“Üç soyqırımı olub” - Roma Papası Türkiyədən əl çəkmir

Bir neçə gün öncə Ermənistanda səfərdə olarkən Türkiyənin ermənilərə qarşı soyqırımı törətdiyini iddia edən Roma Papası Fransisk yenidən bu mövzuya qayıdıb.
 Teleqraf.com xəbər verir ki, Türkiyədən gələn etirazlara rəğmən Papa yenə də hədyan danışmağa davam edib.
 Təyyarədə sualları cavablandıran Papa bir jurnalistin verdiyi “Niyə “soyqırımı” sözünü işlətdiniz, bunun barış üçün yararlı olduğunu düşünürsünüzmü” sualına belə cavab verib: “Mən hər zaman ötən əsrdə üç soyqırımı olduğunu söyləmişəm: Ermənilərə edilən, Hitlerin və Stalinin törətdikləri. Afrikada da bir dəfə soyqırımı olub, amma iki Dünya müharibəsi dönəmində bu üçü olub”.
Türkiyənin baş nazirinin müavini Nurettin Canikli isə bildirib ki, Fransiskin fəaliyyətində xaçlı zehniyyətini görmək mümkündür: “Obyektiv bir açıqlama deyil, həqiqətlərlə çuğlaşmayan fikirlərdir, bunu hamımız, ermənilərin özləri də bilir”.
 Vatikan isə N.Caniklinin açıqlamasına belə cavab verib: “Papa türk xalqı əleyhinə bir söz söyləməyib. Anlaşma arzusundan bəhs edib”.
 Xatırladaq ki, Roma Papası bu il olduğu kimi ötən il qondarma “soyqırımı”nın yüz illiyində də eyni ifadələri işlətmişdi.