Üzeyir bəy son nəfəsində nəyi vəsiyyət etmişdi?- FOTOLAR

 
 
 
23 noyabr çağdaş Azərbaycan musiqisinin memarı, böyük maarifçi, publisist və bəstəkar Üzeyir bəy Hacıbəylinin dünyadan köçdüyü tarixdir. O, 1948-ci ilin bu günündə 63 yaşında dünyasını dəyişən Üzeyir bəyin məzarı  I Fəxri Xiyabandadır.
 
Üzeyir bəyin ölənə qədər iki böyük nisgili oldu- qardaşı Ceyhun Hacıbəyli, müstəqil Azərbaycan Cümhuriyyəti. Onların hər ikisini eyni vaxtda itirmişdi. Qardaşını da, müstəqil dövlətini də...
Ceyhun bəy hamıya məlum olan diplomatik səbəbdən Fransaya getmiş və daha geri dönə  bilməmişdi. Bu barədə hamımız bildiyimiz üçün çox danışmaq istəməzdik. Keçək mətləbə -Üzeyir bəyin nisgil və nigaranlığına. Ceyhun bəy dünyasını dəyişənə qədər Avropada həm maddi, həm də mənəvi sıxıntılar yaşadı. Bəzən, Bakıdakı ailə üzvlərinə bu barədə yazır və ağır güzəranını qeyd edirdi. Üzeyir bəyin həssaslığını nəzərə alaraq, bəzi məktubları ondan gizləyirdilər. Amma hansını gizlətsinlər ki?! Sonradan onlar arasında bir çox məktublaşmalar oldu.
 
Onlardan biri də 1924-cü ilin yayında Yesintuki şəhərində Üzeyir bəy tərəfindən yazılıb. Burada Üzeyir bəyin narahatlığını aşkar görmək olar. Çünki Ceyhun Hacıbəyli qardaşı Zülfüqara (o da musiqiçi olub. E.N.) yazdığı məktubda üzləşdiyi gerçəyi-Parisdə pis durumda olduqlarını, səhhətlərinin naxoş, pullarının  yoxluğunu söyləyir. Bakıdakı qardaşlar-Zülfüqar və Üzeyir məktubu oxuyanda çox pis olurlar. Üzeyir bəy  məktubu belə cavablandırır: (Üzeyir bəyin yazı üslubu saxlanılıb)
 
“Dünən Zülfüqardan bir məktub aldım, sənin ona göndərdiyin kağızın məzmunu mənə yazıbdır, oxuyub xeyli mükəddər oldum, o qədər ki, tamam istirahətim pozuldu.
 
 
 
İndiki iş belə oldu, gərək məsələni aydınlaşdıraq və ona görə də müəyyən qərara gələk. İş bundadır ki, biz hamımız indiyə qədər bu fikirdə idik ki, siz orada asudə və istirahətdə yaşayırsınız. Ona görə də, bir o qədər maraq etməyib görüşəcəyimiz günü səbr ilə gözləyirdik. Bizim böylə bir zənddə olduğumuzun səbəbi o idi ki, sən öz kağızlarında dolanacağından şikayət etmirdin və əhvalınızından açıq və müəyyən bir şey yazmırdın. Fəqət, Zülfüqara yazdığın kağızdan görünür ki, əvvəla siz orada çox pis dolanırsınız və belə güzaran səni qara-qara fikirlərə salaraq əsəbi naxoşluğuna səbəb olubdur. İşin bu tərəfi həm məni, həm də Zülfüqarı artıq fikirlərə salıbdır, ona görə də ciddi tədbirlər görmək lazım gəlir. Mən işin hər tərəfini fikirləşib bu qərara gəlirəm ki, siz gərək tezliklə yığışıb Bakıya gələsiniz. Sizin Bakıya qayıtmağınız bizim oraya gələ bilməyimizdən çox-çox asandır. Çünki əvvəla sən qaçaq deyilsən, müxalif siyasi firqələrdə olmamısan. Komissar yoldaşlarımızdan hamısı sənin kim olduğunu yaxşı bilir. Hərgah bura qayıtsan, qulluq sahibi olan sairələrdən artıq hörmət qazanarsan. Sənin oradan çıxmağında bir çətinlik  yoxsa, hərgah özün də qayıtmaq istəyirsənsə, mənə açıq yaz. Mən də bu xüsusda çalışım. Səni inandırım ki, bizim Bakı bu saat Parisdən heç də pis deyildir”.
 
Üzeyir bəy məktubun sonunda qardaşına əsəbi gərginliyi azaltmaq çox yaxşı üsul deyir:
 
“Bir nəfərin tövsiyyəsi ilə belə müalicəyə başladım, sənə də təvəqqe edirəm: səhər yerimdən durub “Müller”in sistemi ilə gimnastika edirdim. Sonra yaş məhrəba ilə bütün bədənimi, ən çox da belimi sürtürdüm və sürtən kimi də qurulayırdım. Onu qurtarandan sonra “unvanlik”in yanında “ablivaniya” edib, sonra qurulayıb “rastiraniya” edirdim. İki –üç gün belə edib gördüm ki, təzədən dirildim. Gecələr baş yorğunluğum itib, saat üçə kimi işləyib yorulmuram”.
Üzeyir bəy onun vətənə dönüşünü ömrünün sonuna qədər gözləyib.
Araşdırmaçı-jurnalist Qərənfil Quliyevanın  danışdığı bir fakt bunun əyani sübutudur:
 
 
 
“Fəxri Xiyabanda Hacıbəylilər ailəsinin dəfn olunduğu hissədə Üzeyir bəyin məzarının yanında bir boş yer var ki, onu da Ceyhun Hacıbəyli üçün saxlamışdılar. Ailəsi istəyirdi ki, o, Üzeyir bəyin yanında dəfn olunsun. Bu, həm də Üzeyir bəyin ailəsinə etdiyi vəsiyyət idi. Yəni onun vətənə qayıdacağına axıradək inanırdılar”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...