Uorlik: "Ən böyük narahatlıq dinc əhali arasında qurbanların olmasıdır"

"ATƏT-in Minsk qrupu həmsədrlərinin ən əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin tam həllidir". "Report" xəbər verir ki, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi" radiostansiyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, atəşkəsi pozmaq cəhdləri narahatlıq doğurur, ən böyük narahatlıq isə dinc əhali arasında qurbanların olmasıdır: "Biz ağır artilleriyadan istifadə olunmasını qınayırıq".
Həmsədr, həmçinin konqresmenlər Roys və Şermanın müraciətlərinə də toxunub. Onların təklifləri arasında atəşin istiqamətini təsbit edən qurğuların, eləcə də atəşkəs rejimini daha effektiv müşahidə etmək üçün həmsədrlərin yerləşdirilməsi məsələləri yer alır.
C.Uorlik qeyd edib ki, həmsədrlər tərəflərin razılığının əldə olunmasına və atəşkəs rejiminin gücləndirilməsinə yönəlmiş bütün təklifləri dəstəkləyir.