Türkiyənin Rusiya ilə münasibətləri möhkəmləndikdən sonra Dağlıq Qarabağ məsələsinə təsir etmək gücü əldə edəcək — Politoloq

Türkiyə Rusiya münasibətlərinin yaxşılaşacağı ilə bağlı məlumatlar ortaya çıxdıqdan sonra Türkiyənin baş naziri Binali Yıldırım bildirdi ki, iki dövlət arasındakı münasibətlərinin düzəlməsində əsas vasitəçilərdən biri Azərbaycan prezidenti olub.
Bəzi politoloqlar bildirdi ki, Türkiyə Rusiya münasibətləri yaxşılaşdıqdan sonra rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsinin həllində daha aktiv rol oynaya bilər. Türkiyə bununla bağlı Rusiyaya müəyyən təsir göstərəcək.
Bununla bağlı politoloq Qabil Hüseyinli Ölkə.Az-a danışıb:
"İlk vaxtlar Türkiyənin Rusiyaya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diqtə edəcəyini mümkünsüz hesab edirəm. Çünki iki dövlət arasındakı münasibətlərdəki gərginlik hələ tam səngiməyib. Bir sıra qarşılıqlı sanksiyalar hələ aradan qaldırılmayıb. İki dövlət arasındakı qarşılıqlı etimad mühiti hələ tam formalaşmayıb. Nəzərə almaq lazımdır ki, Rusiya Dağlıq Qarabağ məsələsində rus millətçilərinin baxışlarına söykənən nöqtəyə dayanır. Hazırda Rusiya keçmiş SSRİ məkanında çox ambisiyalı siyasət yürüdür. Bu ambisiyalı siyasətdə ermənilərlə münasibətə çox mühüm əhəmiyyət verir. Ermənistanı bir növ özündən incik salmamağa çalışır. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hava hücumundan müdafiə sistemini ilk dəfə Ermənistanda qurur, təşkilatın hərbi akademiyasını İrəvanda açır. Ermənistanla Rusiya uzun müddətli strateji müttəfiqlik haqqında müqavilə imzaladı. Ermənistan zahirən müstəqil dövlət olsa da, Rusiyanın bir quberniyası kimidir. Belə bir şəraitdə Ermənistanın maraqlarının qorunmasında Rusiya çox həssas davranır. Bu həssas davarnma zamanı beynəlxalq qurumların, BMT-nin qərarlarını tapdalamağı da unutmur.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son təklif edilən variant Lavrovun adı ilə bağlansa da, Rusiya dövlətinin həll variantıdır. Əlbəttə ki, bu həll variantında Azərbaycanın maraqlarını təmin etməyən məsələlər kifayət qədərdir. Rusiya Ermənistanı önəmsəsə də, bu o demək deyil ki, Rusiyanı yola gətirmək mümkün olmaz.
Türkiyə Rusiya ilə münasibətlərini möhkəmləndirdikdən sonra Dağlıq Qarabağ məsələsinə təsir etmək gücü əldə edəcək. Qarabağ problemi bu gün, sabah həll ediləcəyini demək düzgün olmaz. Əsas proseslər hələ qarşıdadır. Bu proseslərin qlobal proseslərlə birləşəcəyi təqdirdə Dağlıq Qarabağ probleminin həlli üçün daha obyektiv prespektivlər açıla bilər. Bu zaman ABŞ-ın, Almaniyanın təsiri əhəmiyyətli olacaq. Rusiyaya qarşı Qərbin sərgilədiyi strategiya və taktika da Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli olacaq. Bütün dünyada və Rusiyada gedən proseslərə qarşı Azərbaycanın uğurlu xarici siyasət aparacağı təqdirdə gələcəkdə Dağlıq Qarabağ probleminin həlli üçün daha ədalətli şəraitin yaranmasına gətirib çıxara bilər.
Bizə təqdim edilən sülh variantlarını düşünmədən qəbul etməməliyik. İqtisadiyyatımızı, ordumuzu gücləndirməliyik. Düzdür, Rusiya Ermənistana silahları pulsuz verir, ancaq bundan sonra Rusiyanın özünün iqtisadi vəziyyəti imkan verməyəcək ki, Ermənistana pulsuz silah versin. Ermənistanı iqtisadi cəhəttən sıxıb, Rusiyanın bizə qarşı münasibətinin dəyişməsini gözləməliyik. Rusiya dəyişməkdədir. Rusiya Türkiyə ilə barışığa həvəslə getdi. Rusiya ABŞ-ın super dövlət olmasını Putinin dili ilə etiraf etdi.
Ümumiyyətlə ya ortaya obyektiv sülh təklifi qoyulacaq, ya da ordu gücünə torpaqlarımızı düşmən tapdağından azad etməliyik".