Təyyarə qəzasında həlak olan pilotların nəşi Bakıya gətirilib - rəsmi açıqlama

Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan “Silk Way” aviaşirkətinin “An-12” yük təyyarəsinin həlak olmuş yeddi heyət üzvünün cəsədləri bu gün Bakıya gətiriib və bundan sonra zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq. Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib.
 Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülmüşdü. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlmişdi və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşmüşdü. Təyyarənin göyərtəsində yük olmayıb.
 Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub.
 Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalmışdır. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir.
 Bundan əlavə, qəzaya uğrayan “An-12” təyyarəsinin “qara qutuları” Bakıya gətirilmişdir və onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. “Qara qutuların” oxunması ilə Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə məşğul olacaq.
 Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılmış komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirirlər.