Vahid Əhmədov Mərkəzi Bankı tənqid etdi — "Devalvasiya olmalıdır"

 
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, iqtisadçı-ekspert Vahid Əhmədov son günlər Azərbaycanda manatın növbəti devalvasiyası haqda yayılan məlumatlarla bağlı mövqeyini açıqlayıb
 
V.Əhmədov Ölkə.Az-a açıqlamasında bildirib ki, o, manatın növbəti devalvasiyası haqda heç bir dəqiq məlumata malik deyil:
 
“Növbəti devalvasiyanın nə vaxt baş verəcəyini mən dəqiq deyə bilmərəm. Onu deyə bilərəm ki, hazırda Mərkəzi Bankın apardığı siyasət müəyyən qədər manatın ucuzlaşmasına gətirib çıxarır. Ona görə də bu proses davam etməlidir və manat öz dəyərini almalıdır. Əgər biz istəyiriksə ki, Azərbaycanda normal bazar iqtisadiyyatı və bank sisteminə etimad olsun, o zaman bu proses getməlidir”.
 
Xatırladaq ki, ötən həftə Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov da son günlər Azərbaycanda manatın növbəti devalvasiyası haqda yayılan məlumatlara münasibət bildirib.
 
Ş.Mövsümov deyib ki, devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır və bunun nəticəsində spekulyantlar qazanır.