Ukraynada inzibati binalar silahlılar tərəfindən ələ keçirildi - VİDEO

Ukraynanın şərqində yaradılan “Luqansk Xalq Respublikası” separatçı qurumun mərkəzi olan Luqanskda inzibati binalar fərqlənmə nişanları olmayan naməlum silahlılar qrupu tərəfindən tutulub.
Publika.az xəbər verir ki, bu haqda “Novaya Gazeta”nın mənbələri bildirib.
Mənbələr iddia edir ki, onlar atıcı silahlara və minaatanlara malikdirlər. Separatçı qurumun başçısı İqor Plotnitski binaların azad edilməsini əmr edib, ancaq silahlılar əmrə əhəmiyyət verməyiblər.
Təsdiq edilməmiş məlumatlara görə, Donetskdən Luqanska içində döyüşçülərin olduğu üç “Ural” yük avtomobili gəlib. Bu döyüşçülərin “Donetsk Xalq Respublikası” separatçı qurumun başçısı Aleksandr Zaxarçenkonun tabeliyində olduğu bildirilir.
Daha əvvəl - noyabrın 20-də İqor Plotnitski “Daxili İşlər Nazirliyinin başçısı” İqor Kornetanı istefaya göndərib. Ancaq, məlumatlara görə, Korneta bu əmrə tabe olmaqdan imtina edib. Bu baxımdan, inzibati binaları tutan şəxslərin Kornetanın tabeliyində olan döyüşçülər olduğu təxmin edilir.
Silahlı toqquşma halları, həmçinin naməlum silahlılar tərəfindən irəli sürülən tələblər haqqında hələ məlumat yoxdur. Silahlılar “Daxili İşlər Nazirliyi”nin anti-terror əməliyyatı üzrə təlimlər keçirdiyini bildirməklə kifayətləniblər. “Daxili İşlər Nazirliyi” isə şərh verməkdən imtina edib.

Загрузка...
Загрузка...