Valideynlər Təhsil Nazirliyinə etiraz edirlər

Azərbaycanda bir qrup məktəbli valideyni Təhsil Nazirliyinin tədris ili ilə bağlı tətbiq etdiyi yeniliyə etiraz edirlər.
Ölkə.Az xəbər verir ki, Avaaz.org saytında petisiya yaradan valideynlər dərs ilinin iyunun 15-dək uzadılması barədə qərarın ləğvini istəyirlər.
Valideynlər qeyd edirlər ki, dərs ilinin uzadılması ilə əlaqədar uşaqların təmiz havada oynamağa, idmanla, musiqi ilə məşğul olmağa vaxt çatmır.
“Başqa ölkələrin təcrübəsini misal gətirmək lazım deyil. Çünki onların həyat tərzi tamamilə başqadır. Bizim təbiət şəraitimiz uşaqlar üçün üç ay istirahət tələb edir. Ancaq yay mövsumunda uşaqlarımız dənizdə və təbiətdə dincələ bilərlər.
Uşaqlarımızın uşaqlığını əllərindən almaq olmaz. Biz təhsil ilinin 15 iyuna qədər uzadılmasına razı deyilik. Biz tələb edirik ki, təhsil ili 1 sentyabr 30 maya qədər, payız tətili - 7 gün, qış tətili - 10 gün, yaz tətili - 7 gün, yay tətili - 3 ay olsun”, - deyə dövlət başçısı İlham Əliyevə ünvanlanan petisiyada qeyd olunur.
Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin sektor müdiri Almaz Əsgərova isə bildirir ki, bu yeniliyi qəbul etmək istəməyənlər  bəzi sovet  təfəkkürlü valideyinlərdir.
Nazirlik rəsmisi hesab edir ki, tədris ilinin uzadılması barədə qərar təhsilin inkşafına xidmət edir. Onun sözlərinə gorə, 3 aylıq yay istirahətindən qayıdan uşaqların adaptasiya olmasına iki ay vaxt sərf olunur, şagirdlər bu vaxtı itirmiş olur.
“Ona görə də tədrisin uzadılması şagirdlərin yalnız xeyrinədir. Bu müasir dövrün tələbidir. Uşaqlar daha çox elmlə məşğul olmalıdı. Bunu bizdən valideynlər tələb etməlidi, qərara etiraz etmək əvəzinə. Bu yeniliyi qəbul etmək üçün onun mahiyyətini dərk etməlidirlər”.
Qeyd edək ki, petisiyanın təşkilatçıları isə 10 000 imza toplamaqda israrlıdırıar.