Türkiyənin yeni baş nazirinin adı açıqlandı

Ədalət və İnkişaf Partiyasında (AKP) növbədənkənar qurultayın keçiriləcəyini 3 ay əvvəl proqnozlaşdıran “Hürriyət” nəşrinin yazarı Metexan Dəmir Türkiyənin yeni baş nazirinin adını açıqlayıb.
 Publika.az xəbər verir ki, nəşrin Ankara nümayəndəsinin sözlərinə görə, Əhməd Davudoğlunu Türkiyənin milli Müdafiə naziri İsmət Yılmaz əvəz edəcək.
 “İsmət Yılmazın adını da namizədlərin siyahısına əlavə edək. Qurultayla əlaqədar məlumatlı şəxslərdən biri mənə mesaj göndərdi. “İsmət Yılmazı da kənara qoymayın” dedi”, - Metexan Dəmir “Habertürk” kanalının efirində söyləyib.
 Qeyd edək ki, AKP-nin növbədənkənar qurultayı mayın 22-də keçiriləcək. AKP-nin sədri Əhməd Davudoğlunun əvəzləyicisi kimi Dənizçilik və Kommunikasiya naziri Binəli Yıldırım, Ədliyyə naziri Bəkir Bozdağ, Ərdoğanın kürəkəni olan Enerji və Təbii Qaynaqlar naziri Berat Albayraq, Səhiyyə naziri Məhmət Müəzzinoğlu və baş nazirin müavini Numan Qurtulmuşun adı çəkilir. Lakin Türkiyə mediası daha çox “3B formulu”na daxil edilən Binəli Yıldırım, Bəkir Bozdağ və Berat Albayrağın üzərində dayanır.