Türkiyənin yeni baş naziri: Məqsədimiz prezident üsuli-idarəsi yaratmaqdır

Bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən qurultayında partiya sədri postuna yeganə namizəd Binali Yıldırım çıxış edib.
APA xəbər verir ki, B. Yıldırım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “Böyük Türkiyənin əyilməz müdafiəçisi” kimi xarakterizə edib və onun yolu ilə getməyə davam edəcəklərini vurğulayıb.
B. Yıldırım terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini, Türkiyənin bölünməsinə yol verilməyəcəyini vurğulayıb: “Biz bu bəlanı Türkiyənin gündəmindən çıxaracağıq”.
AKP sədrliyinə namizəd paralel strukturlara (Gülən tərəfdarları) qarşı mübarizəni də davam etdirəcəyini söyləyib. 14 illik AKP iqtidarı dönəmində rəhbərlik etdiyi Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin fəaliyyətindən danışan B. Yıldırım Türkiyəyə yeni konstitusiyanı və prezident üsuli-idarəsini gətirəcəklərini bildirib: “Bu gün məqsədimiz, görməyimiz lazım olan iş bu qarmaqarışıqlığı aradan qaldırmaq və yeni Konstitusiya ilə Türkiyəyə prezident üsuli-idarəsini gətirməkdir. Yeni dönəmdə Türkiyəni iqtisadi cəhətdən dünyanın ən qüdrətli 10 ölkəsi sırasına daxil edəcəyik. Sultan Fateh Məhmət İstanbula gəmiləri sudan keçirdi. Onun nəvələri Rəcəb Tayyib Ərdoğan, Əhməd Davudoğlu, Binali Yıldırım isə suyun altında metro tikərək İstanbula xidmət edirlər”. B. Yıldırım çıxışının sonunda prezident R. T. Ərdoğan tərəfindən illərdən bəri mitinq meydanlarında oxunan “Bərabər yürüdük biz bu yollarda” mahnısının 4 misrasını salondakılarla birlikdə oxuyub.
Qeyd edək ki, AKP sədri və baş nazir Əhməd Davudoğlu 5 mayda keçirdiyi mətbuat konfransında partiya nizamnaməsinin 70-ci maddəsini rəhbər tutaraq 22 mayda fövqəladə qurultay keçirmək barədə qərar qəbul edib. Əhməd Davudoğlu 22 mayda keçirilən II fövqəladə qurultayda namizədliyini irəli sürməyib Nəqliyyat, dənizçilik və kommunikasiya naziri B. Yıldırımı qurultayın 1282 nümayəndəsi yekdilliklə AKP sədrliyinə namizəd göstərib.
AKP-nin II fövqəladə qurultayında partiyanın Mərkəzi Qərar və İcra Şurasına və digər rəhbər orqanlarına da seçkilər keçiriləcək.