Ukraynaya iddialı gedən həmyerlimiz: Ya "Dinamo", ya da "Şaxtyor"...

Baxış sayı: 
125

İllər öncə ölkə futbolunda milyonlar dövr edəndə azərbaycanlı futbolçular Biləcəridən o tərəfə getmək haqda düşünmürdü. İsti evin içində oynayıb, daha çox qazanmaq həvəsi legioner həyatı yaşamaq istəyini üstələyirdi. Lakin zamanla maliyyənin azalması bizimkilərin xaricə yolunu açdı. Son 2-3 ildə neçə-neçə təcrübəli futbolçumuz legioner həyatı yaşayıb və bir çox hallarda geri dönüblər. Lakin son vaxtlar gənclərin Avropaya axınına şahidlik etməkdəyik. Hazırda Çexiyada üç həmyerlimiz – Fərid Nəbiyev, Rövlan Muradov və Arzuman Rizvanov top qovur. Budaq Nəsirov iki ildən çoxdu Portuqaliyadadır.
Onlardan biri də Hüseyn Əhmədovdur. Çoxları onu tanımır. “Əlincə”nin yetirməsi olsa da, “Vətən”də və “Qarabağ”da çıxış edib. Azərbaycan futbolunun yaralı yeri sayılan sol cinah müdafiəçisi mövqeyində çıxış edir. Eyni zamanda yarımmüdafiədə oynamaq bacarığına da sahibdir. Ötən ilin sonunda Ukraynaya yollanaraq, birinci divizionda çıxış edən “Gelios”la anlaşıb. Lakin bu, onun Şevçenkonun vətəninə ilk səfəri deyil.
Publika.az Hüseyn Əhmədovun "Futbol+" qəzetinə müsahibəsini təqdim edir:
- Artıq neçə vaxtdı Ukraynadasan?
- Bura oktyabrın sonunda gəlmişdim. Noyabrda “Gelios”a qoşuldum.
- Komandada işlərin necə gedir? Adətən, azərbaycanlı futbolçular başqa ölkələrə uyğunlaşmaqda çətinlik çəkir.
- Düzdü, ilk gəldiyim həftələrdə mənim də belə problemim vardı. Bilmirəm, nə işdisə, təzyiqim artmışdı, düşmək bilmirdi. Həkim nəzarətində oldum, müalicə aldım. Tədricən qaydasına düşdü. Təxminən iki ay çətinlik çəkdim. İndi də, şükürlər olsun, heç bir problem yoxdu. Uşaqlarla dostlaşmışam, məşq edirəm, boş vaxtlarımızı xoş keçiririk.
- Əsas komandadasan, yoxsa aşağı yaşlılarda?
- Xeyli vaxtdı əsas komandanın düşərgəsindəydim. Burda hava şəraitinə görə birinci dəstədə qış fasiləsi uzun çəkir, ikinci yarı apreldə başlayacaq deyə, təlim-məşq toplanışlarında iştirak etdim. Amma ümumi götürsək, U-19-un üzvü sayılıram. 18 yaşımı yeni tamamlamışam, ona görə də müəyyən vaxta ehtiyacım var. U-19 liqası start götürüb deyə, artıq bu komandaya qoşulmuşam.
- Belə başa düşdüm ki, hələ əsas komandada yer yoxdu sənə.
- Yer yoxdu deyəndə ki... Hər şey özümdən asılıdı. Orda ehtiyatda qalmaqdansa, U-19-da müntəzəm oynamağım vacibdi. Özüm də bunun tərəfdarıyam. Yaxşı oynadıqca, özümü yaxşı tərəfdən göstərdikcə, məşqçilər heyəti xidmətimə ehtiyac duyacaq. Hər halda, özümə qarşı inam hiss edirəm.
 
- Orda 19 yaşlılara ayrılan diqqətlə bizimki arasında hansı fərqlər var?
- Başqa komandaları deyə bilmərəm, amma “Gelios”da uşaq futboluna böyük diqqət ayrılır. Futbolçu yetişdirib, başqa klublara satırlar. Vaxtilə “Gelios”da yetişmiş bir çox futbolçu hazırda elitada çıxış edir. Həm maddi, həm də texniki planda hər şey qaydasındadı. Baş məşqçimiz Anatoli Yuryeviç Seryogin vaxtilə “Metallist”, “Arsenal”, “Astana” kimi komandaların şərəfini qoruyub. Olduqca təcrübəli və savadlı mütəxəssisdi. Əsasən sürətə üstünlük verir. Deyərdim ki, yaradılan şərait baxımında arada ciddi fərq yoxdu. Sadəcə burda daha çox tələb edirlər.
- Bəs oyun və məşq planında arada hansı fərqləri hiss edə bilmisən?
- Burda “fizika”ya hədsiz önəm verirlər. Məşqçilərin ilk tələbi fiziki hazırlığın yaxşı olmasıdı. Ondan sonra taktiki-texniki planda nəsə tələb edirlər. Azərbaycanda isə, bildiyiniz kimi, əsasən texniki tapşırıqlar vacibdi. Yuryeviç “Qarabağ”dan gəldiyimi biləndə mənimlə söhbət etdi. Dedi ki, komandanızın Gənclər Liqasında “Roma”ya qarşı matçınızı izlədim. Texniki üstünlüyümüzü qeyd etməklə yanaşı, fiziki cəhətdən “axsadığımızı” gizlətmədi. Vaxtilə nəyəsə görə Azərbaycanda da olub, futbolumuzdan, çempionatımızdan xəbərdardı.
- Yeri gəlmişkən, “Qarabağ”ın U-19-nun heyətində adına rast gəlmədim...
- Adım iştirak ərizəsinə salınmışdı, amma oynamağıma icazə verilmədi. Gənclər Liqasında oynamağım üçün azı 2 il “Qarabağ”ın üzvü olmalıydım. Ona görə də mümkün olmadı.
- Axı, “Neftçi”nin bir neçə futbolçusu məhz Gənclər Liqasında çıxış etmək üçün komandaya yeni qoşulmuşdu. Məsələn, Musa Qurbanlı, İbrahim Əliyev və s.
- Düz deyirsiz. Bu məqam mənim özümə də qaranlıq qaldı. Amma Turan Vəlizadə, Rauf Hüseynli və mənə icazə verilmədi. Hətta hazırda əsas komandayla məşq edən Nicat Süleymanov “Atletiko”yla səfərdəki oyun üçün İspaniyaya aparılsa da, oynamasına icazə verilmədi.
- “Qarabağ”dan buna görə ayrıldın?
- Xeyr-xeyr. Sadəcə, legioner həyatı yaşamaq, çətinlikləri indidən görüb, alışmaq istəyirdim. Yeganə səbəb bu idi. Ukraynaya ilk səfərim deyil. Ötən il də Xarkova gəlmişdim. Sadəcə, o vaxt “Metallist”də maliyyə problemi yaşandı və klub dağıldı. Ona görə də yenidən Azərbaycana qayıtmalı oldum. Futbolçu kimi yetişdiyim “Əlincə”yə qayıtdım, ora da dağıldı deyə, hamımız “Vətən”ə üz tutduq.
- Bəs “Qarabağ”a keçidin necə baş tutdu?
- “Qarabağ”la yoldaşlıq görüşündə Pablo adlı ispan məşqçi məni bəyənmişdi. U-17-yə götürdülər. Sonradan Rəşad Sadıqov valideynimlə əlaqə saxlayıb, U-19-da çıxış etməyi təklif etmişdi. Ondan sonra “Qarabağ“ın U-19-una keçdim.
- İkinci dəfə Ukraynaya yollanmağın necə baş tutdu?
- O vaxt “Metallist”də məşqçim olmuş şəxs əlaqə saxlayıb “Gelios” variantının olduğunu söyləyəndə, açığı, tərəddüd edirdim. İlk dəfə problem yaranmışdı deyə, növbəti dəfə səfər etmək riskli görünürdü. Lakin karyeramı düşünərək riskə getdim və yenidən Xarkova gəldim. Rəşad Sadıqovla danışdıq, məsləhətləşdik, sağ olsun, belə bir şərait yaratdı. “Qarabağ”dan sənədlərimi götürməkdə heç bir problem yaranmadı.
- U-19 yığması toplanışa başlasa da, siyahıda adına rast gəlmədim.
- Açığı, millinin məşqçilər heyəti maraqlanmışdı, hətta baş məşqçimizlə əlaqə saxlayıb danışmışdılar. Ümid edirdim ki, dəvət edərlər. Lakin çağrılmadım. Heç bir problem yoxdu. Bəlkə də belə məsləhət imiş. Növbəti toplanışlara cəlb olunmaq üçün daha da səylə çalışacam.
- Bəlkə baş məşqçiniz haqqında xoş sözlər deməyib?
- Belə şey ola bilməz. Çünki heç bir problem yoxdu, bütün oyunlarda şans qazanıram, əsas komandayla hazırlıq keçmişəm.
- Klub ev kirayələyib, yoxsa bazada qalırsan?
- Düzü, əsas komandada çıxış edən nigeriyalı futbolçu ilə eyni mənzildə qalmağı məsləhət görmüşdülər. Lakin buna razı olmadım. Çünki Xarkovda dayım yaşayır. Mən də onlarda qalıram. Qohum evində yaşamaq bazada, yaxud kirayədə qalmaqdan daha rahatdı.
- Maaş alırsan?
- Əsas komandaya cəlb olunursansa, peşəkar statusun varsa, maaş verilir. Yox, akademiyanın və U-19-un üzvüsənsə, qələbədən sonra “premiya” qazanırsan. Fevralda 18 yaşım tamam oldu. İnşallah, aprelin ilk həftəsində əsas komandayla müqavilə bağlayacam, hazırda sənədləri hazırlayırıq. Ondan sonra maaş veriləcək.
- Xarkovda səndən başqa azərbaycanlı futbolçulara rast gəlmisən?
- Hələ ki görməmişəm. Bəlkə çempionat başlayandan sonra rəqiblərin heyətində kimsə rastıma çıxar. Başqa şəhərlərdə oynamamış olmazlar.
- Gələcək üçün arzun nədi?
- İlk növbədə “Gelios”un əsas komandasında özümü göstərmək və Ukrayna nəhənglərinin diqqətini çəkmək. Ən böyük arzum “Dinamo”nun, yaxud “Şaxtyor”un formasını geyməkdi. Bilirəm, hələ çox tezdi. Lakin bunu qarşıma məqsəd qoymuşam. Eyni zamanda Azərbaycanın müxtəlif yaş qruplarından ibarət yığmalarının formasını geyib, sonda əsas milliyə yüksəlmək. Bunun üçün əlimdən gələni etməyə çalışacam. Hədəfə çatmaq üçün üzərimdə çox çalışmalıyam.
- Azərbaycanlı futbolçular arasında bəyəndiyin kimdi?
- Müdafiəçi olduğum üçün daha çox müdafiəçilərə rəğbət bəsləyirəm. Özüm “sol” oyunçusu olsam da, Bədavi Hüseynovun oyununu xoşlayıram. Əzmkarlığını, mövqe seçimini, ağıllı oyununu bəyənirəm.
- Bəs Avropada?
- “Barselona”nın və İspaniya yığmasının üzvü Jordi Albanı. Oyun üslubunu çox bəyənirəm, onun kimi oynamaq istəyirəm.

Загрузка...
Загрузка...