​Üç icra başçısının sərəncamı masa üstündə - Özəl detallar

 
Ölkənin üç rayonunda icra başıları yola salınır
 
Bu barədə Politika.Az-a verilən özəl məlumata görə, Sabirabad, Saatlı və Hacıqabulun icra hakimləri vəzifəsi ilə vidalaşa bilər.
 
Məlumatda qeyd olunur ki, Saatlının şefi Siracəddin Cabbarov, Sabirabadın hakimi Nazim İsmayılov və Hacıqabul rəhbəri Əhməd Muxtarovun sərəncamı masa üstündədir.
 
Onların fəaliyyəti qənaətbəxş hesab olunmayıb. Prezident Administrasiyasında gedən müzakirələrdə kadr islahatları və rayon icra hakimiyyəti strukturlarında dəyişikliklərin labüdlüyü vurğulanıb.
 
Aparılan monitorinqlər və araşdırmaların yekununda belə nəticə hasil olub ki, hər üç icra başçısının fəaliyyəti hakimiyyəti narazı salıb və bu rayonların əhalisindən çoxsaylı şikayətlər var.
 
Bir müddət öncə İlham Əliyev Nazirlər Kabinetinin toplantılarının birində bəzi nazirliklərə, icra başçılarına sərt xəbərdarlıq etmişdi. Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirmişdi.
 
Prezidentin bu çıxışından sonra gözlənilirdi ki, bir sıra nazirliklər və icra başçıları öz fəaliyyətlərində dönüş yaradacaq və sahibkarlardan müxtəlif təzyiqlərlə “haqq” almaqdan imtina edəcəklər.
 
Lakin çox təəsüf hissi ilə bildiririk ki, bir çox icra başçıları hələ də prezidentin sərt göstərişindən lazımı nəticə çıxarmayıblar.
 
Sabirabad haqda yayılan məlumata görə rayon icra başçısı Nazim İsmayılov birinci müavini Həsən Həsənovla birlikdə rayondakı büdcə təşkilatlarına və rayonda sahibkarlıqla məşğul olan insanlara aylıq “haqq” qoyublar.
 
Saatlı və Hacıqabulun hakimləri də oxşar addımlar atır. Politika.Az-a verilən özəl məlumata görə, Sabirabadda “haqq-hesab kitablarını” öz əlində tutan birinci müavin hamıya büdcə təşkilatlarından və sahibkarlardan yığdığı vəsaitləri rayonun abadlaşdırılması və tikinti işləri üçün xərcləndiyini bildirir.
 
Amma bu da bir faktdır ki, abadlıq və yenidənqurma işlərinin aparılması üçün ölkə prezidenti büdcədən, prezident fondundan və yerli icra hakimiyətinin fondundan kifayət qədər vəsait ayırır.