Ukrayna prezidentinin ötən il nə qədər qazandığı açıqlanıb

Aprelin 1-də Ukrayna prezidenti Pyotr Poroşenkonun 2015-ci il gəlirləri haqda bəyannamə dərc olunub. Novator.az xəbər verir ki, prezident saytında dərc olunan bəyannaməyə görə, Poroşenko 2015-ci ildə 62 milyon 163 min qrivna (2 milyon 371 min ABŞ dolları) gəlir əldə edib.
Rəsmi sənədə əsasən, Poroşenkonun illik əməkhaqqı 121 min 54 qrivna (4 min 617 dollar), dividendləri 12 milyon 375 min qrivna (472 min dollar), digər gəlirləri 49 milyon 375 min qrivna (1 milyon 894 min dollar) olub.
Ukrayna prezidenti qiymətli kağızlar və korporativ hüquqların özgəninkiləşdirilməsindən 1 milyon qrivna (38 min 100 dollar) qazanıb.
Bəyannamədə Poroşenkonun ümumi sahəsi 54364 kvadratmetr olan 6 torpaq sahəsi, 1331,7 kvadratmetrlik yaşayış evi, üç mənzil və 35,3 kvadratmetrlik digər daşınmaz əmlakı olduğu göstərilib.
Sənədə görə, Poroşenkonun adında 3 avtomobil var, onlardan ikisi icarəyə verilib.
Prezidentin bank hesablarında 563 milyon 73 min qrivna (21 milyon 500 min dollar) olduğu qeyd edilir.
Bəyannamədə Poroşenkonun ailə üzvlərinin əmlakı, nəqliyyat vasitələri və gəlirləri də yer alır.