“Üç ildir suyun içində yaşayırıq”- qəsəbə sakinləri fəryad etdi-FOTO+VİDEO

 
 
Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yaşayan sakinlər redaksiyamıza müraciət edərək oktyabrın əvvəlində yağan üç günlük yağışdan sonra evlərinin su basması nəticəsində yararsız hala düşməsi ilə bağlı  müraciət etmişdilər. Moderator.az olaraq sakinlərin problemləri ilə maraqlanmaq üçün metronun 20 yanvar stansiyasından çıxıb 102 saylı avtobusa minərək qəsəbəyə yollandıq. Qəsəbədə bizi qarşılayan sakinlər fəryad etdilər. Artıq üç ildir ki, hər qış evlərinin su altında qaldığını deyən sakinlər aidiyyatı qurumlara müraciət etsələr də heç bir köməklik olunmadığını bildirdilər.
 
“Üç ildir suyun içindəyik...”
 
 
 
Elə qəsəbədə yaşayan Qarabağ Şəhidimiz Aslan Aslanovun anası Balaxanım Aslanova bizi evinə dəvət edib evinin zirzəmizini çəkməyimizi xahiş etdi: “Ay oğul, nə qədər kompot bağlayıb evin zirzəmisinə yığmışdım ki, qışda içərik, amma qismət olmadı. Hamısı yağış sularının altında qaldı. Zəhmətim bada getdi. Biz Qazax rayonundanıq, oğlum. Burada torpaq alıb ev tikdik ki, guya yaxşı yaşayaq, amma üç ildir suyun içindəyik. Həyat yoldaşım İlyas xəstədir baxın öz gözlərinizlə görün”.
 
“Allah bilir nə xəstəliklərimiz üzə çıxacaq...”
 
 
 
Şəhid anasının evinə baxış keçirdikdən sonra digər sakinlərin mənzilinə daxil oluruq. Bu dəfə yenə Şəhid ailəsi ilə rastlaşırıq. Qarabağ Şəhidimiz Seymur Əzizovun həyat yoldaşı Rəhilə Əzizova iki övladı ilə qaynı Bünyat Əzizovun evində yaşadıqlarını deyir. “Həyat yoldaşım Qarabağ Şəhididir. İki övladımla qaynımın himayəsində yaşayırıq. Şəraitimiz də budur. Evin zirzəmisindən indiyə kimi su mühərriki ilə su vururuq ki, qurusun. İndi həkimə getsək, Allah bilir nə xəstəliklərimiz üzə çıxacaq. Yaşadığımız dörd otaqlı mənzildə artıq yaşamaq mümkün deyil”.
 
“Heç kimdən də kömək yoxdur...”
 
 
 
Şəhid ailəsinin qonşuluğunda olan Müşfiq Əliyev evindəki divanı həyətə qoyaraq bizi çağırır: “Baxın divan artıq islanaraq sıradan çıxıb. Dörd uşaqla bu vəziyyətdə yaşayırıq. Evin döşəməsi tamamilə sıradan çıxıb. Qapıların qırağında nəmişlikdən şiş yaranıb. Tikdiyim 100 kvadratmetr sahəsi olan dörd otaqlı evim yararsız hala düşüb. Heç kimdən də kömək yoxdur. Nə qədər yerlərə müraciət etmişik heç kim bizi qəbul etmir. Bu kanalizasiya Xocahəsən gölünə tökülür, amma qarşısında o qədər oyektlər tikiblər ki, su gedib gölə çıxa bilmir. Geri qayıtmağa məcbur olan yağış suları bizim evimizi basır. On iki ildir burda yaşayıram, amma iki ildir bu problem yaranıb”.
 
“Bunu çəkdiyimiz fotolardan da aydın görə bilərsiniz...”
 
 
 
Küçəyə baxış keçirdikdə məlum oldu ki, qəsəbədə kanalizasiya xəttləri var. Lakin son zamanlar qəsəbədə tikilən obyetktlər kanalizasiya xəttlərinin qarşısını alaraq suyun evləri basmasına səbəb olub. Küçədəki kanalizasiya xətti artıq yolu da bərbad hala salıb. Bunu çəkdiyimiz fotolardan da aydın görə bilərsiniz. Qəsəbə sakini olan ikinci qrup gözdən əlil Taleh Piriyevin də evi yararsız hala düşüb. Əşyaları sıradan çıxıb. İki övlad atası olan Taleh evdə yaşamaq mümkün olmadığından ailəsini Xırdalana anasıgilə göndərib. Qəsəbə sakinləri deyir ki, boş qalan evlərdə oğurluq baş alıb gedir. Artıq iki evdən oğurluq edilub. Küçədə demək olar ki, yağış sularının qurbanı olmayan ailə yoxdur. Yedi nəfər ailə üzvü ilə indi kirayədə yaşamağa məcbur olan Nazilə Aydəmirova da digər sakinlər kimi çıxılmaz durumdadır:
 
“İndi öz evim ola-ola məcbur olub kirayədə yaşayıram...”
 
 
 
“Oktyabrın 3-dən 4-nə keçən gecə evimizi su elə basdı ki, evdən çıxmaq mümkün olmadı. Məcbur olub Fövqaladə Hallar Nazirliyinə müraciət etdik. Nazirliyin xilasediciləri bizi gecəylə evdən təxliyyə etdilər. Evimizdə olan nə əşyalar varsa hamısı sel sularının altında qaldı. Çarpayılarımız yararsız hala düşdü. Məsələylə bağlı indiyə kimi yollardayam, amma heç kimdən bir kömək yodur. İndi öz evim ola-ola məcbur olub kirayədə yaşayıram. Çünki evdə yaşamaq mümkün deyil. Hər şeyimiz suyun altında qalıb”.
 
 
 
Sakinlər bizə hələ yağış sularının evlərini basdığı vaxtda mobil telefonla lentə aldıqları çəkilişi təqdim etdilər. Çəkilişi sizə də təqdim edirik. Görüntülərdən də məlum olur ki, yağış suları evin döşəməsindən də yuxarı qalxıb. Kameramız qarşısına keçən sakinlər isə özləri danışmaq istədiklərini bildirərək ölkə rəhbərliyindən kömək istədilər.

Загрузка...
Загрузка...