Türkiyənin nikbin Qarabağ açıqlamasını Rusiya dərhal vurdu

Azərbaycan XİN-dən Putinin köməkçisinə etiraz edildi; Politoloq Şahin Cəfərli: “Rusiyanın Qarabağla bağlı Azərbaycan üçün heç də sərfəli olmayan təklifləri ortaya çıxıb”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 13-də Qarabağla bağlı maraqlı açıqlama verdi. Sitat: “Azərbaycanın 5 rayonunun qaytarılması ideyasını Rusiya bizimlə paylaşdı, biz isə dəstəklədik. Biz Qarabağ probleminin həlli üçün çox çalışmışıq. Minsk Qrupunun və Rusiyanın həmsədrləri bəzi konstruktiv təkliflər irəli sürüblər. Gündəmdə işğal olunmuş ən azı 5 rayonun Azərbaycana qaytarılması məsələsi durur. Rusiya bu təklifi paylaşdı, Türkiyə isə onu dəstəklədi. Bunu Azərbaycan tərəfi ilə də müzakirə etdik. Əgər bu cür addımlar atılsa, biz Azərbaycanın istənilən qərarını dəstəkləyəcəyik”.
 
Onun bu qədər açıq və konkret bəyanat verməsi Qarabağ məsələsinin həllində real ümid yarandığını söyləmək üçün ciddi əsas sayıla bilərdi. Lakin cəmi bir neçə saat sonra Rusiyadan verilən açıqlamadan bəlli oldu ki, boşuna ümidlənmişik. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan etdi ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanacağına dair “böyük optimizm” içərisində deyil.
 
Uşakov bunu Türkiyə xarici işlər nazirinin Moskvanın 5 rayonun azad edilməsini də nəzərdə tutan nizamlama planını tərəflərə təqdim etdiyi haqda bəyanatını şərh edərkən deyib: “Mən deməzdim ki, biz Qarabağ münaqişəsinin yaxın vaxtlarda həllinə dair böyük optimizm içərisindəyik. Bununla belə, İrəvan və Bakı ilə işi israrla davam etdiririk”.
 


 
Azərbaycan Xarici İşlər Nazirliyi Uşakovun bu bəyanatına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlaması təəccüb və təəssüf doğurur: “Uşakovun bu açıqlaması prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlara ziddiyyət təşkil edir. Həmçinin bu açıqlama Rusiyanın xarici işlər naziri Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə uyğun gəlmir. Azərbaycan dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarıdır. Substantiv danışıqlar qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir”.
 
Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ dövlət katibi Con Kerri də “Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələdə həlli mümkün görünmür” bəyanatını vermişdi.
 
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a şərhində bildirdi ki, Y.Uşakovun açıqlamaları Rusiyanın Qarabağla bağlı təkliflərini Azərbaycanın qəbul etmədiyini göstərir. Eyni zamanda aydındır ki, Ermənistan da hər hansı güzəştə hazır deyil: “Con Kerri də bu yaxınlarda buna işarə etmişdi. Beləliklə, uğursuz danışıqlar prosesinin qısamüddətli aprel müharibəsindən sonra başlamış daha bir mərhələsi başa çatır.  Çavuşoğlunun açıqlaması isə yalnız Türkiyənin xoş niyyətini və arzusunu ifadə edir. Türkiyə Azərbaycan ərazilərinin işğaldan azad olunmasını, ölkəmizlə Ermənistan arasında sülh əldə olunmasını istəyir. Bu, öz növbəsində Türkiyənin də Ermənistanla münasibətlərinin istiləşməsinə əsas yaradacaq, sərhədlər açılacaq, əlaqələr inkişaf edəcək. Lakin Türkiyə münaqişənin həlli prosesində iştirak etmir və Minsk Qrupunun üzvü olsa da, danışıqlar prosesinə ciddi təsiri yoxdur. Bu səbəblə Çavuşoğlunun açıqlamasının reallıqla əlaqəsi olmadığını düşünürəm. Uşakovdan əvvəl Rusiyanın Ermənistandakı səfiri təkziblə çıxış etdi və həll prosesi ilə yalnız həmsədr ölkələrin məşğul olduğunu bəyan etməklə, Türkiyənin bu məsələyə qarışmasının əleyhinə olduqlarına işarə vurdu.
 

 
Uşakovun açıqlamasına gəldikdə isə, bu, onu göstərir ki, aprel döyüşlərindən sonra barışdırıcılıq missiyasını tamamilə öz üzərinə götürən Rusiyanın cəhdi iflasa uğrayıb. Məncə, Moskvanın irəli sürdüyü təkliflər Azərbaycan tərəfindən məqbul sayılmayıb və rəsmi Bakının gözləntilərinə uyğun olmayıb. Lavrov açıq mətnlə bildirmişdi ki, Moskva Azərbaycanın Avrasiya İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasını istəyir. Bu açıqlama o mənaya gəlirdi ki, Azərbaycan həmin inteqrasiya layihələrində iştirak edərsə, münaqişənin həllində onun maraqları nəzərə alınacaq. Yəni Azərbaycan və Ermənistan SSRİ dövründəkinə bənzər şəkildə Moskvanın hegemonluğu altında eyni iqtisadi məkanda və eyni təhlükəsizlik strukturunda yer alsalar, problemin həlli xeyli asanlaşacaqdı. Belə görünür ki, Azərbaycan rəhbərliyi Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq barədə Moskvanın gözləntisinə adekvat cavab verməyib, nəticədə Rusiyanın Qarabağla bağlı Azərbaycan üçün heç də sərfəli olmayan təklifləri ortaya çıxıb".
 
Ş.Cəfərlinin sözlərinə görə, danışıqlarda ciddi irəliləyiş əldə olunmamasının və Uşakovun məlum açıqlama ilə çıxış etməsinin digər səbəbi isə Ermənistanın mövqeyi ilə əlaqədardır: “Sərkisyan rejimi güzəştlərə getmək istəmədi, Rusiya isə bu məsələdə ona ciddi təzyiq etmədi. Çünki Sərkisyanın güzəştləri Ermənistanda daxili siyasi gərginliyin artmasına, hətta çevrilişə və ya inqilaba səbəb ola bilərdi. Bu ehtimalın Rusiyanı qorxutduğunu düşünürəm. Ermənistanda xaosun yaranması Rusiyanın maraqlarına uyğun deyil, çünki xaos durumunda proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir. Bundan başqa, Sərkisyanı layiqincə əvəz edəcək rusiyayönümlü güclü fiqur tapıb önə çıxarmaq da asan məsələ deyil. Hesab edirəm ki, bu səbəblərə görə Moskva Sərkisyana təzyiq göstərərək onu güzəştlərə vadar etmək fikrindən daşınıb.
 
Bundan başqa, qlobal geosiyasətdə baş verən son prosesləri də nəzərdən qaçırmayaq. Suriya məsələsində ABŞ-Rusiya əməkdaşlığının dayanması iki böyük dövlət arasında gərginliyi son həddə çatdırıb. Bu gərginliyin Qarabağ münaqişəsinin həlli prosesində ABŞ-Rusiya-Fransa əməkdaşlığına neqativ təsirini istisna etmək olmaz".(musavat.com)