ki, siz Nərimanovu milli qəhrəman, Məmməd Əmin Rəsulzadəni isə xalqı qırığına verən bir vətən xaini kimi təqdim eləmisiniz və bununla da onu aşağılamısınız?
– Film üç seriyadan ibarətdir. Bu filmə baxmayan, yaxud qərəzli mövqe tutan kimsələr nəsə deyirsə, buna cavab vermək mənasızdır. Film heç kimsəni milli qəhrəman statusunda verə bilməzdi. Çünki film sənədli araşdırma idi. Filmdə üç ölkə – Türkiyə, Azərbaycan və Rusiyanın tarixçi alimləri araşdırma aparırdı.Və yetərincə ciddi alimlərin illərlə apardığı tədqiqat işlərindən əsaslı sübutlar gətirilirdi. Və bir də arxiv materialları. Bu Mehriban Ələkbərzadənin şəxsi düşüncələri deyil ki, hər kəs istədiyi səmtə yozsun. Sadəcə, son günə, son saata qədər Bakıda qırğın olmasına müqavimət göstərən hər iki dəyərli sima – Məmməd Əmin Rəsulzadə də, Nəriman Nərimanov da bu qırğının miqyasını təsəvvür edə bilməmişdilər. Bunu kimsə də edə bilməzdi. Mənim hər ikisinə simpatiyam və dəyər verməmə kimin hansı qiymət verməsi umurumda belə deyil.
Filmdə isə əksinə, Rəsulzadənin Nərimanovu ittiham etməsi və Nərimanovun ona cavabı var. Ancaq qeyri-peşəkar, naşı, tarixi bilgisi olmayan bir adam mənə kimlərisə vətən xaini adlandırmaq şəri yaxa bilər. Rəsulzadə milli azadlıq və milli kimlik yolumuzda bir mayak idi. Bunu danmaq kimsəyə nəsib olmayacaq. O deyən nakəslərə deyirəm ki, haqqında danışdığınız o film mart qırğınlarından bəhs edir. Baxın və sonra nəyisə müzakirə edin. Heç olmasa, belə mövzularda bu qədər naşılıq nümayiş etdirməyin.
– Sizin televiziya ömrünüz neçənci ildə başa çatdı?
– 2008-2009-cu illərdə...
– Niyə belə tez?
–İnsan nə zaman gedir? O zaman gedir ki, görürsən daha sənə ehtiyac yoxdur. Və yaxud, sənə imkan yoxdur. Mənə çox yaxşı başa saldılar ki, sən artıq burda işini əvvəlki kimi görə bilməyəcəksən. Təbii, yenə də qalıb və sadəcə, işləmək adı ilə maaş almaq mümkün idi. Amma mən filmlərimlə güclü və maraqlı idim. Və görürdüm ki, daha başqa yanaşmalar, başqa janrlar meydan sulayacaq. Şoular, əyləncəli verilişlər və s. Mən isə burada güclü olmayacaqdım. Həm də bu işlər mənlik deyildi. Ona görə də getdim.
– Vaqif Mustafayev kanala rəhbər gəldi və siz getdiniz... Belə?
– Vaqif Mustafayev gələn kimi mənim filmlərim “Space”-də dayandırıldı. Hətta bəlli tarixdə mütləq proqrama salınmış filmlərin nümayişi belə dayandırıldı. Və bu ərəfədə Azərbaycan Dövlət Televiziyası olaraq Arif Alışanov məni işə dəvət elədi. Ən ciddi proqramlar – tədris redaksiyası, gənclik, hərbi-vətənpərvərlik və beynəlxalq əlaqələr şöbəsi Maarifçilik studiyası adı altında birləşdirildi. Və mən o studiyanın rəhbəri təyin edildim...
– Orda nə qədər davam elədiniz?
– Lap az. Bir az sağlamlığımla bağlı problemlər yarandı. Həm də müstəqil rəhbər kimi fəaliyyətim olacaqdı, amma yaradıcı adam kimi fəaliyyət göstərə bilmirdim. Həm də çərçivəm başqa idi. Özəl televiziya kanalında silsilə şəkildə tarixi-sənədli filmlər eləmək başqa idi, burda tamam başqa idi. Qısası, alınmadı.
– Belə demək mümkünsə, Vaqif Mustafayev sizi “Mikayıl Şou”ya dəyişdi...
– Hə... Nə qədər çətin və kobud olsa da, təəssüf ki, belə oldu.
– Vaqif müəllimin sizinlə bir düşmənçiliyi vardımı?
– Vallah, o gələnə qədər heç bir düşmənçiliyimiz yox idi. Sadəcə, bədii filmlərlə kinoya gələn bir rejissor müəyyən zamandan sonra sənədli filmlər çəkməyə başladı. Amma mən o, gələnə qədər də televiziyada bu işləri görürdüm. Özü də geniş şəkildə. Hər halda mənim arxivlərdə səksəndən artıq sənədli bədii filmlərim var. Bunların çoxu da silsilə sənədli filmlərdir. Vaqif Mustafayevin özü də mənim bütün filmlərimin təqdimatında olurdu. Ən gözəl sözləri deyən adam da o idi. Amma gələndən sonra dəyişdi. Və başlandı... Mənim filmlərim arxivdə var. Hətta müəyyən tarixi hadisələrlə bağlı günlər olur ki, o filmlər təzədən efirə getməli olduğu halda yol qapanırdı.
– Bəs bir rejissor kimi Vaqif müəllimə münasibətiniz necədir?
– Bədii filmlər və faciəvi komediyalar, ümumiyyətlə, dediyimiz çərçivələri dağıdan qrotest filmlər ustası kimi ona doğrudan da, “bravo” düşür. Mən düşünürəm ki, onun ən azı iki filmi – “Yaramaz” və “Hər şey yaxşılığa doğru” Azərbaycan kinosu üçün böyük töhfədir. Bütün münasibətlərimizə rəğmən, hesab eləyirəm ki, Vaqif Azərbaycan kinosunda köhnə dərdi yeni formada daşıya bildi. Amma sənədli film bir az fərqli janrdır.
– Dünya rejissorları ilə ayaqlaşa bilirmi?
– O dəyəri kinoşünaslar versin. Mənim qiymətim subyektiv olacaq. Və mövzumuz bu deyil axı.
Kəramət Böyükçöl

Загрузка...
Загрузка...