Uşaq xəstəxanasında biabırçı vəziyyət


Azərbaycanın rayonlardakı xəstəxanaları həbsxanalara bənzəyir
 
Bunun növbəti nümunəsi Göyçayda yaşanır.
 
Göyçay rayon Uşaq Xəstəxanası uşaq koloniyasına oxşayır. Xəstəxanadan şəkillərə baxanda mənzərə tam aydınlaşır. Səhiyyə Nazirliyinin qayğısı və tibbə göstərdiyi analoqsuz xidməti uşaq xəstəxanasında öz əksini tapır.
 
Üstəlik, Göyçayda keçirilən nar bayramı münasibətilə bütün səhiyyə işçilərindən pul yığılır. Azərbaycanı dünyaya səhiyyəsi, təhsili ilə tanıtmalıyıq. Nar dənləməklə, başla qarpız yarmaqla yox.
 
Amma Göyçay uşaqlarının müalicə olunduğu şərait əsl “bayram” ab-havası yaradır. Göyçay səhiyyə şöbəsi rəhbərliyi və səhiyyə naziri Oqtay Şirəliyev sanki Göyçayda uşaq həbsxanası saxlayır. Bu şəraitdə hansı xidmətdən, müayinədən danışmaq olar?
 
Ümumiyyətlə, bu barədə əlavə nəsə yazmağa ehtiyac yoxdur. Çünki fotolar hər şeyi ifadə edir. Korrupsiyanı da, səhiyyənin səviyyəsini də, rəhbərliyin fəaliyyətini də…
 
Politika.Az-ın xəbərinə görə, bu günlərdə ödənişli tibb xidmətinə keçid də elə bu xəstəxanaya tam uyğundur. Pullu tibbi xidmət qərarı nazirlikdə toy-bayrama səbəb olub.
 
Bu şənliyə Bakı və regionlardakı baş həkimlər də qoşulub. Onlar qurbanlar kəsir, nəzir-niyaz verir, ehsan paylayır. Çünki xalqı açıq şəkildə soymaq süçün heç bir maneə qalmadı.
 
Bununla da rüşvəti səhiyyədə leqallaşdıran Nazirlər Kabineti və Səhiyyə Nazirliyi Avropa tibbindən daha yüz min kilometrlərlə uzaqlaşaraq yaxın Afrika ilə bərabərləşməkdədir.
 
Bu qərar bütün baş həkimlərin və dövlət klinikaları rəhbərlərinin ürəyinə yağ kimi yayılıb.
 
Bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb.
 
Nizamnaməyə əsasən indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi.
 
Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığı nın qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək.
 
Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri NK tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.
 
Nizamnaməyə edilən digər dəyişikliyə əsasən bələdiyyə adından yaradılan müəssisələrdə pullu tibbi xidmət göstəriləcək. Yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda müəyyən edilmiş pulsuz tibbi xidmət göstərmə halları istisna olacaq. (politika.az)