Uduzan Gürcüstan

Onlar – iqtidarda olan gürcü məmurları elə zənn etdilər ki, bu seçkidə də qalib gəldilər və daha 4 il yerləri rahat, işləri rəvan olacaqdır...
Hazırda bugünkü hakim dairənin hansı duruma düşdüyünü rəmzi mənada daha mənalı ifadə edə biləcək bir faktı sizlərə xatırladıram - iqtidar liderlərindən biri olan Kaxa Kaladze 2009-cu ildə futbol üzrə dünya birinciliyinin seçmə oyunlarının Gürcüstan-İtaliya qarşılaşması zamanı 2 top fərqinə və 3 xal ehtiyatına ciddi ehtiyacı olan rəqib komandanın “satın alınmışına” çevrilərək, oyunun ikinci hissəsində 10 dəqiqə ərzində öz qapılarına lazımi 2 qolu vurdu. Həmin dövrdə K. Kaladze İtaliyanın məşhur “Milan” klubunda oynayır və o ölkənin o zamankı baş naziri Silvio Berluskoni ilə dostluq münasibətində olduğu vurğulanırdı.
Bu seçkilərdə də “Gürcü Arzusu” ümumi nəticədə özünü qalib etsə də, Vətənimiz olan Gürcüstanın, gürcü dövlətçiliyinin qapısına 2 avtoqol vurmuş oldu!
Birinci qol ondan ibarət oldu ki, Vahid Milli Hərəkat partiyasının hakimiyyətdə olduğu 9 il ərzində Gürcüstanın demokratik dövlət quruculuğu sahəsində beynəlxalq aləmdə qazanmış olduğu şan-şöhrəti uca dağ başından alıb, yerdən yerə vurdu. Hazırkı parlamentdə Şevardnadze dönəminin korrupsionerlərindən olan bir neçə sabiq məmura İvanişvili tərəfindən yer verilməsi buna bariz nümunədir! Üstəlik “köhnə qurdlara” müxtəlif məmur postlarında görəv verilməsi ölkənin çox yaxın zamanlarda yenə, 90-cı illərdə olduğu kimi, dərin korrupsiya quyusuna yuvarlanacağı ehtimalını gücləndirir (Bunun bəzi cücərtilərini bizlər son dörd ildə görməkdə idik).
İkinci, ƏN BÖYÜK QOL isə ondan ibarətdir ki, Marneulidə Əhməd İmamquliyevi ikinci tur seçkisində uduzdurmaqla, separatçı həmvətənlərimiz olan abxaz və osetinləri Gürcüstan dövlətindən daha min kilometr uzaqlara qovdu! Bu fikri mən artıq son dörd ildə bir neçə məqalə və şərhlərimdə altını cızaraq qeyd etmişəm ki, ey iqtidarda olan gürcü məmuru, siz biz-azərbaycanlılara qarşı əsl dostluq münasibətinizi əməli işdə nümayiş etdirməklə dövlətçiliyimizə əvəzsiz xidmət göstərmiş olarsınız, belə ki, bunu görən abxaz və osetinlər Ana Vətənin qoynuna geri qayıtmaq barədə düşüncəyə dala bilərlər!
Yoxsa ritorikcəsinə - “mən bir nəfər azərbaycanlını nazir postuna təyin etmək istəyirəm” nağılı ilə İvanişvili kimin başını yozmaq istəyirdi?! Yəni, o, doğrudanmı, özünü o qədər ağıllı və bizləri düşündüyü qədər kəmağıl sayırdı?!
Və “Gürcü Arzusu” üçün adı yaxın keçmişdə adam oğurluğunda hallanan bir svanın (dağ gürcüsü) soydaşlarımızın kompakt yaşadığı bir bölgədən deputatlığa namizədliyinin irəli sürülməsi nə dərəcədə həyati-vacib məsələ idi?! Marneulinin Qızılhacılı kəndində 8 oktyabr seçkiləri zamanı baş vermiş qarşıdurma kimlərin quyusuna su atmaq məqsədi daşıyırdı?!
Burada bəzi məqamları bir qədər açıqlayım. İlk növbədə, savadsız bir bazarkomun (Tamaz Naverianinin) parlamentdə yer almasının nə mənası vardı?! 2014-cü il bələdiyyə seçkiləri zamanı həmin T. Naveriani bir seçki məntəqəsində özünün necə əl-qol atmaq ustası olduğunu çox gözəl nümayiş etdirmişdi. Əgər parlament dəhlizlərində hansısa rəqibini fiziki güc işlətməklə “dərsini vermək üçün” belə bir qoluzorlu kimlərəsə gərəkli idisə, o zaman onu partiya siyahısından arzu olunan kürsüyə niyə əyləşdirmək istəmədilər? Və əgər parlamentdə beşinci azərbaycanlının əyləşməsini istəməyəcəkdilərsə (Ə. İmamquliyevin deputatlığa gedən yoluna çəkilən sədd-bəhanənin biri olaraq da bu amil vurğulanırdı), o zaman “Gürcü Arzusu”, tutaq ki, ən asan bir üsulla, yəni, partiya siyahısı ilə deputat seçdirilmiş soydaşımız (həm də marneulili!) Mahir Dərziyevi məşhur 36-cı dairədən majoritar namizəd irəli sürsəydilər, həmin bölgədə də məlum xoşagəlməz olaylar baş verməzdi!
YOOX! Bu gün heç kəs deməsin ki, Marneulidə nə baş verdi ki?! Burnundan uzağı görə bilməyən bəzi gürcü məmurları bölgədə mövcud iqtidara qarşı bir NİFRƏT TOXUMU səpmiş oldular. Əhməd İmamquliyevi özlərinə LİDER hesab edən (və həqiqətən də LİDERLİYƏ layiq olan namizəd!) minlərlə insanın ümid və inamını saysız təhdidlər, saxtalaşdırmalarla yerə vuran bir hakimiyyəti onların sevməyəcəkləri barədə kimsə niyə düşünmədi?! Axı, Əhmədin arxasınca yürüyən minlərlə insanın heç onda birinin hər hansı deputatlığa namizədin yanında olduğunu ən yeni ölkə tarixində kimsə görmüşdümü?! Onun deputatlığa gedən yolunu bağlamaqla gürcü dövlətçiliyinə vurulan zərbənin fəsadlarını aradan qaldırmaq, zənn etmirəm ki, hakim dairələrə asan başa gəlsin. Xüsusilə, bu gün aldadılmış və təhqir edilmiş (əksəriyyəti də gənc olan!) böyük bir xalq kütləsinin (xatırladıram – seçkinin birinci turunda Ə. İmamquliyevə 10 mindən artıq, ikinci turda isə 6372 real səs verən oldu!) sabah hansı qüvvənin yanında olacağını kim təxmin edə bilər?!
Hazırda 73 nəfər majoritar qaydada parlamentə deputat seçildi, lakin şəxsən mən (zənn edirəm ki, ölkədə həm də yüz minlər!) bu fikirdəyəm ki, onların heç biri seçicilərinin dəstəyini Ə. İmamquliyev qədər qazana bilməmişdi! Odur ki, bu seçkidə uduzan tərəf insanların həqiqi namizədi ƏHMƏD YOX, BÜTÖV GÜRCÜSTAN oldu!
P. S. Yeri gəlmişkən, Vahid Milli Hərəkat dönəmində Gürcüstanda patrul sistemini çox gözəl surətdə həyata keçirmiş Vano Merabişvili bir müsahibəsi zamanı belə söyləmişdi ki, biz güc yolu ilə Abxaziya və Cənubi Osetiyanı geri qaytarmağa cəhd etməyəcəyik, ölkədə onlar üçün daha maraqlı bir cəmiyyət qurmaqla abxaz və osetin qardaşlarımızı Qafqaz dağlarının hansı tərəfində olmağın daha sərfəli olması seçimi qarşısında qoyacağıq...
Sizcə, bu gün həmin seçim Qafqaz dağlarının hansı tərəfində qaldı?..
 
Tapdıq YOLÇU,
Şair-publisist,
Gürcüstan.