Türkiyənin Qarabağ prosesinə qoşulması nə verəcək? - Rəy

 
 
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə qoşula bilər
 
Politika.Az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova dolayısı ilə təsdiqləyib.
 
Rəsmi Ankaranın münaqişənin həlli ilə bağlı danışıqlarda iştirak edərsə regionda həm qardaş ölkənin geostrateji mövqelərinin güclənməsi, həm Rusiya ilə yaxınlaşmanın gətirdiyi töhfə demək olacaq.
 
Eyni zamanda Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyünün çərçivəsində həllinə impuls verə bilər.
 
Politika.Az-ın məlumatına görə, bu, müsbət tendensiyanın başlanğıcıdır. Türkiyə bu məsələdə aktivləşməlidir. Eyni zamanda, bütün regional məsələlərdə, həm Suriya, həm Ukrayna, həm də Dağlıq Qarabağ məsələsində tədricən fəallaşmalıdır. Qardaş ölkədə törədilən hərbi çevrilişə cəhd məsələsinin arxasında da əsas məqsəd Türkiyənin geosiyasi aktiv fəaliyyətinin qarşısının alınması idi.
 
Türkiyə regional ölkələrlə, xüsusilə Rusiya ilə müttəfiqliyini gücləndirməlidir. Türkiyə dövləti bu məsələdə əlini ciddi mənada daşın altına qoymalı və daha aktiv olmalıdır. Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, bununla yanaşı Rusiya Türkiyəni tədricən NATO mərkəzindən uzaqlaşdırmağa can atır:
 
“Bu da Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşması fonunda baş verə bilər. Bu səbəbdən də Rusiya Türkiyənin maraqları çərçivəsində olan Dağlıq Qarabağ probleminə onun müdaxiləsinə yol aça bilər. Əslində burada məqsəd Türkiyəni yanına çəkmək istəyidir.
 
Rusiya anlayır ki, bu gün Dağlıq Qarabağ problemində hansısa bir irəliləyiş əldə etməsə, bunu digər dünya gücləri, güc mərkəzləri etməyə çalışacaqlar. Rusiya NATO-nun son Varşava sammitində Dağlıq Qarabağ probleminin ciddi müzakirə obyektinə çevrildiyinin də şahidi oldu. Bu gün bu problem NATO-nun ekspertləri səviyyəsində müzakirə olunmaqdadır. Rusiya bunu görməmiş və bilməmiş deyil”.