Uyqar Koçaş: “Azərbaycan Türkiyə üçün potensial böyük bazarlardan biridir”

Ötən il ərzində Türkiyə Azərbaycandan 602 min nəfər turist qəbul edib. "Report"un "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Hotelçilər Birliyinin (TÜROB) baş katibi Uyqar Koçaş bildirib: "İki ölkə mədəniyyət və dil sahəsində bir çox ümumi dəyərlərə malikdir".
"Azərbaycan Türkiyə üçün potensial böyük bazarlardandır. Türkiyə azərbaycanlı turistlərin ən çox ziyarət etdikləri ölkələrdən biridir. Azərbaycanda İstanbul, Kapadokiya və digər qaynar turizm mərkəzlərinin reklam kampaniyalarını davam etdirmək önəmlidir. Təəssüf ki, son iki ildə Azərbaycan iqtisadiyyatında yaşanan çətinliklərlə əlaqədar insanlar səyahət planlarını məhdudlaşdırmalı olurlar. Həmçinin, son dövrdə Türkiyədə baş verən terror aktları da əcnəbi vətəndaşların Türkiyəyə səyahət planlarına mənfi təsir edib", - deyə o, bildirib.
Türkiyə hotellərinin, xüsusən Avropa və Rusiya da daxil olmaqla əsas bazarlarda itirdiklərini bərpa etmək üçün böyük təşviqat xarakterli tədbirlər keçirdiyini deyən baş katib bildirib ki, TÜROB bu yaxınlarda Azərbaycan, Latın Amerikası və Cənubi Afrikada turizm bazarlarının tanıdılması üçün böyük turizm sərgiləri təşkil edib.
Qeyd edək ki, ötən il Afrikadan Türkiyəyə 885 min, Cənubi Afrikadan isə 47 min turist gəlib.