​Vaqif Bayatlı Odər Elçibəylə Akif İslamzadəni necə tanış etdi?- YAXIN TARİXİMİZ

Miryəhya Yusiflinin “Elçibəy” tarixi sənədli romanı adından da göründüyü kimi Azərbaycan Respublikasının sabiq prezidentlərindən olan mərhum Əbülfəz Elçibəyə həsr olunub.
Elçibəyin həyatı, siyasi və elmi fəaliyyəti haqqında səhih məlumat verilən romanda həmçinin, Sovet dövrünü, ötən əsrin sonlarındakı qaynar tarixi prosesləri aydın görmək olar.
sənədli romandan yalnız kiçik bir hissəni təqdim edir. Burada üç real tarixi obraz var- Əbülfəz Elçibəy, Vaqif Bayatlı Odər və Akif İslamzadə... Digər iki şəxsi heç təqdim etməyə ehtiyac belə yoxdu... Beləliklə, ötən əsrin 1970-ci illərinə nəzər salaq. Qeyd edək ki, nə qədər də real tarixi hadisələrə söykənilsə də roman ədəbi məhsul kimi bədiilikdən tam uzaq deyil.
“1972-ci ilin sentyabr ayının sonları idi. Əbülfəz müəllim Vaqif Cəbrayılzadə ilə Qubernator bağındakı çayxanada sakit bir güşədə əyləşib çay içirdilər. Birdən radioda Akif İslamzadənin səsi eşidildi. Əbülfəz müəllim bir anlığa susdu və sonra Vaqifə dedi:

- Sən Allah, mahnı qurtarana qədər danışma, mahnıya qulaq asaq! Onun mahnıları məni gündən-günə özünə çəkir. Onun mahnılarını dinləyən hər bir kəsin milli ruhu oyanır. Vaqif Cəbrayılzadə də bir anlığa susdu və öz aləminə qapıldı. Bir azdan mahnı bitdi, o, dərin fikirlərdən ayılaraq mutlu bir tərzdə dedi:
- Əbülfəz müəllim, istəyirsən onu səninlə tanış edim? Mənimlə çox yaxındır.
Onun bu sözlərindən Əbülfəz müəllimin kefi lap duruldu və dedi:
- Vaqif, elə bir iş görsən, böyük bir savab qazanarsan.
Vaqif Cəbrayılzadə tam əminliklə dedi:
- Gələn həftənin bu günü, elə bu vaxt, burada görüşərik.
- Çox gözəl, mən razı. Bir müddət onlar orada çay içib dərdləşəndən sonra oranı tərk etdilər.
Payız fəsli təzə girdiyindən havalar qismən soyumuşdu. Səhər saat on bir olardı. Akif İslamzadə Fidetov küçəsində yerləşən tele-radionun səsyazma studiyasının qapısından içəri daxil oldu. O, növbəti mahnısını yazdırırdı. Elə mahnını təzəcə yazdırıb qurtarmışdı ki, Vaqif Cəbrayılzadə içəri daxil oldu. O, oranı yaxşı tanıyırdı, bir neçə dəfə Akiflə burada olmuşdu. Səsyazma studiyasının işçiləri ilə görüşüb hal-əhval tutandan sonra Akifə dedi:
- Səninlə bir az söhbətim var. İşlərini qurtarmısanmı?
Akif dərhal cavab verdi:
- Vaqif, demək olar ki, qurtarmışam, amma bir dəfə qulaq assaq pis olmaz. Görək, necə çıxıb?! Sənin fikrin də mənim üçün önəmlidir.
- Lap əla, mənim üçün xoşdur ki, sənin ilk dinləyicin oluram. Musiqi sədaları yavaş-yavaş otağı bürüdü. Akif İslamzadənin şaqraq, gözəl, məlahətli səsi otaqda olanları heyran etmişdi. Vaqif Cəbrayılzadə qalın qaşlarını çataraq, onun oxuduğu mahnıdan xüsusi bir ləzzət alırdı. Sanki musiqi onu başqa bir aləmə aparmışdı. Bir azdan mahnı sona çatdı, musiqi susdu. O, əl çalaraq, Akifi alqışladı və əlavə etdi:
- Akif, əla! Vallah, günü-gündən püxtələşirsən. Onun bu sözü Akifə, elə bil, qol-qanad verdi.
- Vaqif, indi mən hazır, hara deyirsən gedək!
Vaqif Cəbrayılzadə gülümsəyərək:
- Gedək, bu mahnıya görə mən səni xoruzquyruğu çaya qonaq edəcəm. Akif də ona zarafatla cavab verdi:
- Bəy verən atın dişinə baxmazlar.
Onlar studiyanın işçiləri ilə xudahafizləşib bayıra çıxdılar. Bir az getmişdilər ki, Akif dilləndi:
-Hansı çayxanaya gedək? O, fikirləşmədən cavab verdi:
- Parapet bağındakı çayxana daha yaxındır. Bir azdan onlar çayxanaya çatdılar. Stolların çoxusu tutulmuşdu, lap qıraqda ağacın altındakı stol boş idi. Onlar stolun arxasına keçib əyləşdilər. Vaqif Cəbrayılzadə dediyi kimi etdi. Dərhal xoruzquyruğu çay sifariş verdi, sonra ətrafı gözucu nə- zərdən keçirdi və arxayın oldu ki, onları izləyib-güdən yoxdur. Bu vaxt çayçı dəmlədiyi çayniki gətirib stolun üstünə qoydu. Vaqif Cəbrayılzadə çayniki götürüb əvvəl Akifin, sonra da öz stəkanına çay süzdü və dedi:
- Akif, istəyirsən səni Universitetin müəllimi Əbülfəz müəllimlə tanış edim?
Akif maraqla ondan soruşdu:
- Doğrudan?! Yoxsa, zarafat edirsən?
- Yox, zarafat zad etmirəm.
-Gerçək sözümdür. Onun bu sözlərindən Akifin gözləri sanki işıqlandı və dedi: - Haçan?
O dərhal cavab verdi:
- Elə, günü sabah, Əbülfəz müəllimlə danışmışam, sabah axşamçağı saat 6-da bizi Qubernator bağındakı çayxanada gözləyəcək. Akif mutlu bir halda dedi:
- Vallah, oğulsan! Çoxdandır mən onunla rəsmi şəkildə görüşmək arzusunda olmuşam.
Axşamçağıdır, yüngül gilavar əsir. Təxminən saat 6-ya on dəqiqə qalır. İki gənc oğlan söhbət edə-edə “Bakı Soveti” metrosunun qabağından Qubernator bağına girirlər. Bu gənclərdən bir Vaqif Cəbrayılzadə, digəri isə Akif İslamzadədir. Akif bir neçə dəqiqədən sonra arzuladığı və yaxından tanış olmaq istədiyi şəxslə - Əbülfəz müəllimlə görüşəcək. Onlar çayxanaya yaxınlaşanda, Əbülfəz müəllim çayxanaya təzəcə daxil olurdu. O, boş stollardan birinin arxasında əyləşdi və ətrafa nəzər saldı.
Çayxanada hələ bir neçə stol boş idi. Cibindən siqaret qutusunu çıxartdı və bir siqaret çıxarıb damağına qoydu, sonra alışqanı ilə onu yandırıb bir qullab vurdu. Elə bu vaxt çayxanaya daxil oldular. Onlar uzaqdan Əbülfəz müəllimi gördüklərinə görə birbaşa onun stoluna yaxınlaşdılar. Vaqif Cəbrayılzadə salam verdikdən sonra dedi:
- Əbülfəz müəllim, adını eşitdiyiniz, səsini sevə-sevə dinlədiyiniz Akif İslamzadə qarşınızdadır. Buyurun, tanış olun! Akif sıxıla-sıxıla əlini Əbülfəz müəllimə tərəf uzatdı.
- Akif, sənin sənətdə tutduğun yol düzgün yoldur. Sən türk oğlu türk kimi oxuyursan. Çünki ifanda yad nəfəs – nə ərəb, nə fars, nə də hind musiqisinin qarışığı, çalarları yoxdur. Səni ürəkdən alqışlayıram, eşq olsun!
Əbülfəz müəllimin bu sözləri onun ürəyini dağa döndərdi. Onun sevincinin həddi-hüdudu yox idi. Öz-özünə düşündü ki, deməli o, əsl sənətkardır, onun öz yolu, dəsti-xətti vardır. Heç kəsi təqlid edib yamsılamır. Başlıcası, Azərbaycan musiqisini yad təsirlərdən qoruyur. Bu, onun sənəti üçün böyük qiymət idi. O, sıxıla-sıxıla üzünü Əbülfəz müəllimə tutaraq dedi:
- Mənim sənətimə verdiyiniz bu qiymətə görə sizə təşəkkür edirəm və çalışaram ki, tutduğum bu yolu axıra qədər davam etdirim.
Onun bu sözlərindən Əbülfəz müəllim gülümsəyərək cavab verdi:
- Biz sənə təşəkkür etməliyik ki, belə təmiz, aydın oxuyursan, ruhumuzu oxşayırsan. Sənin səsin, ifan insanların milli ruhunu, vətənpərvərlik hisslərini oyadır. Çalış həmişə vətənpərvərlik hisslərini oyadanmahnılar oxu! Xalq üçün bu, sənin ən böyük xidmətin olar.
Bu əsnada Vaqif Cəbrayılzadə zarafatla Akifə bir atmaca atdı:
- Onun ustadı mən olmuşam! Ona mən yol göstərmişəm! Əbülfəz müəllim də onun atmacasına zarafatla cavab verdi:
- Bərəkallah kəramətinə! Çox sağ ol, yaxşı şagird yetişdirmisən.
Şərq musiqisinin incəliklərindən, xüsusən də, Azərbaycan musiqisinin qədimliyindən, zənginliyindən xeyli danışdı. Həm- çinin nəhəng musiqişünaslarımızdan – Seyfəddin Ürməvidən, Əbdülqadir Marağaidən də maraqlı söhbətlər etdi. O, Azərbaycan musiqisinin gözəlliklərindən, incəliklərindən danışdıqca Akif İslamzadə daha da heyrətlənirdi. Çünkü onun qarşısında oturub söhbət edən şəxs, Azərbaycan musiqisinin gözəl bilicisi idi”.
Elmin Nuri

Загрузка...
Загрузка...