Türkiyənin 65-ci hökumətində kimlər olacaq? - İstefaya gedənlər, vəzifəyə gələnlər (Siyahı)

Türkiyədə AKP-nin yeni sədri və baş nazirinin adı müəyyənləşdikdən sonra, yeni qurulacaq hökumətin tərkibi məsələsi gündəmə gəlib.
Turaninfo.az Türkiyənin "Akşam" qəzetinə istinadən xəbər verir ki, bir həftə ərzində yeni kabinetin tərkibi açıqlanacaq.
Məlumatlara görə, AKP-nin quracağı yeni hökumətdə ciddi dəyişikliklər gözlənilmir. Əsasən bir neçə nazirin dəyişdirilməsi gözlənilərkən, əsas yeniliyin nazirlərin yer dəyişiklikləri ilə bağlı olacağı qeyd edilir.
Qəzetin AKP-dəki mənbələrdən əldə etdiyi məlumata görə, qurulacaq 65-ci hökumətə  baş nazirin müavini Lütfi Elvan, Gömrük və Ticarət naziri Bülənt Tüfəngçi, Ətraf mühit və Şəhərsalma naziri Fatma Güldemet Sarı və Ailə və Sosial Siyasətlər naziri Səma Ramazanoğlu daxil edilməyəcək. Xarici işlər naziri vəzifəsində Mövlud Çavuşoğlunun qalacağı da, bu vəzifəyə Ömər Çelik və ya Volkan Bozkırın gətiriləcəyi də iddia edilir.
Məlumatlara görə, yeni kabinetdə qadın tarazılığı bərpa olunacaq, yəni hökumətə daxil edilməyən qadın nazirlərin əvəzinə qadınlar təyin olunacaq. Bununla yanaşı, Nürəddin Canikli və Mustafa Şentopun da yeni kabinetdə təmsil olunacağı bildirilir.
 Yeni hökumətdə iqtisadiyyata cavabdeh kim olacaq?
 Məlumdur ki, Türkiyədə müəyyən sahələrə rəhbərlik baş nazirin müavinlərinə həvalə olunur. İddialara görə, iqtisadiyyata cavabdeh yenə də baş nazirin müavini Mehmet  Şimşək olacaq. Lakin bunun əksini söyləyənlər də var. Ölkənin iqtisadiyyatının Zeybəkçi, ya da Berat Albayraqa həvalə ediləcəyini də iddialar arasındadır.
 Baş nazirin müavinləri
Qəzetin yazdığına görə, baş nazirin müavinləri arasında da ən azı iki dəyişkiliyin olması gözlənilir. Ədliyyə naziri vəzifəsinə Mustafa Şentopun təyin ediləcəyi halda, Bəkir Bozdağın baş nazirin müavini vəzifəsinə gətirilməsi planlaşdırılır. Mustafa Eltaşın da baş nazirin müavini təyin olanacağı gözlənilir.