"Uğurlu seriyaya başlamalıyıq" – "Qəbələ"nin futbolçusu

“Bütün oyunlarda olduğu kimi bu dəfə də bütün fikrimizi qarşıdakı matça yönəltmişik. Qarşılaşmaya ciddi hazırlaşırıq. İnanıram ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə komandanın daha yaxşı hazırlaşmasına imkan yaradıb".
Turaninfo.az Qol.az-ın məlumatına istinadən , bu sözləri "Qəbələ"nin futbolçusu Elvin Camalov Topaz Premyer Liqanın 27-ci turunda AZAL-la oyun öncəsi klubun saytına deyib.
21 yaşlı yarımmüdafiəçi bildirib ki,  səfərdə oynayacaqları üçün onları çətin görüş gözləyir:
"Əvvəlki oyunlarda vacib xallar itirmişik. Bu üzdən vəziyyəti düzəltmək üçün uğurlu seriyaya AZAL üzərində qələbə ilə başlamalıyıq”.
E.Camalov bu görüşdə hədəfin yalnız 3 xal olduğunu bildirib:
“Bu rəqiblə dəfələrlə qarşılaşdığımızdan onlara yaxşı bələdik. Kifayət qədər yaxşı komanda ilə üz-üzə gələcəyik. Buna baxmayaraq, tam qüvvəmizlə mübarizə aparıb, qələbə əldə etməyə çalışacağıq. AZAL-la qarşılaşmada meydana 3 xal üçün çıxacağıq. Düşünürəm ki, qalib gəlmək üçün daha istəkli olmağımız lazımdır. Bizi yalnız 3 xal qane edir. Bunun üçün də əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, bu mövsüm AZAL-la oyunlarda (2:0, 0:0) 4 xal qazanan “Qəbələ” son 3 matçda rəqibindən qol buraxmayıb. Komanda uduzmadığı səfərdəki son 5 oyunda 4 qələbə qazanıb və 1 heç-heçə edib.