Üzeyir bəyin “Koroğlu" uverturası Rəsulzadənin şəkərini qaldırıb, halını pisləşdirdi- ACI TARİX

 
 
 
23 noyabr çağdaş Azərbaycan musiqisinin memarı, böyük maarifçi, publisist və bəstəkar Üzeyir bəy Hacıbəylinin dünyadan köçdüyü tarixdir. O, 1948-ci ilin bu günündə 63 yaşında dünyasını dəyişən Üzeyir bəyin məzarı  I Fəxri Xiyabandadır.
 
Qarşıdan Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi gəldiyini nəzərə alaraq, Üzeyir bəyi elə özünün vurğun olduğu bu dövlətin lideri ilə bağlı bir xatirədə yada salacağıq.
 
Moderator.az xəbər verir ki, bu xatirə Rəsulzadəşünas Nəsiman Yaqublu Rəsulzadənin ağrı-acılarla dolu həyatından bəhs edən və böyük şəxsiyyətin öz adını daşıdığı monoqrafiyada yer alıb. Nəsiman müəllim bəzi yerlərdə öz hisslərini cilovlaya bilmir. Faktların, sənədlərin çərçivəsindən kənara çıxmayaraq, bədiiləşdirmələr aparır. Elə sizə təqdim edəcəyimiz xatirədə də bu özünü göstərir. Daha doğrusu, həmin xatirədə nə yoxdur ki?! Həmin xatirədə Rəsulzadənin ömrünün son illərini yaşadığı kasıb daxma, ağır güzəranı da görəcəyik:
 
“Bir gün qəribə hadisə baş verdi. Neçə il idi ki, həsrəti ilə yaşadığı  “O Azərbaycan”ın səsini eşitdi. Hə, elə o Azərbaycanın, ömrünün unudulmaz iyirmi üç ayını yaşadığı vətəninin səsinə qulaq asdı. Evindəki yarısınıq kresloda əyləşdiyi zaman birdən radioda Üzeyir Hacıbəyovun “Koroğlu” operasından üvertüranın səslənəcəyi elan olundu. Üvertüranın elə başlanğıcından halı başqalaşdı, oturduğu kresloda çırpınmağa başladı: Yox, bu “O Azərbaycanın” səsidir. Bu o vətənin nəfəsidir. Üzeyir bəy bu musiqini imperializmin dəmir məngənəsi arasında yazsa da o Azərbaycan düşünüb. Başqa cür də ola bilməz. Üzeyir bəy heç zaman o azad vətəni unuda bilməzdi. O vətəndə yaşadığı zaman böyük işlər görmürdümü? Xalqı üçün çalışmırdımı? Üç rəngli bayrağımızdan ilhama gəlmirdimi? Yazılarında vətənimizi satmaq istəyənlərə nifrətlər yağdırmırdımı? Yox, ola bilməz. Ola bilməz ki, Üzeyir bəy o vətəni unutsun, üç rəngli bayrağı yaddan çıxarsın. Gör neçə ildən sonra o keçmiş günü xatırlayıb, istisini yaşadıb içərisində. Yox, Üzeyir bəy bu musiqini bolşevik Azərbaycanının adına yazmayıb. O istəyib ki, bu yolla da olsa, xalqa “o vətən”i xatırlatsın. Bu musiqi əzilən xalqımın işğalçılara nifrət zərbəsidir. Bu musiqi ilə Üzeyir bəy yurdunu işğal edənlərə üsyan qaldırıb. İntiqam, intiqam deyir bu səs! Yurdunu müstəmləkə əsarətində inildədənlərə qarşı qisasa çağırır. Xalqı qanlı terror rejimindən qorxmamağa, bir gün haqq qapısının açılacağına inandırır. Başqa cür də ola bilməz. O Azərbaycanı görən minlərlə günahsızın ölümünə Üzeyir bəy sakit dayana bilməzdi. Bu onun silahıdır. Bu onun döyüş yoludur. O hamımız kimi yanıb ağrıyıb, içərisindən alovlanıb. İtirilmiş vətəninin intizarı ilə qovrulub. Amma geri çəkilməyib. Bu qanlı düşməni yox etmək yollarını düşünüb. Yəqin son sözü, son kəlməsi o Azərbaycan olub. Üzeyir bəyə bolşeviklərin verdiyi o orden-medallar onun qəlbindəki Azərbaycanımızı silib apara bilmədi. İndi həyatda yoxdur o. Amma xalqa o Azərbaycanın nəfəsini verib getdi…
 
 
 
Radiodan “Koroğlu”nun əzəmətli sədaları yayılırdı otağa. Kresloda çırpınır, nəfəsi çatmayan adamlar kimi əzab çəkirdi. Kreslo sınıq olduğundan (evində cəmisi iki kreslo vardı) cırılmış oturacağından saman ovulub yerə tökülürdü. Radioda “Koroğlu”nun—“O Azərbaycanın” səsi eşidilirdi. O isə kresloda ürəyindən yaralı halda çırpınırdı: Qoymadılar, dağıtdılar yurdumu. Xəyanətkarlar xain əlləri ilə vətənimi talan etdilər. İndi hər yanda «Lenin, Stalin» qışqırırlar. Xalqı həqiqətdən uzaq ediblər. Yalançı şüarlarla vətənimin sərvətini çəkib aparırlar. Qanlı terror rejimi ilə xalqın azadlıq hissini boğub öldürürlər. Amma yox, o ölməyib. Üzeyir bəy bir daha sübut etdi, bütün Azəri türklərinə çatdırdı ki, sənin azad vətənin olub. Yenə o vətənə istiqlaliyyət gətirməyə qadirsən! Bu istəyini heç zaman boğma! O gün gələcək, o azadlıq bayrağı yenə vətənin başı üzərində dalğalanacaq. Demək Üzeyir bəy bu neçə ili ağrı çəkib susurmuş. Tökülən qanlardan ehtiyatlanırmış. Sonra dözə bilməyib səsini ucaldıb, bəsdirin, bu xalqı az qırın deyib. Bu xalqın da yaşamaq haqqı var. Bu xalq Cavad xanlar, Koroğlular yurdudur. Bu xalqın Koroğlu ürəkli oğulları birləşib ayağa qalxsa, bacara bilməyəcəksiniz. Hamınız coşan tufanın sərt nəfəsiylə yox olub gedəcəksiniz. Bu xalq Koroğlu ruhludur. O ruhu ürəklərdən silib aparmaq olmaz. Hər gün yüzlərlə vətənpərvərlərimizi öldürsəniz də, yerinə başqası gələcək, sizə qarşı daha da kinli olacaq! Demək susmayıb, mübarizəsini aparıb Üzeyir bəy!.. ...
 
 
 
Leyla xanım otağa girəndə dəhşətə gəldi. Həyat yoldaşı kresloda yaralı quş kimi çırpınırdı. Tez ona sarı atılıb həyəcanla soruşdu: — Emin, Emin, sənə nə olub! Şəkərinmi qalxıb? Pismi hiss edirsən özünü? Axı birdən-birə nə oldu sənə?
 
Leyla xanım səhv etmirdi. On beş ilə yaxın idi ki, birgə yaşadığı həyat yoldaşının şəkər xəstəliyi vardı və keçirdiyi həyəcan vəziyyətini ağırlaşdırmışdı. Amma Leyla xanım radioda musiqi sədası kəsildiyindən bir həqiqəti öyrənə bilməmişdi: Ömür-gün yoldaşının şəkəri birdən-birə qalxmamışdı, həyatda dünyalar qədər sevdiyi bir insan ona həmişə məhəbbətlə danışdığı «O Azərbaycan»ın səsini eşitmişdi..."
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...