Ukraynada yeni qanun: hüquq təhsili olmayan da baş prokuror postu tuta biləcək

Ukrayna prezidenti Pyotr Poroşenko mayın 12-də “Prokurorluq haqqında” qanuna dəyişikliyi imzalayıb. Novator.az-ın məlumatına görə, yenilik hüquq təhsili olmayan şəxsə baş prokuror postu tutmaq imkanı verir.
Baş prokuror postunu hüquq təhsili olmayan şəxsin tutmasına imkan verən qanun layihəsini bu gün Ali Rada qəbul edib. Layihəni 258 deputat dəstəkləyib.
Yeni qaydanın baş prokuror postuna namizəd Yuri Lusenkoya görə qəbul olunduğu bildirilir. Parlamentdə Pyotr Poroşenko blokuna liderlik edən Lusenko hüquq təhsili olmadığına görə baş prokuror postuna namizəd göstərilə bilməzdi.
Lusenko 1989-cu ildə Lvov Politexnik İnstitutunun elektrotexnika fakültəsini bitirib.  O, Viktor Yuşşenkonun prezidentliyi dövründə (2005-2010) iki dəfə daxili işlər naziri olub.
Əvvəlki baş prokuror Viktor Şokin 2016-cı ilin martında prezidentin təklifi ilə istefa verib.