Üzeyir bəy onu bezdirən qarmon ifaçılarını bu cür susdurdu- XATİRƏ

 
 
 
 
Bu xatirə böyük xanəndə Seyid Şuşinskiyə aiddir. Özü də birbaşa Üzeyir bəy haqqında yox, XX əsrin əvvəllərindəki əfsanəvi qarmon ustası Abutalıb barəsindədir. Abutalıbın atası toylarda xanəndəlik, yaslarda isə mərsiyəxanlıq edərmiş. Bir gün yeni doğulan oğlu Abutalıb çox ağlayanda nə edəcəyini bilməyib, onun üçün pəsdən “Segah” oxuyur. Uşaq “Segah”ı dinləyən kimi yuxuya gedir. Yatmaqla bağlı problem olan Abutalıbı sonradan ancaq bu cür yuxuya vermək mümkün olub.
Böyüyəndən sonra da musiqidən başqa heç nəyə bağlanmadı. Atası kimi səsi olmasa da, ifaçılıq xəttini seçdi və 20 yaşında bütün Qarabağda çox güclü qarmon ustası kimi tanındı.
 
Moderator.az-ın təqdim etdiyi xatirə də elə həmin Abutalıb barəsindədir:
 
“Bir gün Üzeyir bəy konservatoriyanın rektoru olanda məni çağırıb dedi:
- Ağa, bu qarmonçalanlar məni cana gətiriblər. O deyir “məndən olmaz”, bu deyir “Mən hamıdan yaxşı çalıram”. Ona görə bu hay-küyə son qoymaq üçün konkurs keçirmək lazımdır.
 Mən Üzeyirbəyin məqsədini başa düşüb elan verdim və elanda göstərdik ki, respublikada qarmonda birinciliyi qazanmaq üçün filan ayda, filan gündə öz qarmonları ilə konservatoriyanın klubunda hazır olsunlar. Nəhayət, konkurs elan olan günü Azərbaycanın hər yerindən əlliyə qədər qarmonçu yığışmışdı. Üzeyirbəy çıxdı səhnəyə, oturacaq stulun üzərinə 14 dilli bir qarmon qoyub dedi:
- Konkursun bircə şərti var. Kim bu qarmonda “Orta mahur” çala bilərsə, xahiş edirəm səhnəyə çıxsın. Üzeyirbəyin bu elanından sonra zalda qarmonçular arasında bir növ çaxnaşma düşdü. Bir çoxları da təəccüb edib bir-birinin üzünə baxıb mat qaldılar. Nəhayət, Abutalıbdan başqa səhnəyə çıxan olmadı... Bunu görən Üzeyirbəy təzədən səhnəyə çıxıb əli ilə bığını tumarlayıb dilləndi:
- Hə, qoçaqlar, necəsiniz? Tısa-bısanız yatdımı?! Sonra üzünü mənə tutub dedi:
- Ağa, məsələ aydındır, yığıncağı bağla.
Mən Üzeyirbəyi yaxşı başa düşməyib ondan soruşdum:
- Ay bəy, bəs Abutalıb çalmayacaq? O, başını bulayıb narazı halda dilləndi:
- Ağa, Abutalıbın çalğısına ehtiyac yoxdur. Məni, özlərindən razı qalıb “mənəm-mənəm” deyənlərin çalğısı maraqlandırırdı. Onların da qeyrəti bu gün aydın oldu.
O günü mən də bir daha “Abutalıbdan başqa qarmon çalan tanımıram” qənaətinə gəldim.
 
Elmin Nuri

Загрузка...
Загрузка...