“Türkiyənin bu addımı aparıcı dövlətlər üçün də çəkindirici amil ola bilər”

Fikrət Sadıqov: “Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır”
 
 
Türkiyə prezidentinin Bakıya gözlənilən səfəri zaman-zaman gündəmə gəlsə də, reallıqda öz əksini tapmayan bir məsələnin – Naxçıvanda türk hərbi bazasının yaradılması məsələsini yenidən aktuallaşdırıb.
 
Maraqlıdır, belə bir addımın atılması Azərbaycan və Türkiyənin maraqları baxımından nə dərəcədə məqsədəuyğun olardı?
 
Moderator.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bunun hər iki ölkənin maraqlarına cavab verdiyini vurğuladı:
 
“Naxçıvanda Türkiyənin hərbi bazasının açılması nəinki Ermənistan, hətta aparıcı dövlətlər üçün də çəkindirici amil ola bilər. Naxçıvan anklav şəraitindədir. Onun coğrafi mövqeyi bəzi təhlükələr yaradır. Ermənistan əsrlər boyu Naxçıvana olan iddiasını gizlətməyib. Bu gün də o iddialar öz qüvvəsində qalır. Bir ara sərhəd zonasında ermənilər təxribatlara da cəhd edirdi. Doğrudur, düşmənə adekvat cavab verildi, lakin ermənilərin bu torpaqlara iddiası şübhəsizdir. Bu baxımdan Naxçıvanda belə bir bazanın açılması həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına cavab verir. Çünki Türkiyə də regionda öz mövqeyini gücləndirməkdə maraqlıdır.
Azərbaycanın Türkiyə ilə münasibətləri müttəfiqlik münasibətidir. Türkiyə prezidentinin səfəri zamanı həm hərbi-texniki, həm iqtisdi, həm enerji, həm də digər məsələlərin müzakirəsi gözləniləndir. Zənnimcə, bunların içərisində ən önəmlisi regional təhlükəsizlikdir. Biz bu məsələdə hər zaman Türkiyə ilə birik və bir-birimizin yanındayıq”.

Загрузка...
Загрузка...