Uçot dərəcəsinin artırılması - Səbəblər...

 

 
 
Ekspertlərə görə, “qara bazar”dan yetərli nəticə olmadığından, Mərkəzi Bank bu addımı atıb
Mərkəzi Bank artıq bu il uçot dərəcəsini dördüncü dəfə qaldırıb. Ekspertlər bildirir ki, səbəb iqtisadiyyata manatın gərək olmasıdır. Yəni Mərkəzi Bank banklara manat kreditləri verməyə məcburdur. Amma kreditlərin istifadəsinə nəzarət edə bilmir.
 
Ekspert Elşad Məmmədov musavat.com-a bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsinin artırılması ilə bağlı qərarı ölkənin bank-maliyyə sektoruna nəzarət edən qurumlar tərəfindən son aylarda həyata keçirilən sərt monetar siyasətin davamı kimi  qiymətləndirilməlidir: “Belə ki, ölkədə devalvasiyalar baş verəndən sonra davamlı olaraq Mərkəzi Bank və iqtisadi bloka  aid digər müvafiq qurumlar pul kütləsinin azaldılmasına yönəlmiş sərt monetar siyasət həyata keçirməkdədir. Bu siyasətin məqsədi manat təklifinin azaldılması vasitəsi ilə milli valyutanın kursunun sabitləşməsi və möhkəmlənməsinə nail olmaqdır. Ancaq əvvəllər də bildirdiyim kimi, sərt monetar siyasət ancaq dayanıqlı inkişaf edən, güclü real sektora malik iqtisadi sistemlərdə nisbətən uzunmüddətli effekt verir”.
 
 
Ekspertin sözlərinə görə, ölkə iqtisadiyyatının hazırki durumunda sərt monetar siyasətin yalnız qısamüddətli müsbət effekti mümkündür: “Fikrimcə, Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin budəfəki kəskin artırılması onunla izah olunur ki, son həftələr ərzində  bazarda dollara tələbatın kəskin şəkildə artmasının bir səbəbi də bazara çıxarılan manatın böyük hissəsinin real sektora deyil, dolların əldə edilməsinə yönəldilməsi olub. Bu, aidiyyəti qurumlar tərəfindən maliyyə resurslarının müxtəlif spekulyativ əməliyyatlara deyil, real sektora yönəldilməsinin təmin olunmaması ilə izah olunur. Ancaq belə olan halda da vəziyyətdən çıxış yolu kimi sərt monetar siyasət deyil, pul siyasətinin effektiv tənzimləmə mexanizmlərinin tətbiqi çıxış etməlidir ki, bu da öz növbəsində maliyyə resurslarının real sektora yönəldilməsini nəzərdə tutur”.
 

 
Ekspert Samir Əliyev isə qeyd edib ki, qlobal maliyyə böhranı başlayanda Azərbaycanda uçot dərəcəsi ən yüksək həddə - 15 faiz olub: “Mərkəzi Bank qlobal böhranın Azərbaycana təsiri azaltmaq üçün 2008-ci ilin oktyabrından 2009-cu ilin mayına kimi, yəni 7 ay ərzində mərhələlərlə - 6 dəfəyə uçot dərəcəsini 2 faizə endirdi. İndi neftin ucuzlaşması səbəbindən daxili iqtisadi böhran başlayıb. Uçot dərəcəsi əvvəlcə 3,5 faizdən 3 faizə endirilsə də, bu ilin fevralından etibarən edilən artımlarda uçot dərəcəsi yenidən ən yüksək həddə - 15 faizə qaldırılıb. Hər iki addımın əsas səbəbi inflyasiya olub”.
 

 
Ekspert Əkrəm Həsənov isə bildirib ki, Mərkəzi Bank “qara bazar” əməliyyatının arxasında durduğunu dolayısı ilə etiraf edib: “Mərkəzi Bank bu il artıq 4-cü dəfədir ki, uçot dərəcəsini, yəni banklara verdiyi kreditin dərəcəsini qaldırıb. Bu, son deyil, dərəcə yenə artacaq. Diqqətimi cəlb edən isə Mərkəzi Bankın əsaslandırmasındakı bu ifadədir: “İrimiqyaslı sterilizasiya əməliyyatları həyata keçirilib”. Sterilizasiya pul kütləsinə münasibətdə onun yığışdırılması, “müsadirə” edilməsi deməkdir. Məsələn, Mərkəzi Bank son vaxtlar banklar üçün depozit hərracları keçirir, yəni bankların pulunu əmanətə qəbul edir, bununla da pul kütləsinin bir hissəsini bazar aləti vasitəsilə sterilizasiya etmiş olur. Amma məlumdur ki, həmin hərraclarda Mərkəzi Bank istədiyi qədər pul cəlb edə bilməyib, çünki banklar ona etibar etmir.
 
Bəs onda nəyə əsasən deyir ki, məhz “İrimiqyaslı sterilizasiya əməliyyatları həyata keçirilib”. “İri” hardan çıxdı, nə vaxt oldu?
 
Əslində son dövrün ən iri sterilizasiya əməliyyatı “qara bazar” əməliyyatı olub. Yəni Mərkəzi Bank süni dollar qıtlığı yaradıb və qara bazar vasitəsilə dövriyyədən əhalinin və sahibkarların xeyli vəsaiti yığışdırılıb, faktiki müsadirə edilib. Əvvəlcə onlara yüksək məzənnə ilə dollar satılıb, sonra isə aşağı məzənnə ilə onlardan həmin dollar alınıb və alınır. Beləliklə, bir daha təsdiq olundu ki, adını “irimiqyaslı sterilizasiya” qoyan bu əməliyyatda məhz Mərkəzi Bank maraqlı olub. Amma yəqin ki, “qara bazar” əməliyyatı da istənilən həcmdə nəticə verməyib. Elə buna görə də bir neçə həftə davam edirdi ki, “qara bazar” daha çox qazansın, amma ictimai qınaq və hiddət nəticəsində əməliyyata xitam verildi. O üzdən də uçot dərəcəsini birdən-birə 15 faizə qaldırdı”.