“Unibank” prezidentinin oğlu kreditləri qaytarmaq üçün qoçu axtarır — VAKANSİYA yoxsa ÖZÜNÜİFŞA?

 
Ölkədə ardıcıl baş verən iki devalvasiyadan sonra gecikmiş və qaytarılmayan kreditlərin sayı çoxalıb.
 
Xüsusən dollarla kredit götürən vətəndaşlar kredit borclarını qaytarmaqda çətinlik çəkirlər. Banka borclu olan bir çox vətəndaş məhkəməyə verilib. Bəzi banklar isə bu məsələni məhkəmə ilə həll etməyə maraqlı deyillər.
 
Buna səbəb məhkəməyə müraciət olunan zaman həmin kredit bəzən müvəqqəti dondurulur və ya məhkəmə qərarına əsasən borclu şəxsin ödəyə biləcəyi məbləğ əsas götürülərək qərar çıxarılır. Eyni zamanda məhkəmə qərarı ilə kreditin müddəti də uzadılır. Bu səbəbdən banklar məsələni məhkəmədən öncə müştəri ilə həll etməyə çalışır.
 
“Unibank” isə sanki bu məsələni idmançılar vasitəsilə həll etməyi daha üstün tutur.
 
Belə ki, “Unibank” Ölkə qanunlarını “reket”, “vorzakon” qanunlarına əvəzləyən “BOA Kollektor” adlanan şirkət ilə müqavilə bağlayıb.
 
Ölkə.Az xəbər verir ki, daha öncələr də mətbuatdan tanıdığımız kimi “BOA Kollektor” iş elanı saytlarından birində "vaxtı keçmiş borcların qaytarılması üzrə mütəxəssis" vəzifəsi ilə bağlı vakansiya elan edib. Bankın namizədlə bağlı tələblərində isə birinci şərtin "idmançı görünüşlü" olması diqqəti cəlb edib. Həmin elanda qeyd edilir ki, rəhbərliyin verdiyi tapşırıqlar “yüksək səviyyədə” həll edilməlidirş Yəni Azərbaycan Respublikası qanunları çərçivəsində yox, rəhbərliyin verdiyi tapşırıqlar əsasında...
 
Həmin elan eynilə aşağıdakı kimidir:
 
Vaxtı keçmiş borcların qaytarılması üzrə Mütəxəssis
 
Müəsisə: "BOA Kollektor Agentliyi" MMC
 
Məvacib: 500 AZN
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
 
Öhdəliklər:
 
- İdmançı görünüşlü
- Həqiqi hərbi xidməti başa vurmalı
- Yaxşı nitq qabiliyyətinə, ünsiyyət qurmaq bacarığına malik olmalı
- Kollektivdə işləmə bacarığı
- Kompyuterdə işləmə bacarığı
- Stress altında işləmə bacarığı
 
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı,Vaxtı keçmiş borcların qaytarılması üzrə Mütəxəssis, yazılmalıdır.
İş barədə məlumat:
 
Əsas vəzifə öhdəlikləri:
 
- Problemli Müştərilərlə əlaqə yaratmaq
- Ödənişləri təmin etmək
- Gecikmə səbəblərinin araşdırılması və problemin həlli üçün tədbirlər görülməsi
- Rəhbərliyin verdiyi bütün tapşırıqların vaxtında və yüksək səviyyədə həll edilməsi
Yaş: 20 - 35 yaş
 
Təhsil: Orta
Region: Bakı
 
 
 
Şirkətin rəhbəri kimdir?
 
Ölkə.Az-ın əldə etdiyi məlumata görə Şirkətin sahibi aşağıdakı fotoda gördüyünüz Samir Mustafayevdir. Şirkət əməkdaşlarının vətəndaşlarla ünsiyyət qurmaqdan çox, onları açıq hədələmələri belə təəssürat yaranır ki, kollektorun əməkdaşları sadəcə Samir Mustafayevə yox, həm də daha kimlərəsə güvənirlər.  Bu kollektorun əməkdaşlarına vətəndaşın böyrəyini satması göstərişini verən gücün qaynağı, onun kimliyi ən vacib suallardan biridir.
 
Mətbuatda “BOA Kollektor Agentliyi” nin “reketlik” fəaliyyəti ilə məşğul olduğu haqda bir neçə dəfə məqalələr yazılıb.
 
Ən maraqlı məqam isə budur ki, “BOA Kollektor Agentliyi”nin təsisçilərindən biri poker yarışında 1 milyon udan “Unibank”ın prezidenti Eldar Qəribovun oğlu İlkin Qəriblidir.
 
Belə ki, ölkədə fəaliyyət göstərən yeganə kollektor şirkəti olan agentliyinin həmtəsisçisilərindən biri də Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir.
 
 
 
Məsələni iqtisadçı ekspert Əkrəm Həsənov belə şərh edib:
 
“Məhkəmə istənilən halda qanuni yoldur. Məhkəmədən kənar vətəndaşa zəng edib dəng etmək, qorxutmaq, saxlamaq, döymək tamamilə qanunsuz əməllər sayılır. Ancaq bəzi banklar artıq qanunsuz olan yola üz tutublar. Bankların gözləməyə vaxtı yoxdur. Bankların vəziyyəti o qədər pisdir ki, onlar məhkəmədə prossesi udsalar da, qərara əsasən təyin edilən müddəti gözləyə bilmirlər. Vətəndaşlar da artıq bilir ki, məhkəmə prossesinin uzanması vətəndaşın xeyrinədir. Bəzi banklar bu səbəbdən qanunsuz hərəkətlərə əl atırlar.
 
Bu səbəbdən bəzi banklar belə şirkətlərlə müqavilələr imzalayır, bank işini bilən, hüquqi bilgiləri olan adamları yox, daha çox idmançı görünüşü olan, yaxşı danışa bilən, zəhimli insanların bu vəzifələrə cəlb edirlər. Prinsipcə belə işçiləri işə qəbul etmə məsələsində qanunsuz heç nə yoxdur. Ancaq bu işəqəbul sual yaradır ki, niyə məhz bu göstəricilər?”
 
Ekspert bu kimi şəxslərlə ünsiyyət qurmaq yerinə polisə müraciət etmək lazım olduğunu bildirib:
 
“Əgər bu şəxslər tərəfindən vətəndaşlara dəfələrlə zəng edilir və qapıları döyülürsə, polisə müraciət edilməlidir. Bankın bir qanuni yolu var, o da məhkəməyə müraciət etməsidir. Bank əgər məhkəmədən başqa digər vasitələrdən istifadə edirsə vətəndaşlar bundan qorxmamalıdır”.
 
Xatırladaq ki, bank işçiləri tərəfindən vətəndaşlara zəng və təhdid edilməsi, hətta bəzi kreditorların döyülməsi barədə faktlar ölkə mediası tərəfindən dəfələrlə işıqlandırılıb.